ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Trampın Putinə simpatiya bəslədiyi heç kəsə sirr deyil. Putinin Ukraynadakı hərbi cinayətlərinə görə BMT Cinayət Məhkəməsi qərarı ilə həbsinə order verilmişkən Trampın onu ötən ilin avqustunda Alyaskada, qırmızı xalıda qarşılamasını xatırlaya bilərik. Trampın Rusiya-Ukrayna müharibəsinin həllinə dair Rusiyanın tələblərini əsas alan 28 maddəlik, daha sonra Ukraynanın xeyrinə azca dəyişiklikləri özündə əks etdirən 20 maddəlik sülh planı, başqa sözlə sülh müqaviləsinin eskizi Alyaskadakı görüşdə müəyyən olunmuşdu. Bundan öncə Tramp bəyan etmişdi ki, sülh müqabilində Krımın Rusiya tərəfindən anneksiyasını və Ukraynanın bəzi ərazilərdən (Donbasdan) geri çəkilməsini təmin etməyə hazırdır. Onların bir-birləri haqda xoş sözlərini, hətta Trampın Nobel Sülh Mükafatı almadığına görə Putinin “üzüldüyünü” və buna görə Trampın ona təşəkkür etdiyini də xatırlamaq olar. Beləliklə, təsis edilməkdə olan yeni dünya nizamında ABŞ və Rusiya arasında təsir dairəsinin yeni bölgüsünə dair bəyan olunmayan razılaşmanın olduğunu təxmin edə bilərik. Bu razılamaya əsasən Rusiyanın keçmişdə təsirinin olduğu məkanlarda müvafiq gücü azalır, yaxud ABŞ-la paylaşılır, bunun müqabilində isə Ukraynada işğal etdiyi ərazilərin Rusiyaya ilhaqı tanınır. Rusiyanın Cənubi Qafqazdakı təsiri də azalmaqdadır”.
Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Şəhla Cəlilzadə bildirib ki, 1722-ci ildə Böyük Pyotrun qərarı ilə Dərbənd-Bakı istiqamətində hücumlara başlayan Rusiya imperiyası Qafqazı 20-ci əsrin sonunadək bu vəya digər formada, müxtəlif formasiyalarda öz nəzarətində saxlaya bilmişdir, SSRİ-nin dağılmasından sonra MDB yaradılmış, Putin isə 2000-ci ildə Rusiyanın hərbi-siyasi doktrinasına “Yaxın Çevrə” anlayışını daxil etmişdir: “Bu anlayış, Rusiyanın post-Sovet məkanında müstəsna hüquqlarını bəyan edirdi. Bu məkan qeyri-rəsmi dildə “arxa bağça” adlandırılır. Lakin ötən 20-30 ildə həm dünya miqyasında, həm regional miqyasda çoxsaylı hadisələr yaşandı ki, bu kontekstdə yeni nizam formalaşmaqdadır. Cənubi Qafqazın yeni geosiyasi nizamını yaradan məhz Azərbaycan və onun Prezidentidir. 1991-ci ildə müstəqilliyini qazanan Azərbaycan Respublikası Prezident İlham Əliyevin liderliyində Vətən müharibəsi ilə ərazi bütövlüyünü, suverenliyini tam olaraq, o cümlədən xarici siyasətdə ölkəsinin suveren hüquqları təmin etdi. Bir sözlə, haqqı olanı geri aldı. Burada balanslı siyasət, Rusiyanın bölgədəki təsirinin Qərblə əməkdaşlıq çərçivəsində balanslaşdırılması həlledici faktordur. Rusiya bunun fərqindədir. Hazırda Mərkəzi Asiya ölkələri də eyni siyasi dəstxətt ilə regionlarında Rusiya təsirini azaltmaqdadırlar”.
Şəhla Cəlilzadə
Politoloq qeyd edib ki, təsir zonalarının itirilməsi Rusiya üçün ağrılı proses olsa da, ruslar yeni qlobal konyuktura uyğunlaşmağa çalışır.
Şəhla Cəlilzadə bildirib ki, təsadüfi deyil ki, Bloomberq 2023-cü ildə “Qazaxıstan Rusiyanın arxa bağçasıdır” yazanda Rusiya Prezidentinin sözçüsü Peskov bu ifadəni informasiya müharibəsinin parçası kimi absurd adlandırmış, Rusiyanın bütün dövlətlərin suverenliyinə hörmət bəslədiyini ifadə etmişdi: “Trampın Davosda Qafqazı “Putinin ərazisi” adlandırması bu mənada “Yaxın Çevrə” doktrinasına istinad sayıla bilər. Çünki həmkarı Putin də tarixə istinadla danışmağı sevir. Lakin Trampın siyasi dili heç də hər zaman səlis, diplomatik etiketə uyğun deyil. Tramp açıq və sərt danışır, bəzən hətta səhvə yol verir. Məsələn; “Albaniya ilə Ermənistanı barışdıran” Tramp "Bloomberg"in “səhvini” ya bilərək, ya da bilməyərək təkrarlayır. Lakin aydındır ki, Rusiya öz “arxa bağçasını” çoxdan itirib, post-Sovet məkanında təsiri ABŞ-la bölüşməyə, ölkələrin müstəqil xarici siyasi qərarları ilə hesablaşmağa vadar olub. Rusiya sərhədçilərinin dayandığı Ermənistan ərazisində Azərbaycanın tələbi və siyasi iradəsi ilə “Trampın marşrutu”nun açılmasına, yəni Zəngəzur dəhlizinə dair üçtərəfli (ABŞ-Ermənistan-Azərbaycan) razılıq bunun ən bariz sübutudur”.
İradə Cəlil, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.