Qırğızıstan Rusiya Federasiyasına qarşı Avrasiya İqtisadi İttifaqının (Aİİ) Məhkəməsinə müraciət edib. Buna səbəb Rusiyada çalışan qırğızıstanlı əmək miqrantlarına icbari tibbi sığorta (İTS/OMS) polislərinin verilməsindən imtina edilməsi olub.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, iddianın verildiyini Qırğızıstanın İcbari Tibbi Sığorta Fondunun sədri Azamat Mukanov parlamentin müvafiq komitəsinin iclasında açıqlayıb.
Onun sözlərinə görə, məsələ Aİİ çərçivəsində əmək miqrantlarının hüquqlarının pozulması ilə bağlıdır və Qırğızıstan tərəfi Rusiyanın ittifaq öhdəliklərinə əməl etmədiyini hesab edir. Qeyd olunub ki, Aİİ ölkələri arasında qüvvədə olan razılaşmalara əsasən, əmək miqrantları qəbul edən ölkədə tibbi sığorta xidmətlərindən istifadə hüququna malik olmalıdırlar.
Nuriyyə NATİQQIZI