AZ

Rəsmi İrəvan ABŞ vitse-prezidentinin diqqətini Bakıya qarşı yönəltmək istəyir...



ABŞ vitse-prezidentinin regiona mümkün səfəri fonunda Ermənistan siyasi dairələrində Bakıda saxlanılan ermənilərin azad edilməsi mövzusunun yenidən gündəmə gətirilməsi daha çox daxili və diaspor yönümlü siyasi çağırış təsiri bağışlayır. Armen Aşotyanın açıqlamaları da bu kontekstdə qiymətləndirilə bilər. O, ABŞ-ın humanitar və dini azlıqlar mövzusuna həssas yanaşmasını əsas arqument kimi irəli sürərək Vaşinqtonun Azərbaycana təzyiq göstərə biləcəyinə ümid edir. Lakin mövcud geosiyasi reallıqlar bu gözləntilərin ciddi məhdudiyyətlərə malik olduğunu göstərir.

ABŞ-ın Azərbaycanla münasibətləri təkcə insan haqları gündəliyi ilə məhdudlaşmır. Enerji təhlükəsizliyi, Avropanın qaz təchizatı, Orta Dəhliz və regionda Rusiya və İranın təsirinin balanslaşdırılması Vaşinqton üçün daha önəmli strateji prioritetlərdir. Bu səbəbdən ABŞ-ın Bakıya açıq və sərt siyasi təzyiq göstərməsi real görünmür. Vaşinqton adətən bu tip məsələlərdə balanslı mövqe tutmağa və tərəflərdən birini açıq şəkildə qarşısına almaqdan yayınmağa çalışır.

Erməni diasporunun ABŞ-da müəyyən təsir imkanları danılmazdır. Konqres səviyyəsində qətnamələr, din azadlığı və insan haqları ilə bağlı dinləmələr bu təsirin nümunələridir. Ancaq bu təsir daha çox ictimai-siyasi gündəmin formalaşdırılmasına xidmət edir və icraedici hakimiyyətin konkret qərarlarına birbaşa təsir göstərmək gücündə deyil. Praktikada bu, yalnız ayrı-ayrı şəxslərlə bağlı humanitar jestlər və ya pərdəarxası diplomatik təşəbbüslər şəklində nəticə verə bilər.

Azərbaycan tərəfi saxlanılan şəxslər məsələsinə hüquqi və təhlükəsizlik prizmasından yanaşır və bunu daxili məsələ kimi təqdim edir. Bu mövqedən geri çəkilmək üçün Bakı adətən konkret siyasi və ya diplomatik qarşılıq gözləyir. Bu isə o deməkdir ki, Ermənistan tərəfinin və ya diasporun birtərəfli çağırışları ilə genişmiqyaslı azadlıqların baş verməsi ehtimalı olduqca aşağıdır. Xüsusilə keçmiş “Artsax” rəhbərliyinin tam şəkildə azad edilməsi tələbi mövcud şərtlər daxilində real hesab edilə bilməz.

Beləliklə, Aşotyanın irəli sürdüyü ssenari daha çox ümid və siyasi mesaj xarakteri daşıyır. ABŞ-ın mümkün rolu, ən yaxşı halda, tövsiyə və vasitəçilik çərçivəsində məhdud humanitar addımlarla ifadə oluna bilər. Bu isə Ermənistanın problemin həlli üçün əsas alət kimi xarici təzyiqə deyil, regional reallıqları və qarşılıqlı maraqları nəzərə alan daha praqmatik yanaşmaya ehtiyac olduğunu göstərir.

Akif NƏSİRLİ

Seçilən
6
baki-xeber.com

1Mənbələr