Ajans.az xəbər verir ki, bu barədə Viktoriya ştatının Energetika naziri Lili D’Ambrosio bildirib. O, sosial media səhifəsində qeyd edib ki, rekord isti hava fonunda ştat “17 illik elektrik enerjisi istehlakı rekordu” qırıb. “Saat 20:30-a (Bakı vaxtı ilə 13:30) qədər paylayıcı şəbəkədə 106.000 elektrik kəsintisi qeydə alınıb. Əlavə briqadalar kəsintiləri aradan qaldırmaq və elektrik enerjisini mümkün qədər tez bərpa etmək üçün yerindədir”, – deyə nazir bildirib. Kəsintilərə isti hava, meşə yanğınları, ağacların dirəklərə və naqillərə düşməsi və avadanlıqların həddindən artıq istiləşməsi səbəb olub. Yerli The Age nəşrinin məlumatına görə, kəsintilərin böyük əksəriyyəti AusNet təminatçısı tərəfindən qeydə alınıb. Bölgədə fəaliyyət göstərən bütün enerji təchizatçıları isə həddindən artıq istiliyin yaratdığı tələbat səbəbindən kəsintiləri bildirirlər. Daha əvvəl, Avstraliya Açıq tennis turniri Melburnda temperatur 38 dərəcə Selsiyəyə çatdığı üçün yenidən planlaşdırılmış, açıq hava oyunları dayandırılıb, Rod Laver Arena və Marqaret Kort Arena-nın damları bağlanıb. Avstraliya Meteorologiya Bürosunun məlumatına görə, Viktoriya ştatında rekord temperatur qeydə alınıb: - Walpeup: 48,9° C
- Mildura: 48,6° C
- Longerenong: 48,1° C
Cənubi Avstraliyada isə temperatur Renmarkda 49,6° C, Loxtonda 48,2° C-yə çatıb. Sinoptiklər həftənin sonuna qədər Avstraliyanın cənub-şərqində və mərkəzi hissəsində anormal isti və quru hava şəraitinin davam edəcəyini proqnozlaşdırır. Şimal-qərbdə və mərkəzi Viktoriyada temperatur 49° C-yə çatacaq ki, bu da quru ildırım və meşə yanğınları riskini artırır.