Dünən günorta saat 15.00-da Bakını tərk edən “Qarabağ” gecə saatlarında İngiltərəyə çatdı.
Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turu çərçivəsində “Liverpul”la qarşılaşacaq komandanı səfərdə onlarla azarkeş qarşıladı. Həmin anlardan yayılan videolarda xüsusən azyaşlıların baş məşqçi Qurban Qurbanova sevgisinə şahidlik etdik. Mütəxəssis onlarla xatirə şəkli də çəkdirdi. Elvin Cəfərquliyev yenə səhnədə idi. “Ayntraxt”la oyundan sonra “Başuvaaa...” sözüylə trend olan futbolçu İngiltərədə də azarkeşlərdən həmin ifadəni eşitdi, dedi-güldü, zarafatlaşdı. Kəsəsi, görüntülərdə çətin rəqiblə duelə hazırlaşan “köhlən atlar”da ab-havanın qaydasında olduğunu izlədik.
Klubun Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev də “Football-plus.az”a açıqlamasında hər şeyin qaydasında, adı ÇL-nin iştirak ərizəsində olan bütün futbolçuların Liverpulda olduğunu bildirdi.
Və təbii ki, Qurban Qurbanov matçdan əvvəl media nümayəndələrinin suallarını cavablayacaq. Baş məşqçisinin mətbuat konfransı bu gün Bakı vaxtıyla saat 22.30-da keçiriləcək. Komandanın açıq məşqi isə saat 23.00-da olacaq.
Xatırladaq ki, sabahkı “Liverpul” – “Qarabağ” oyunu saat 00.00-da başlayacaq.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta