AZ

Türkiyə İrandan böyük qaçqın dalğasına hazırlaşır...



İrana hər hansı müdaxilə olarsa, orada sabitlik pozularsa, miqrantların Türkiyəyə girişini önləmək üçün İran-Türkiyə sərhədi boyunca bufer zonanın yaradılması zəruri olacaq. Türkiyə mediası yazır ki, bunu ölkənin Xarici İşlər Nazirliyi (XİN) parlamentin Xarici Əlaqələr Komitəsinin üzvlərinə bildirib.

Türkiyə XİN qapalı iclasda Yaxın Şərqdəki son proseslər, xüsusilə İran və Suriya ilə bağlı durum haqda deputatları məlumatlandırıb, Ankaranın hər bir vəziyyət üçün A, B və C planlarının olduğunu bildirib. Məlumatı rəsmi mənbələrə tez-tez istinad edən "Turkiye Today" ingilisdilli xəbər saytı yayıb. Bildirilir ki, görüşdə rəsmilər Türkiyənin regional ölkələrə hər hansı müdaxiləni və ya regionda sabitliyin pozulmasını müsbət qarşılamadığını, eyni zamanda bütün ssenarilərə hazırlaşdığını vurğulayıblar. Rəsmilərin dediyinə görə, miqrasiya baş verərsə, gələnlərin İran tərəfdə qalmasını təmin etmək üçün bufer zonanın yaradılmasına ehtiyac var. XİN təmsilçiləri deputatlara İrandakı son etirazlarda itkilərlə bağlı rəqəmləri də təqdim ediblər. Onların bildirdiyinə görə, iğtişaşlar zamanı 4 mindən çox insan həlak olub, təxminən 20 min nəfər yaralanıb. Türkiyə əvvəllər Suriyanın cənub sərhədi boyunca bufer zonalar yaradıb. O zaman məqsəd Suriyada vətəndaş müharibəsinin səbəb olduğu təhlükəsizlik və miqrasiya problemlərini nəzarətdə saxlamaq idi. Hesab olunur ki, sərhədlərin bağl olmasıan rəğmən, Azərbaycan da irandan mümkün qaçqın dalğasına hazır olmalıdır. Çünki ABŞ və İsrailin bu ölkəyə zərbə ehtimalı artır.

Indi Iranda vəziyyət gərgin olaraq qalır. "Time" jurnalı İranda etirazlarda azı 30 min nəfərin öldürülməsi ehtimalından yazıb. İranın iki aparıcı səhiyyə rəsmisinə istinadla yayılmış məlumatda ölümlərin əsasən yanvarın 8-9-da baş verdiyi qeyd olunur. Davamlı senzura, internetə məhdudiyyətlər ölü sayını müstəqil dəqiqləşdirməyə imkan vermir.İran Ali Milli Təhlükəsizlik Şurası isə ötən həftə rəsmi ölü sayının 3 min 117 olduğunu bildirib. BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, öldürülən dinc sakinlərin sayı 20 mini keçə bilər. Tehrandakı Fərabi xəstəxanasının başçısı Qasım Fəxrayi deyib ki, yanvarın 9-da gözündən güllə xəsarəti almış pasiyentlərin sayı minə çatıb. Öncəki günlər onların sayı 55-ə yaxın idi. 200-dək yaralı digər xəstəxanalara aparılıb. Xəbəri yarırəsmi ISNA xəbər agentliyi yayıb. İnternetin bağlanmasının iqtisadi təsiri isə artır. İran-Çin Ticarət Palatasının rəhbəri Məcidrza Həriri deyib ki, tacirlərə gündə internetə cəmi 20 dəqiqəlik çıxışa icazə verilib, amma bu, biznes fəaliyyəti üçün yetərli deyil. İranın Kompüter Ticarəti Təşkilatının rəhbəri Əli Hakim-Cavadinin dediyinə görə, internetin kəsilməsi gündəlik 20-30 trilyon rial (hazırkı azad bazar məzənnəsi ilə 18-28 milyon dollar) həcmində itkilərə səbəb olur. Müəllimlərin Həmkarlar İttifaqları Koordinasiya Şurası etirazlarda öldürüldüyü bildirilən 40-dan çox tələbənin adlarını dərc edib. Şura bilgiləri etibarlı mənbələrdən aldığını açıqlayıb. Qurum siyahının mərhələli şəkildə yenilənəcəyini vurğulayıb. İranın yüksəkrütbəli sünni din xadimi zorakılığı pisləyib. Zahidan şəhərinin cümə namazı imamı Moləvi Əbdülhəmid qətlləri "sistemli qırğın" adlandırıb: "Bu faciə İran xalqı ilə hakim quruluş arasında dərin və bərpaolunmaz bir uçurum yaradıb".

Tahir TAĞIYEV

Seçilən
7
baki-xeber.com

1Mənbələr