Qış fəslinin gəlişi ilə birlikdə uşaqlarda burun axıntısı və boğaz ağrısı halları daha tez-tez müşahidə olunur.
Soyuq hava, qapalı məkanlarda uzun müddət qalmaq və immun sisteminin zəifləməsi bu problemlərin artmasına səbəb olur. Xüsusilə məktəbəqədər və məktəb yaşlı uşaqlar mövsümi infeksiyalara daha həssas olurlar. Valideynlər üçün bu dövrdə uşaqların sağlamlığının qorunması xüsusi diqqət tələb edir.
Pediatr Mətanət Əliyeva Hit.az-a açıqlamasında bildirib ki, burun axıntısının forması xəstəlik haqqında ilk siqnal kimi qəbul olunmalıdır:
"Daha çox körpələrdə təmizlənməsi çətinlik yaradan bir burun axıntısı bəsit virus infeksiyalarının sağalma dönəmində rast gəlinir. Kiçik uşaqlar yad cisimlərlə oynayan zaman burunlarının içinə müxtəlif əşyalar sala bilirlər. Ona görə də təktərəfli burun axıntısı olan zaman bunun bir yad cisimdən qaynaqlandığı da ehtimal olunmalıdır".
Həmsöhbətimiz əlavə edib ki, burun axma ilə yanaşı, gecə xoruldamalar, burun tıxanıqlığı, iltihablanmış və böyümüş adenoid kimi problemləri nəzərə almaq lazımdır:
"Ümumiyyətlə, burun axması iltihab əlamətidir. Uzunmüddətli şəffaf selik mədə-bağırsaq sisteminin selikli qişasının zədələnməsini də göstəricisi sayılır. Uzun müddət burun axması olan uşaqlarda tez-tez burun qanamalarını da qeydə alınır. Ona görə diqqətli olmaq lazımdır".
Günel