Pirallahı rayonu Bakı şəhərinin 12 inzibati rayonundan biri və ən yenisidir. Milli Məclisin 21 dekabr 2012-ci il tarixli qərarı ilə Xəzər rayonunun inzibati ərazi hesabına yaradılıb.
Bu cırtdan rayon 4 inzibati-ərazi vahidinə malikdir: Pirallahı, Çilov, Neft Daşları və Gürgən.
Əhalisi 21302 nəfərdir. 17,56 kvadrat metr ərazisi ilə San Marino kimi “özünə tay” dövlətdən belə kiçikdir. Əvvəlki adı da əcnəbidir – Artyom.
“Yeni Sabah” Pirallahı rayonundan reportajı təqdim edir:
Pirallahıya aparan yol dənizin üzərində tikilmiş körpüdən başlayır. Körpünün tikintisi 1943-cü ildə başa çatıb. O vaxta qədər ada ilə sahil arasında nəqliyyat vasitəsi kimi qayıq, gəmi və katerlərdən istifadə olunub.
“Damba” adlanan körpünün tikilməsi ilə Pirallahı həm də süni yarımada statusu alıb.
Pirallahı adasını paytaxtla birləşdirən müasir körpünün tikintisi başa çatandan sonra 1943-cü ildən insanlara xidmət edən damba-bənd sökülüb, gəmilərin sərbəst keçidi, su idmanı növlərinin inkişaf etdirilməsi üçün şərait yaradılıb.
Əvvəllər adaya gediş-gəliş üçün elektrik qatarları olsa da, 2012-ci ildə Pirallahını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün tikintisi ilə əlaqədar qatarların hərəkəti dayandırılıb və dəmir yol xətti sökülərək ləğv edilib. Bundan sonra, 11 may 2017-ci il tarixdə paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışı olub və körpü 9 aşırımdan ibarətdir.

Baxdıqca düşünürəm ki, bu körpü təkcə sahilləri birləşdirmir, sanki şəhərin səs-küyünü də arxada qoyur. Bura o qədər sakitdir ki, asfaltın üzərində irəlilədikcə Xəzərin nəfəsini belə eşitmək mümkün olur. Körpünün üzərindən baxanda dənizin təmizliyi dərhal gözə dəyir. Su o qədər şəffafdır ki, səthinə düşən Günəş işığı insanın gözlərini qamaşdırır. Suyun üzərində isə saysız-hesabsız quşlar süzür. Həmin quşlar külək əsdikcə qanadlanıb dəstə halında suyun üzərində uçuşurlar. Deyəsən, onlar Pirallahı səmasının əsl sahibləridir...

Sahilə yaxınlaşdıqca qayıqlar görünür. Suyun kənarında sıra ilə düzülmüş bu qayıqlar sanki uzun bir səyahətdən sonra dincələn dəniz adamlarıdır. Ehtimal edirəm ki, bu qayıqlardan balıqçılar istifadə edir.
Ətrafda gəzdikcə gördüyüm sakitlik məni bir az qorxudur. Burada insanlar, maşınlar, uşaqlar, bir sözlə, heç kəs heç yerə tələsmir.
Qayıqların olduğu yer Nərəkənd balıq bazarı parkı adlanır. Addımladıqca dəniz havası, suyun ətri, küləyin vıyıltısı, havanın səssizliyi və quşların qanadlarının çırpıntılarının səsləri biri-birinə qarışır.

Körpüdən keçəndən sonra rayonun özünə tərəf getməyi qərara aldım. Maraqlı, gəzməli və görməli yerlər axtarışına çıxıb yola düzəldim. Burada ilk diqqətimi çəkən məqamlardan biri ətrafın təmizliyi oldu. Küçələr səliqəlidir, tullantı yoxdur, sanki hər kəs keçdiyi məkana şəxsi evi kimi yanaşır. İnsanlar burada avtomobillərdən çox velosipedə üstünlük verir.
Təmizlik işçiləri belə, kişili, qadınlı hamısı velosipedlə hərəkət edir. Yol uzaq olsa da, bura tıxacsız, sakit və qəribə bir rahatlıqla doludur.

