AZ

İlham Əliyev Cənubi Azərbaycanla bağlı nələri tövsiyə edə bilər...



Xaqani Cəfərli: "...İranın gələcəyi ilə bağlı məsələlərdə Prezident İlham Əliyevin əsas söz sahiblərindən biri olmasına imkan yaradır"

“Washington Post” qəzetində dərc edilən məqalədə vurğulanır ki, İranın gələcəyi yalnız mərkəzi hakimiyyətin taleyindən asılı deyil, ölkə daxilindəki etnik və regional amillər həlledici rol oynayır. Qeyd olunur ki, İran çoxmillətli dövlətdir və əhalinin mühüm hissəsini təşkil edən qeyri-fars xalqlar, xüsusilə azərbaycanlılar ölkənin siyasi sabitliyinə birbaşa təsir göstərə biləcək potensiala malikdirlər. İran azərbaycanlılarının sayı Azərbaycan Respublikasının əhalisindən dəfələrlə çoxdur və onlar əsasən ölkənin şimal-qərb bölgələrində kompakt şəkildə yaşayırlar.

Məqalə müəllifi yazır ki, son illərdə bu əhali arasında milli və mədəni kimlik şüuru güclənməkdədir. Ana dilində təhsil tələbləri, mədəni hüquqların qorunması və türk kimliyinə marağın artması Tehranın diqqətindən kənarda qalmır. Bununla belə, bu proseslər birbaşa separatizm kimi deyil, daha çox İran daxilində mövcud olan sosial, iqtisadi və siyasi narazılıqların təzahürü kimi qiymətləndirilir.

Yazıda həmçinin vurğulanır ki, regionda güclənən Azərbaycan Respublikası faktoru da İran üçün yeni reallıqdır. Azərbaycan artıq zəif postsovet dövləti deyil, güclü - NATO standartlarına yaxın orduya, Türkiyə ilə sıx strateji əlaqələrə və regional təsir imkanlarına malik dövlətdir. Bu amil İran daxilində yaşayan azərbaycanlıların öz mövqelərini və gələcəklərini daha fərqli prizmadan dəyərləndirməsinə təsir göstərə bilər.

Məqalədə ABŞ-ın İran siyasətinə də toxunulur və bildirilir ki, Vaşinqton İranla bağlı strategiya qurarkən ölkə daxilindəki etnik balansı nəzərə almalıdır. Hər hansı ciddi böhran və ya xarici müdaxilə halında İranın etnik bölgələrində proseslərin nəzarətdən çıxa biləcəyi, bunun isə regionda daha geniş geosiyasi nəticələr doğura biləcəyi qeyd olunur. Bu baxımdan Cənubi Azərbaycan məsələsi təkcə İranın daxili problemi deyil, eyni zamanda regional və beynəlxalq əhəmiyyətə malik faktor kimi təqdim edilir.

Politoloq Xaqani Cəfərli Bakı-Xəbər qəzetinə açıqlamasında bildirib ki, ABŞ-ın İran siyasəti Vaşinqtonun Yaxın Şərq siyasətinin tərkib hissəsidir. Onun sözlərinə görə, Tramp administrasiyasının Yaxın Şərq siyasəti İraq, Suriya, Türkiyə və İranın federallaşmasının daha uyğun variant olması üzərində qurulub. İraq və Suriya bu günədək bölünməyibsə və Dəməşqdə hakimiyyəti ələ keçirmiş Əhməd əş-Şaraa bu günə qədər mövqeyini qoruyub saxlaya bilibsə, bunun əsas səbəbi ABŞ-ın bu dövlətlərin parçalanmasını istəməməsidir. Lakin Vaşinqton eyni zamanda bu ölkələrin Səddam Hüseyn və Bəşər Əsəd dövrlərindəki kimi sərt mərkəzləşdirilmiş formada qalmasını da istəmir. Buna görə federallaşma çıxış yolu kimi dəyərləndirilir.

Xaqani Cəfərli qeyd edir ki, İrana yanaşma da təxminən eynidir. Teokratik rejimin devrilməsi və dünyəvi, federativ İran ABŞ-ın maraqlarına daha çox cavab verən perspektiv hesab olunur. Milli kimliyin yüksəliş yaşadığı çoxmillətli ölkələrin unitar quruluşu uzunmüddətli dövrdə qoruması çətindir. Belə ölkələr ya parçalanır, ya da federativ dövlətə çevrilir. ABŞ İraq, Suriya, Türkiyə və İranın bölünməsi halında Yaxın Şərqdə uzunmüddətli və nəzarətsiz müharibələr zəncirinin yaranacağından ehtiyat edir. Bu isə Çinin cilovlanması strategiyasına mane ola bilər. Buna görə də əsas diqqət ölkələrin ərazi bütövlüyü qorunmaqla federallaşmasına yönəlib. Suriyada son baş verən proseslər də Vaşinqtonun bu yanaşmasının nəticəsi kimi qiymətləndirilir.

Politoloqun fikrincə, Tramp administrasiyasının rəsmi Bakı ilə isti münasibətləri və Azərbaycan Respublikasının beynəlxalq münasibətlərdə artan rolu İranın gələcəyi ilə bağlı məsələlərdə Prezident İlham Əliyevin əsas söz sahiblərindən biri olmasına imkan yaradır. Onun qənaətincə, bu artıq formalaşmaqda olan reallıqdır.

Rəsmi Bakının Cənubi Azərbaycan məsələsində həssas mövqeyini İsrailin İrana qarşı 12 günlük müharibəsi zamanı da müşahidə etmək mümkün idi. Həmin dövrdə Azərbaycanın İsrailə müraciət edərək Güney Azərbaycanla bağlı xalqın həssaslığının nəzərə alınmasını istədiyi barədə xəbərlər İsrail mətbuatında yer almışdı. Müharibədən sonra Prezident Məsud Pezeşkiana açıq və hətta nümayişkaranə dəstək də rəsmi Bakının bu məsələyə münasibətinin göstəricisi idi. Xaqani Cəfərli hesab edir ki, bu həssas yanaşma bu gün də davam edir, sadəcə ictimaiyyətə açıq şəkildə təqdim olunmur.

Onun qənaətincə, Cənubi Azərbaycan faktorunun önə çıxarılması İsrailin təhlükəsizliyinə, bölgədə sülh və sabitliyin təmin olunmasına töhfə verə bilər. Qərb və İsrailin beyin mərkəzlərində bu cür yanaşmalar mövcuddur, lakin bu fikirlərin siyasi qərarlara çevrilməsi vacibdir. Politoloq hesab edir ki, Prezident İlham Əliyevin bunu reallaşdırmaq üçün kifayət qədər imkanları var.

Akif NƏSİRLİ

Seçilən
14
baki-xeber.com

1Mənbələr