AZ

Plan yerləri və qəbul balları magistratura tələbatını təsir edir

Statistik rəqəmlər göstərir ki, bu il magistratura təhsili almaq istəyən bakalavrların sayında 853 nəfərlik artım müşahidə olunur. Bu isə müəyyən suallar doğurur.

Artımın səbəbi ötən il magistraturada plan yerlərinin çox qalması və qəbul ballarının əvvəlki illərlə müqayisədə daha aşağı olması ilə əlaqədardırmı? Başqa sözlə, bakalavrlar bu il magistraturaya qəbul şanslarının daha yüksək olduğunu düşünərək müraciət sayını artırıblarmı?

AzEdu.az-a mövzu ilə bağlı elm və təhsil eksperti Səbuhi Abdullayev açıqlama verib. 

O, qeyd edib ki, bu artım müəyyən qədər tələbatın, yəni qəbul üçün rəqabətin artmasına təsir göstərə bilər:

"Xüsusilə qeyd edim ki, ötən illə müqayisədə statistika təqribən bir-birinə yaxındır. Burada təxminən 853 nəfərlik artım müşahidə olunur. Təbii ki, bu artım ilk növbədə bakalavrların sayının əvvəlki illərlə müqayisədə artması ilə əlaqədardır.

Yəni bir il əvvəl bakalavr səviyyəsinə qəbul olunanların sayının çoxalması hazırkı göstəricilərə də öz təsirini göstərir. Bu baxımdan, burada çox ciddi və kəskin bir artımdan söhbət getmir.

Bu artım müəyyən qədər tələbatın, yəni qəbul üçün rəqabətin artmasına təsir göstərə bilər. Lakin düşünürəm ki, 853 nəfərlik fərqi ümumi ixtisasların sayına böldükdə, bu artım ciddi şəkildə hiss olunmayacaq.

Eyni zamanda bu məsələ plan yerlərinin artırılması və xaricdə oxumaq üçün yaranan maliyyə çətinliklərini də nəzərə alsaq bu artım gözlənilən idi". 

Seçilən
26
azedu.az

1Mənbələr