AZ

İllər dəyişir, insanlar dəyişir - dostluq qalır

BAKI, TurkicWorld, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq TurkicWorld üçün.

Bu gün dostlarla bir məclisdə idim.

Bir zamanlar universitetdə gələcək arzuları quran insanlar idik. İndi isə gələcəyin içində, yenə gələcək haqqında arzular qururuq.

Bir vaxtlar bizi evdə valideynlər gözləyirdi.
İndi isə biz övladlarımızı gözləyirik.

Bir zaman hamımız sağlam idik.
İndi isə çoxumuzun ya cibində dərman var, ya da səhhətində bu və ya digər problemlər.

Hərəmiz bir yerdəyik, hərəmiz ayrı-ayrı sahədəyik.
Mən Allaha çox şükr edirəm ki, qarşıma hər zaman yaxşı dostlar çıxarıb. Böyüdüyüm məhəllədə, oxuduğum məktəbdə, təhsil aldığım universitetdə, xidmət etdiyim hərbi hissədə — ümumiyyətlə, həyatımın hər mərhələsində.

Həyatımın hansı mərhələsində olur-olsun, Allahın mənə bəxş etdiyi dostlar mənim üçün çox böyük dəyər olub.

İllər öncə anam Sutikinti xəstəxanasında əməliyyat olunanda, orada çayçı işləyən bir kişi vardı. Bir ay ərzində dostlarım məni tək qoymadı. Həmin vaxt o çayçı Cəbrayıldan olan bir ağsaqqal dayıma demişdi:
— Bu uşaq kimdir ki, hər gün başına bu qədər insan yığılır?

Dayım da cavab vermişdi:
— Dostlarıdır.

O gündən sonra da dostlar məni heç vaxt tək qoymadı. Birlikdə yedik, birlikdə gəzdik. Birlikdə ağladıq, birlikdə güldük.

Yenə deyirəm, həyatımın hansı mərhələsində olur-olsun, dostluq bağı ilə mənə bağlı olan hər kəs üçün dua edirəm.

Bu həyatda heç vaxt düz-əməlli pul qazana bilmədim, düz-əməlli bir işdə də işləmədim. Həyatımın müəyyən dövründə müəllim oldum. Bilmirəm ömrüm nə qədər olacaq — onu Allah bilir. Amma bir şeyi dəqiq bilirəm:

Bu dünyada ən böyük nemət, ilk növbədə iman nemətidir.
Sonra isə dostlar. Yaxşı dostlar.

Niyə dostlar?
Çünki ailə və qohum onsuz da sənindir — sən onları seçmirsən. Amma dostluq münasibətləri tamam başqa məsələdir.

Bəzən bəzi qohumlarıma deyirəm ki, övladlarım qəfil qarşınıza çıxsalar, bəlkə də tanımazsınız. Çünki həyatımda elə zaman kəsikləri oldu ki, o vaxtlarda yanımda olmadınız. Elə zamanlar oldu ki, mən sizin üçün maraqlı deyildim.

Amma Allahın izni ilə dostlar hər zaman yanımda oldu. Onların arasında mənim kimi işsiz olan da var, iş adamı olan da, yüksək vəzifə sahibi olan da. Amma biz bir araya gələndə sadəcə dostuq.

Şükür bu neməti verən Allaha.

Həyatda sizi sevən və sizin sevdiyiniz çoxlu insanlar olsun ətrafınızda. Bir gün bu dünyadan köçəndə, heç bir mənfəət güdmədən, yalnız qəlb bağı ilə sizə bağlı olan insanlar arxanızca dua edəcək, ağlayacaq.

Allah kövrək insanları sevər.
Ah çəkən insanları sevər.

Quranda bir ifadə var: “əvvah” — çox ah çəkən deməkdir.
Həzrəti İbrahim də belə idi.

إِنَّ إِبْرَاهِيمَ لَحَلِيمٌ أَوَّاهٌ مُنِيبٌ

Həqiqətən, İbrahim çox həlim, çox yalvaran və Allaha daim yönələn idi.
(Hud, 75)

Seçilən
16
turkic.world

1Mənbələr