AZ

ABŞ Paris İqlim Sazişindən rəsmi şəkildə çıxdı

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyinin məlumatına görə, ABŞ-nin Paris İqlim Sazişindən çıxmaqla bağlı qərarı bu gün qüvvəyə minib.

NOCOMMENT.az xəbər verir ki, qərar ABŞ tərəfindən BMT-yə rəsmi bildirişin təqdim olunmasından düz bir il sonra icraya başlanıb. Bu barədə “Deutsche Welle” xəbər yayıb.

ABŞ Prezidenti Donald Tramp 2025-ci ilin yanvarında – yeni inauqurasiyası günü Paris Sazişindən çıxmaq haqqında sərəncam imzalayıb. Saziş qlobal istiləşmənin qarşısının alınması və iqlim dəyişikliyinin ən dağıdıcı fəsadlarının məhdudlaşdırılması məqsədi daşıyır.

ABŞ-ninn sazişdən çıxması ölkənin artıq istixana qazı emissiyalarının azaldılması üzrə öhdəlikləri öz üzərinə götürməməsi deməkdir. Eyni zamanda Amerika nümayəndə heyətibeynəlxalq iqlim konfranslarında iştirakını dayandıracaq. Bu addım həm də yoxsul ölkələrə iqlim dəyişikliklərinə uyğunlaşma və onun nəticələrindən qorunma sahəsində ayrılan maliyyə yardımlarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq.

ABŞ dünyada istixana qazı tullantılarına görə Çindən sonra ikinci ən böyük mənbə hesab olunur. BMT-nin qiymətləndirmələrinə əsasən, hazırkı qlobal iqlim siyasəti davam edərsə, əsrin sonuna qədər Yer kürəsində orta temperatur sənayeöncəsi dövrlə müqayisədə təxminən 2,8 dərəcə artacaq. ABŞ-ın Paris Sazişindən çıxması bu göstəricini əlavə olaraq təxminən 0,1 dərəcə yüksəldə bilər.

Bu, Trampın prezidentliyi dövründə ABŞ-nin Paris İqlim Sazişindən ikinci dəfə çıxmasıdır. Onun ilk prezidentlik müddətində də ABŞ sazişi tərk etmiş, lakin Co Bayden administrasiyası dövründə yenidən razılaşmaya qoşulmuşdu.

Bundan əvvəl Tramp administrasiyası BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasından da çıxmaq və İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Ekspertlər Qrupunun (IPCC) fəaliyyətində iştirakını dayandırmaq niyyətini açıqlamışdı.

Seçilən
29
nocomment.az

1Mənbələr