“Hörmətli lənkəranlılar və Lənkəran futbolunun azərkeşləri! 2016-cı ildə "Xəzər-Lənkəran" futbol klubu fəaliyyətini dayandırdıqdan sonra Lənkəranda əksər azərkeşlər futbol arzusundaydılar. İllərdi Lənkərana yenidən futbolun qayıtmasını istəyirdik. Lənkərana futbol qayıdıb artıq. Bu müraciət sponsorsuz fəaliyyət göstərən "Lənkəran" futbol klubumuza dəstək müraciətidi. Klubumuz artıq 3 ildi fəaliyyət göstərir. İlk mövsümdə “Lənkəran” Futbol Klubu 1/4 final mərhələsinədək irəliləyərək uğurlu çıxış edib. İkinci mövsüm nisbətən uğursuz keçsə də, hazırda klubumuz daha yüksək nəticələrə nail olmağa iddialıdı. Cari 2025/26-cı il mövsümündə tibbi dəstək etibarilə Bioloji Təbabət Klinikası Masallı Mərkəzi, idman geyimi üzrə təchizat dəstəyi etibarilə “Djevo Sports” ilə əməkdaşlıq edirik. Azərbaycan Minifutbol Federasiyası ilə əməkdaşlığımızın nəticəsində cənub zonasında 16 komandanın iştirakı ilə ilk rəsmi minifutbol turnirini yüksək səviyyədə təşkil etməyə nail olmuşuq. Futbolun inkişafı istiqamətində fəaliyyətimiz bununla məhdudlaşmır. Hazırda iştirak etdiyimiz AFFA Region Liqası bizim üçün başlıca məsələdi. Xüsusilə vurğulamaq istəyirik ki, klubumuz üç ildi maliyyə dəstəyi olmadan, fədakarlıq və inam hesabına fəaliyyət göstərir. Lənkəran futboluna xidmət etmək bizim üçün böyük qürurdu. Fəaliyyətimiz göz qabağındadı. Bu yolda çalışan insanlar könüllü şəkildə, şəxsi mənafe güdmədən Lənkəran futbolunun inkişafına töhfə verirlər. Azarkeşlərin həm sosial media vasitəsilə, həm də birbaşa müraciətlərini nəzərə alaraq kart hesabının açılması məsələsini dəyərləndirməyə qərar verdik. Gəlin, lənkəranlı olduğumuzu birlikdə göstərək!”
Bu bəyanatı Region Liqasında çıxış edən “Lənkəran” “instaqram” hesabında paylaşıb. Sonunda kart hesabının da yer aldığı bəyanat birmənalı qarşılanmayıb. Bunu qeyri-peşəkarlıq, hətta dələduzluq adlandıranla da var. Hesabı işlədən admin isə məcburiyyətdən belə etdiklərini, oyuna gələn azarkeşlərin bilet almadan keçdiklərini bildirib:
“Oyuna 2-3 min azarkeş baxır, heç 100 nəfər bilet almır”.
Futbolun biznesə çevrildiyi indiki dönəmdə ianə hesabına klub saxlamaq, onu rəqabətədavamlı etmək ağlasığmazdı. Niyyət nə qədər xoş olsa da, belə fəaliyyət göstərmək üçün mexanizm yoxdu. İanə hesabına nə qədər pul yığıla bilər ki? Həmin pula, xərclərin şəffaflığına kim nəzarət edəcək? Bir sözlə, heç bir sponsor olmadan yola çıxmaq, azarkeşlərə xoş vədlər vermək peşəkarlıq deyil.
Onu da xatırladaq ki, “Lənkəran” Region Liqasında yer aldığı qrupun 3-cü pilləsində qərarlaşıb. 12 oyuna 23 xal yığan komanda “Biləsuvar”la “Viləş”dən geri qalır.
MÜZƏFFƏR QULUZADƏ