Fransanın Marsel şəhərində narkotik alveri ilə bağlı artan zorakılıq artıq təkcə kriminal problem deyil, ölkənin siyasi gündəmini dəyişən əsas amillərdən birinə çevrilib. Şəhərdə təhlükəsizlik məsələsi bələdiyyə seçkilərinin əsas mövzusuna çevrilib və bu proses 2027-ci ildə keçiriləcək prezident seçkilərinə də ciddi təsir göstərə bilər.
"Ölkə.az" xəbər verir ki, bu barədə “Politico” saytının əməkdaşı Viktor Quri Laffontun yazısında deyilir.
Müəllifin yazdığına görə, son aylarda narkotik ticarətinin geniş yayıldığı ərazilərdə silahlı qarşıdurmalar, qətllər və hücumlar adi hala çevrilib. Hətta Marselin tanınmış şirkətlərindən biri olan “Orange” təhlükəsizlik səbəbindən minlərlə əməkdaşını evdən işləməyə göndərməyə məcbur qalıb. Şirkətin yerləşdiyi ərazidə vəziyyətin nəzarətdən çıxması şəhərdəki real təhlükənin göstəricisi kimi qiymətləndirilir.
Keçirilən sorğular göstərir ki, Marsel sakinlərini ən çox narahat edən məsələ təhlükəsizlikdir. İnsanlar axşam saatlarında küçəyə çıxmaqdan çəkinir, şəhər mərkəzinə getməkdən imtina edir.
Mərkəzçi sağçı namizəd Martin Vassalın sözlərinə görə, sakinlər artıq özlərini şəhərdə rahat hiss etmirlər:
“İnsanlar qorxudan şəhərin mərkəzinə getmədiklərini deyirlər”.
Siyasi müşahidəçilərin fikrincə, Marsel bu gün bütün Fransada mövcud olan problemlərin kiçik modeli sayılır. Şəhərdə bir tərəfdə yoxsul, çoxmillətli məhəllələr, digər tərəfdə isə varlı və son illərdə ifrat sağa meyillənmiş ərazilər yerləşir. Siyasi mərkəzin mövqeyi isə getdikcə zəifləyir.
Hazırkı mer Benua Payan seçkilərdə az fərqlə öndə olsa da, ifrat sağçı “Milli Birlik” partiyasının namizədi Frank Allisio onu yaxından izləyir. Hər iki namizədin reytinqi 30 faizə yaxındır.
Marseldə bir çox siyasətçi və sakin hesab edir ki, mərkəzi hökumət şəhərin problemlərinə laqeyd yanaşmasından gileylənir.
Frank Allisio bildirir ki, Paris Marselə yalnız vədlər verir:
“Bizi ziyarət edib söz verirlər, amma o pulların gəlib-gəlməyəcəyi bəlli olmur”.
2025-ci ilin noyabrında 20 yaşlı Mehdi Kessacinin qətlə yetirilməsi şəhərdə böyük sarsıntı yaradıb. Bu hadisədən sonra prezident Emmanuel Makron və bir neçə nazir Marselə səfər edərək cinayətkarlığa qarşı sərt tədbirlər elan ediblər.
Yerli fəallar bildirirlər ki, problemi yalnız güc yolu ilə həll etmək mümkün deyil.
Marseldə işsizlik, yoxsulluq, köhnə binalar və sosial xidmətlərin zəifliyi gəncləri cinayət aləminə sürükləyən əsas səbəblərdən sayılır.
Ekspertlər qeyd edirlər ki, polis və məhkəmə sisteminin əsas hissəsi mərkəzi hakimiyyətin nəzarətindədir. Bu səbəbdən Marselin taleyi böyük ölçüdə Parisdə veriləcək qərarlardan asılıdır.
Mütəxəssislərin fikrincə, Marseldəki seçkilər Fransanın gələcək siyasi kursunun müəyyənləşməsində mühüm rol oynayacaq.(musavat.com)