AZ

İşləyən analar həddindən artıq yüklənirmi? - AÇIQLAMA

Son dövrlər işləyən anaların üzləşdiyi problemlər ciddi şəkildə artıb, çünki əksər qadınlar işləməyə məcburdur. Həyat yoldaşlarının gəliri bir ailəni dolandırmağa yetmədikdə qadınlar məcbur olaraq işləməlidirlər. Bu vəziyyət uşaqların baxımı, böyüdülməsi və tərbiyəsi ilə məşğul olmağı çətinləşdirir, çünki ailədə başqa kimsə yoxdur. Keçmişdə insanlar daha böyük ailələrdə yaşayırdılar, ata-analar, nənə-baba, qardaş-bacı kimi ailə üzvlərindən biri uşaqlarla məşğul olurdu. İndiki fərdiləşmiş sistemdə isə hər kəs ayrı yaşayır, valideynlərin hər ikisi işləyirsə, uşaqlara baxmaq çətinləşir.

Bu barədə sosioloq Elçin Bayramlı Missiya.Az-a danışıb.

"Həm çalışıb, həm də uşaqlara baxmaq anaların həddindən artıq yüklənməsinə səbəb olur. Nəticədə ailələr biruşaqlı və ya maksimum iki uşaqlı modellərə keçir, bu isə demoqrafik baxımdan ciddi problemlərə yol açır. Hazırkı dövrdə xüsusilə ailəli, uşaqlı qadınların iş yerlərində xüsusi güzəştlərin tətbiq olunması vacibdir",- sosioloq bildirib.

Elçin Bayramlının sözlərinə görə, qadınların iş saatlarının azaldılması, həftəlik iş günlərinin bir gün qısaldılması və ya müəyyən hallarda – məsələn, uşaqlar xəstələndikdə – rahatlıqla icazə verilməsi təmin edilməlidir. Belə tədbirlər uşaqların valideynsiz qalmasının qarşısını alar və anaların yüklənməsini azaldar. Lakin özəl sektorda bu sahəyə maraq azdır, ailəli və uşaqlı qadınların işə götürülməsi məsələsində problemlər yaşanır. Normativlər və sosial güzəştlər tətbiq olunmalı, qadınların hüquqları qorunmalıdır. Belə halda qadınlar işləməyə məcbur olmaz, ailəsi və uşaqları ilə rahat şəkildə məşğul ola bilərdi. Hazırkı vəziyyətdə isə onlar həm iş, həm ev işi, həm də uşaqların qayğısı ilə məşğul olur, bu da həddindən artıq yüklənməyə və vaxt çatışmazlığına səbəb olur.

"Bundan əlavə, yeni evlənənlərin valideynlərlə birgə yaşaması da uşaqların tərbiyəsi və baxımı baxımından faydalıdır. Nənə və babalar uşaqlara kömək edə bilər, valideynlər isə rahat şəkildə işləyə bilərlər. Lakin indiki psixologiya və yaşam tərzi bu sistemi qəbul etmir və nəticədə problemlər yaranır. Bu vəziyyəti yalnız anaların iş saatlarında və iş şəraitində güzəştlər tətbiq etməklə həll etmək mümkündür. Ən vacibi budur ki, ailəli və uşaqlı qadınların yüklənməsi azaldılsın və uşaqların qayğısı təmin edilsin",-E.Bayramlı əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
1
missiya.az

1Mənbələr