AZ

Bazarlarda alıcılıları belə aldadırlar İran boyası bu dəfə kələm turşusunda VİDEO

Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.

Son günlər sosial şəbəkələrdə yayılan görüntülər bazarlarda satılan kələm turşularının hazırlanma üsulu ilə bağlı ciddi narahatlıq yaradıb. İddialara görə, məhsulun qısa müddətdə qırmızı rəng alması üçün İrandan gətirilən süni boyalardan istifadə olunur və nəticədə kələm cəmi üç gün ərzində “hazır turşu” formasını alır.

Məsələ ilə bağlı Bakupost.az-a açıqlamasında qida eksperti Fərid Səfərov bildirib ki, bu cür hallar ciddi narahatlıq doğurur. Onun sözlərinə görə, kələm turşusu normalda təbii fermentasiya yolu ilə hazırlanır və bu proses daha uzun müddət tələb edir:

“Kələm turşusu fermentasiya yolu ilə hazırlanan ənənəvi məhsuldur və onun 3 günə hazır olması artıq suallar yaradır.

Normal şəraitdə kələm turşusu duzun təsiri ilə təbii fermentasiya prosesindən keçir, süd turşusu bakteriyaları tədricən çoxalır, tam dad, qoxu və təhlükəsiz turşu üçün ən azı 10–20 gün lazımdır.

Ekspert qeyd edib ki, iddia edilən “tez yetişdirən boya” ilə bağlı əsasən üç ehtimal mövcuddur:

– Qida boyaları. Bəziləri qida üçün icazəlidir, bəziləri isə texniki və ya sənaye boyalarıdır.

– Kimyəvi turşular və sürətləndiricilər. Təbii fermentasiyanı imitasiya edir. Amma mikrobioloji təhlükəsizliyi təmin etmir.

– Naməlum tərkibli qarışıqlar. Mənşəyi və təsiri bilinməyən maddələr. Ən riskli variant da budur. Xüsusilə “3 günə hazırdır” ifadəsi təbii proses olmadığını göstərir”.

Onun sözlərinə görə, bu maddələrin istifadəsi insan sağlamlığı üçün təhlükə yarada bilər:

“Əgər istifadə olunan maddə icazəsiz boya və ya kimyəvidirsə, risklər realdır.

– Mədə-bağırsaq pozğunluqları (şişkinlik, ishal, ağrı).

– Allergik reaksiyalar.

– Qaraciyər və böyrəklərə əlavə yük.

– Uzunmüddətli istifadədə toksiki təsirlər.

Ən təhlükəli tərəfi isə odur ki, bu məhsullar xarici görünüşcə “normal” təsir bağışlayır, amma qida təhlükəsizliyi baxımından zəmanət yoxdur”.

Ekspert bildirib ki, istehlakçılar aşağıdakı hallarda ehtiyatlı olmalıdır:

– Çox qısa müddətdə kəskin və “oturmuş” qırmızı rəng.

– Turşunun dadının qeyri-təbii, sanki sirkə kimi olması.

– Fermentasiya qoxusunun zəif və ya ümumiyyətlə olmaması.

– Açıq bazarda, etiket və mənşə məlumatı olmayan məhsullar.

Belə hallarda həmin turşunu almaq məsləhət deyil”.

Fərid Səfərov vurğulayıb ki, 3 günə hazır olan kələm turşusu təbii hesab edilə bilməz:

“Əgər rəng və turşuluq kimyəvi müdaxilə ilə əldə edilirsə, bu artıq qida təhlükəsizliyi riski yaradır. Bu tip “tez hazır” məhsullar qısa müddətdə problem yaratmaya bilər, amma mütəmadi istehlak üçün təhlükəlidir”.

Xatırladaq ki, bir müddət əvvəl İranda portağalların narıncı rəngə boyanması ilə bağlı sosial şəbəkələrdə videolar yayılmışdı. Bu hadisədən sonra açıqlama verən AQTA bazarlarda yoxlamalara başlamışdı.

Lalə Novruz, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
www.bakupost.az

1Mənbələr