AZ

Dövlət Neft Fondunun beşillik performansı və uzunmüddətli yanaşmanın effektivliyi

Qlobal maliyyə bazarlarının son illərdə üzləşdiyi volatillik, enerji qiymətlərində kəskin dalğalanmalar və artan geosiyasi risklər fonunda Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF / SOFAZ) özünü dayanıqlı idarə olunan, risklərə davamlı və strateji düşünən suveren sərvət fondu kimi möhkəmləndirib. Xüsusilə 2020-2025-ci illəri əhatə edən dövr Fondun inkişaf trayektoriyasında keyfiyyətcə yeni mərhələ kimi qiymətləndirilə bilər.

Bu dövr ərzində ARDNF aktivlərinin həcmini artırmaqla kifayətlənməyib, eyni zamanda investisiya portfelinin strukturunu dəyişərək onu daha balanslaşdırılmış, inflyasiyaya və qlobal şoklara davamlı hala gətirib. Fondun fəaliyyəti həm yerli fiskal dayanıqlıq, həm də beynəlxalq maliyyə institutları üçün etibarlı bufer rolunu oynayıb. Rəqəmlər də bunu təsdiqləyir.

Belə ki, 2020-ci ildə ARDNF-in aktivləri 43,6 milyard ABŞ dolları səviyyəsində olduğu halda, 2025-ci ilin sonuna bu göstərici 73,5 milyard ABŞ dollarına çatıb. Bu, cəmi beş il ərzində təxminən 30 milyard ABŞ dolları və ya 68,8% artım deməkdir ki, suveren sərvət fondları üçün olduqca yüksək dinamika hesab olunur.

İl

ARDNF-nin aktivləri (milyon ABŞ dolları)

2020

43 564,3

2021

45 025,1

2022

49 033,6

2023

56 069,7

2024

60 031,4

2025

73 541,5

Cədvəldən də göründüyü kimi, xüsusilə diqqətçəkən məqam odur ki, təkcə 2025-ci il ərzində Fondun aktivləri 2024-cü ilə nisbətən 22,5% artıb. Bu göstərici qlobal miqyasda fəaliyyət göstərən bir çox suveren fondların orta illik artım tempini əhəmiyyətli dərəcədə üstələyir və ARDNF-in bazar şəraitinə çevik uyğunlaşma qabiliyyətini nümayiş etdirir.

ARDNF 2025-ci ildə də dövlət maliyyəsinin əsas dayaqlarından biri kimi çıxış edib. İl ərzində Fondun ümumi gəlirləri 37,6 milyard manat, büdcə xərcləri 14,6 milyard manat, dövlət büdcəsinə transfertləri isə 14,48 milyard manat təşkil edib.

İl

ARDNF-nin büdcə gəlirləri (milyon manat)

ARDNF-nin büdcə xərcləri (milyon manat)

Dövlət büdcəsinə transfertləri (milyon manat)

2020

9 360,8

12 425,3

12 200,0

2021

15 985,6

11 382,7

11 350,0

2022

9 586,0

4 699,0

7 923,0

2023

21 661,9

11 832,6

11 737,6

2024

18 039,0

12 896,4

12 781,0

2025

17 160,4

14 627,2

14 481,0

Bu göstəricilər Fondun büdcə qarşısında öhdəliklərini tam, vaxtında və risk yaratmadan yerinə yetirdiyini göstərir. Son beş ildə dövlət büdcəsinə edilən transfertlərin həcmi 18,7% artaraq 2025-ci ildə rekord səviyyəyə yüksəlib. Bu isə ARDNF-in təkcə sərvət yığımı deyil, eyni zamanda makroiqtisadi sabitliyin qorunması baxımından da strateji rol oynadığını təsdiqləyir.

