AZ

Məhbusların da icbari tibbi sığorta ilə müalicəsi yaxşı xəbərdir Novella Cəfəroğlu

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Gərək dəqiq müəyyən edilsin ki kimin təcili müalicəyə ehtiyacı var, bu məsələdə də “tərəfkeşlik” edilməsin"

Məhbuslar icbari tibbi sığortadan yararlanacaq. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransında bildirib. Z.Əliyev qeyd edib ki, həbs edilmiş, müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası çəkən 1500-dən artıq şəxsə (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) hər il icbari tibbi sığorta hesabına tibbi xidmətlərin göstərilməsi planlaşdırılır. Onun sözlərinə görə, "Tibbi sığorta haqqında" qanuna edilən dəyişikliklər nəticəsində sığortaolunan şəxslərin əhatə dairəsi genişlənib: "Ədliyyə Nazirliyinin zəruri avadanlıq və mütəxəssisinin olmadığı hallarda xidmətlər icbari tibbi sığorta hesabına təmin olunacaq. Bunun üçün 200 min manata qədər maliyyə vəsaiti ayrılıb". 

D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Novella Cəfəroğlu “Sherg.az”a açıqlamasında bu xəbərin sevindirici olduğunu dedi: 

- Çox yaxşı xəbərdir, sevindim. Məhbusların müalicə olunmağa maddi imkanları çatmır. Cəzaçəkmə müəssisələrinin də elə geniş imkanları yoxdur ki, xəstə məhbusların müalicəsini təşkil edə bilsin. Məsələ təkcə xəstə məhbuslar da deyil. Ümumiyyətlə, məhbuslar vaxtaşırı tibbi müayinədən keçirilməlidir. Bilinməlidir səhhətlərində hansısa problem var, yoxdur. Müayinə olunsalar, xəstəliklərin qarşısı da alınar. Bu, daha az vəsait tələb edir, nəinki xəstəliklərin müalicəsi. Məhbuslar da bu ölkənin vətəndaşlarıdır, onların məhbus olması, sağlamlıq hüquqlarını məhdudlaşdırmır, yalnız azadlıq hüququnu məhdudlaşdırır. 

N.Cəfəroğlu bildirdi ki, cəzaçəkmə müəssisələrinə səfərləri zamanı bəzi müəssisələrdə dərman təminatının qənaətbəxş olmadığı, xüsusilə nevroloji xəstəliklərdən - epilepsiya, serebral iflic və digər xəstəliklər, QİÇS və şəkərli diabetdən əziyyət çəkənlər üçün dərmanların olmadığını müəyyən edirlər: 

- Məhbuslar arasında tibbi xidmətlərdən şikayət edənlər də olur, həkim qəbuluna düşmək istədiklərini, müayinə olunmaq istədiklərini deyirlər. Bildirirlər ki, müayinə və müalicə məsələlərində çətinliklə üzləşirlər. Ona görə də, bütün vətəndaşlara tətbiq edilən tibbi sığorta imtiyazları cəzaçəkən şəxslərə də şamil edilməlidir. Onlar da bu ölkənin vətəndaşlarıdır. Biz hüquq müdafiəçiləri, Ədliyyə Nazirliyi yanında İctimai Şura üzvləri də müşahidələrimiz əsasında məlumatları təqdim edirik. Nəticədə real vəziyyət məlum olur. Xəstə məhbusların müalicəsi, demək olar, ailələrinin üzərinə düşür. Buna da hər ailənin maddi imkanı çatmır. Amma dövlət hesabına, icbari tibbi sığorta hesabına təşkil olunsa, çox yaxşı olar, məhbuslar da müalicə alar, dərmanlarla təmin edilər. Məhbuslar arasında epilepsiya xəstəsi, serebral iflic xəstəsi olan məhbuslar, yaşlı məhbuslar var. Elələri var, şəkər xəstəsidir, yüksək qan təzyiqi var, böyrək çatışmazlığı, ağciyər problemləri olanlar var. Ciddi xəstələr var ki, ailələrin də müalicə xərclərini qarşılamağa imkanları çatmır. Ailəsi olmayanlar da var. Onların müalicə xərclərini kimsə qarşılamır. İcbari tibbi sığorta məhbuslara da şamil ediləcəksə, buna ancaq sevinmək olar. Gərək dəqiq müəyyən edilsin ki kimin təcili müalicəyə ehtiyacı var, bu məsələdə də “tərəfkeşlik” edilməsin, həkimlər müayinə etsin, xəstəlik tarixçəsinə baxsınlar və zəruri ehtiyacı olanlara ilk növbədə yardım göstərilsin. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
sherg.az

1Mənbələr