«Qəbələ» bu mövsüm hələ heç bir komandaya dörd qol vura bilməmişdi.
«Siftə»ni 17-ci turda, Şamaxı səfərində etdilər.
Əslinə qalsa, bu komandaların Qəbələdəki ilk oyunu da onların qalibiyyəti ilə bitməli idi. Xeyli qol epizodunu boşa verib, bir penalti vuruşuyla məğlubiyyətə üzülmüşdülər.
Bu dəfə tam tərsi oldu: «Şamaxı» xüsusən birinci hissədə əlinə düşən fürsətləri dəyərləndirmədi, yekunda da belə böyükhesablı sonluq qeydə alındı.
Kaxaber Sxadadze texniki zonada yerini məcburiyyətdən buraxıb, tribunaya qalxmışdı.
«Qarabağ»la matçda baş hakim Əli Əliyevi söydüyü üçün AFFA-nın İntizam Komitəsi tərəfindən 5 turluq cəza alan baş məşqçiyə görə komandası bu cür rahat oynadı.
Yoxsa o, həmişəki yerində əyləşsəydi, futbolçular yenə bir-birinə dəyəcək, başlarını itirəcəkdilər. Kaxa tribunada idi deyə, sanki quş kimi süzürdülər meydanda.
Bülbülü qəfəsdən açıb buraxarsan, o da cəh-cəh vura-vura səmada dövrə vurar e, bax elə!
Kaxa özünü sevdirə bilməyib. Nə yerliyə, nə əcnəbiyə. Adam oyun vaxtı tamamən dəyişir, hislərinə nəzarət edə bilmir.
İlk dəqiqədən etibarən qışqırmağa başlayır, bu da futbolçularda narahatlıq yaradır, aldıqları tapşırıqları da tez yaddan çıxarırlar.
«Qəbələ» rəhbərliyi gərək bu vəziyyəti düzgün qiymətləndirsin.
Ya Kaxaya qəti surətdə tapşırmalıdırlar ki, bir də futbolçulara dəqiqəbaşı çığırıb-bağırma, kimsəni söymə.
Ya da ki, AFFA-ya müraciət edib, baş məşqçilərinin cəza müddətini uzatmalarını istəməlidirlər. «
Qəbələ»nin Premyer Liqada yerini qorumasının iki çarəsi var, onu da burada açıqladıq.
ELNUR