Beşillik dövr üzrə ARDNF-nin 10,6 milyard ABŞ dolları həcmində investisiya gəliri əldə etməsi və ya orta illik gəlirliliyin təxminən 4% səviyyəsində formalaşması, Fondun qısamüddətli bazar dalğalanmalarına deyil, uzunmüddətli və balanslaşdırılmış strategiyaya əsaslandığını təsdiqləyir. Bu yanaşma həm mənfi bazar illərini, həm də bazar bərpa mərhələlərini əhatə edərək, portfelin davamlılığını qoruyub saxlamışdır.

2025-ci ildə ARDNF-in investisiya portfeli üzrə illik gəlirlilik göstərici isə 6,2% təşkil edib. Bu gəlirlilik səviyyəsi nəticəsində Fond 6,9 milyard manat, yəni təxminən 4 milyard ABŞ dolları həcmində investisiya gəliri əldə edib. Daha önəmli məqam isə son beş ildə investisiya portfelinin strukturunda baş verən dəyişikliklərdir. Fond klassik konservativ yanaşmadan uzaqlaşaraq daha balanslaşdırılmış modelə keçid edib. Fondun son 5 ilin investisiya portfeli üzrə strukturuna nəzər salaq:

Aktiv növü

2020

2025

İstiqrazlar və pul bazarı alətləri

63,8%

29,8%

Səhmlər

15,9%

25,6%

Daşınmaz əmlak və infrastruktur

6,1%

6,4%

Qızıl

14,2%

38,2%

Cədvəldən göründüyü kimi, ARDNF-in investisiya portfelinin aktivlər üzrə bölgüsündə 2020-ci ildə istiqrazlar və pul bazarı alətlərin payı 63,8%, səhmlər 15,9%, daşınmaz əmlak 6,1%, qızıl isə 14,2% paya malik idisə, 2025-ci ildə bu güstəricilər müvafiq olaraq 29,8%, 25,6%, 6,4% və 38,2% təşkil edib. Məlumata əsasən, son beş ildə Fondun investisiya portfelinin aktivlər üzrə bölgüsündə qızıl və daşınmaz əmlak üzrə yatırımlarda nəzərəçarpan artımlar baş tutub.

Xüsusilə qeyd edək ki, Fondun daşınmaz əmlak investisiyaları 1 milyard ABŞ dollarından çox gəlir gətirib. Daşınmaz əmlak investisiyaları Fond üçün həm stabil icarə gəlirləri, həm də binaların dəyərinin artım mənbəyi olaraq ümumi portfeldə diversifikasiya rolunu oynayan aktiv kimi çıxış edir. 3 milyard dollar yatırım edilən bu aktiv növü üzrə təqribən 1 milyard ABŞ dolları həcmində gəlir əldə edilib, ümumi gəlirlilik isə 80% səviyyəsində olub. Sözügedən investisiyalar əsasən inkişaf etmiş ölkələrdə yerləşən 1400-ə yaxın binadan ibarət ofis, ticarət, yaşayış, sənaye və otel seqmentlərini əhatə edərək daşınmaz əmlak portfelinin şaxələnmənin dərinləşməsinə xidmət edir.

Bundan əlavə, Fondun qızıla yatırımlarında nəzərəçarpan fərq müşahidə olunur. Ümumilikdə, ARDNF-in son illərdə həyata keçirdiyi ən diqqətçəkən addımlardan biri qızıl ehtiyatlarının artırılmasıdır. 2025-ci ildə Fondun qızıl ehtiyatları 200 tona çatdırılıb ki, bu da 2020-ci illə müqayisədə 96,5% artım deməkdir. Qızılın portfeldə payının 38,2%-ə yüksəlməsi Fond üçün geosiyasi risklərə qarşı qoruyucu mexanizm, inflyasiya təzyiqlərinin neytrallaşdırılması, uzunmüddətli dəyər qorunması baxımından strateji əhəmiyyət daşıyır. Qlobal mərkəzi bankların qızıl alışlarını artırdığı və qiymətlərin tarixi maksimumlara yaxınlaşdığı bir dövrdə bu strategiya ARDNF üçün əlavə dəyər yaradıb.

