Azərbaycanın ən üzdə olan hakimi Əliyar Ağayev 3 gün ərzində ölkə xaricində iki oyun idarə edib.
38 yaşlı referi öncə UEFA-nın təyinatına uyğun olaraq İsveçrəyə yollanıb. Burada “Yanq Boyz” – “Lion” qarşılaşmasını idarə edib.
61-ci dəqiqədə meydan sahiblərinin qolunu ofsayd səbəbindən qeydə almayan azərbaycanlı referi hər komandadan üç futbolçuya “sarı” göstərib. Matç “Lion”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Əliyar vətənə qayıtmayıb. Avropadan birbaşa Asiyaya uçub. Küveyt Premyer Liqasının 12-ci turu çərçivəsində baş tutan “Kuwait SC” – “Al Arabi” oyununu işıqlandırmağa.
Müraciət Küveyt Futbol Federasiyasından AFFA-ya daxil olub. Ağayevi turun prinsipial duelində iş başında görmək istəyən asiyalılar assosiasiyanın razılıq məktubu əsasında istəyinə çatıb.
Gərgin mübarizə şəraitində keçən oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb ki, xallarının sayını 32-yə çatdıran “Kuwait SC” turnir cədvəlindəki liderliyini möhkəmləndirib.
HƏBİB / SPORTİNFO.AZ