 

İl

ARDNF-nin qızıla ehtiyatları (ton)

2020

101,8

2021

101,8

2022

101,8

2023

101,8

2024

146,6

2025

200

Rəqəmlər də təsdiqləyir ki, bu struktur dəyişiklikləri ARDNF-in inflyasiya risklərini azaldan, gəlirliliyi artıran və uzunmüddətli sabitliyə yönəlmiş portfel strategiyasına keçdiyini aydın şəkildə göstərir.

Son illər Fond dayanıqlı enerji və infrastruktur yatırımları üzrə strateji tədbirlərini artırmaqdadır. Təkcə 2025-ci ildə olan nailiyyətləri qeyd etməklə bu istiqamətə verilən önəmi göstərmək olar. 2025-ci ildə ARDNF investisiya siyasətində dayanıqlı enerji və strateji infrastruktur layihələrinə xüsusi üstünlük verib. İl ərzində Fondun portfelinə daxil olan əsas layihələrdən aşağıdakıları qeyd edə bilərik:

ADNOC Gas Pipeline Assets (BƏƏ) - 50 milyon ABŞ dolları; Enfinity Global (İtaliya, 402 MVt günəş enerjisi) - 49% pay; Italo (İtaliya, yüksək sürətli dəmir yolu) - infrastruktur yatırımı.

Bundan başqa, bu ilin yanvar ayında Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Davosda aktivlərin idarə edilməsi üzrə dünyanın ən böyük şirkətlərindən olan "BlackRock" və onun törəmə şirkəti "Global Infrastructure Partners" (GIP) ilə uzunmüddətli strateji əməkdaşlıq niyyətini rəsmiləşdirdi. Əməkdaşlıq qlobal infrastruktur fondlarına çıxışla yanaşı, Azərbaycanda və Azərbaycanla əlaqəli infrastruktur layihələrinə investisiya imkanlarını nəzərdə tutur.

Bütövlükdə, bu layihələr ARDNF üçün uzunmüddətli, sabit və proqnozlaşdırılan gəlir axınları formalaşdırmaqla yanaşı, Fondun enerji keçidi və yaşıl iqtisadiyyat gündəliyinə uyğun mövqeyini də gücləndirir.

ARDNF-in maliyyə gücü və idarəetmə keyfiyyəti aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. "Moody's" Azərbaycanın "Baa3" suveren reytinqini böyük həcmdə yığılmış ARDNF aktivləri ilə əsaslandırır. "S&P Global Ratings" Fondu ölkənin fiskal və xarici buferlərinin əsas dayağı kimi təqdim edir. "Fitch Ratings" isə ARDNF-in aktivlərinin 2025-2027-ci illərdə də dayanıqlı artımını proqnozlaşdırır.

Bu qiymətləndirmələr Fondun təkcə maliyyə göstəricilərini deyil, eyni zamanda institusional etibarlılığını və strateji idarəetmə modelini təsdiqləyir.

Beləliklə, 2020-2025-ci illər Azərbaycan Respublikası Dövlət Neft Fondu üçün strateji yetkinlik və transformasiya dövrü kimi xarakterizə olunur. Bu müddət ərzində Fond aktivlərini rekord səviyyəyə yüksəltdi, investisiya portfelini effektiv şəkildə şaxələndirdi, dövlət büdcəsinin əsas dayaq sütunlarından biri olaraq mövqeyini qorudu, eləcə də beynəlxalq maliyyə dairələrində etimadı daha da gücləndirdi.

Bu gün ARDNF təkcə milli sərvət fondu deyil, eyni zamanda qlobal miqyasda tanınan, müasir və dayanıqlı suveren investor kimi çıxış edir və Azərbaycanın gələcək nəsilləri üçün uzunmüddətli iqtisadi təhlükəsizlik təmin etməyə davam edir.

Seçilən
2
1
day.az

2Mənbələr