Qəsəbənin ruhunu anlamaq üçün Pirallahı məscidinə baş çəkmək kifayətdir. Məscid nə təmtəraqlıdır, nə də təmtərağa iddialı. Həyətə girəndə ətrafdakı təmizlik insanın ruhunu oxşayır. Lakin burada dərin bir mənəvi ağırlıq var... Sanki edilən dualar küləklə ətrafa yayılır.
Məscidin ətrafında hökm sürən sakitlik insanı istər-istəməz yavaşlamağa məcbur edir. Girişdə sağ tərəfdə isə yuyucuxana gözümə dəyir. Yuyucuxana balaca otaqdan ibarət yerdir. Çöldə isə tabut və xalçalar var. Baxdıqca bir anlıq insan ömrünün gedişatı gözümün önündə canlandı...

Gəzdikcə insanlardan burada olan görməli yerlər haqqında soraq alırdım. Əslində, ən çox maraqlandığım yerlərdən biri də pirlər və ziyarətgahlar idi. Lakin kimdən soruşurdumsa, burada elə bir yerin olmadığını deyirdi. Nə yalan deyim, buna bir az sevindim. Ən azından yerli sakinlərin mövhumatdan uzaq qalması məni qürurlandırdı... Bir az kədərləndim ki, maraqlı yerlər tapa bilməyəcəm.
Yaxınlaşdığım bir nəfər isə Pirallahıda olan rus qəbiristanlığı haqqında məlumat verdi. Yolu soruşa-soruşa gəlib qəbiristanlığa çıxdım. Bizim qəbiristanlıqlardan fərqli olaraq kənarları hasarlanmamışdı. Yalnız hər kəs öz ölüsünün qəbrinin kənarına dəmir çərçivələr çəkmişdi.
Məzarların hamısı dəmir və taxtadan hazırlanmış xaç formasında idi. Daşların çoxunda fotolar yoxdur, adlar isə zaman keçdikcə bir az solğunlaşıb. Hər qəbrin yanında balaca masalar qoyulub. Səbəbini bilmədim. Yəqin ki, ziyarətə gələnlərin oturması üçün idi. Bəzi məzarlıqlar isə çökmüş və daşları yıxılmışdı. Yeni vəfat edənlərin isə qəbir daşlarının üzərində fotoları da var idi.

Geri qayıdanda Pirallahının mərkəzində ucalan “Vətən uğrunda” abidə-kompleksini də gördüm. Abidə məktəbin yaxınlığında yerləşirdi. Aypara formasında inşa edilən bu kompleks yuxarıdan baxıldıqda aypara və səkkizguşəli ulduz təsiri bağışlayır. Abidədə 44 şəhidin mərmər lövhələr üzərində şəkilləri, ad və soyadları həkk olunub.

Bir az irəlidə, yolun kənarında “Daş kitabə” adlanan qaya daşlarından qurulmuş kompozisiya gözümə dəydi. Bu daşlar adi daş deyildi. Kompozisiyada tarixi və müasir memarlıq abidələri, neft buruqları, yelkənli gəmi, qədim mayak və müasir körpü təsvir olunub.
Düşündüyüm əsas məqam isə şəhərdə işləyən insanların, universitetlərdə oxuyan tələbələrin hər gün bu yolu gedib-gəlməsidir. İnsanlar təqribən günün 3-4 saatını yolda keçirirlər. Lakin məncə, sonda bu sakitliyə qayıtmaq insanın ruhunun dincəlməsi üçün kifayətdir.

Hər gün o qədər qaçaqaçda oluruq ki, burada keçən günün ardından düşünürəm ki, burada zaman daha yavaş axır, insanlar daha sakitdir, həyat isə daha təmizdir...
Pirallahıdan ayrılarkən anlayırsan ki, buradan təkcə görüntülərlə yox, müəyyən düşüncələrlə də qayıdırsan. Bu yer insana səs-küylü şəhər həyatının alternativinin mövcud olduğunu bir daha göstərir. Burada həyat daha sakit axır, insanlar tələsmir, gündəlik qayğılar isə bir qədər arxa plana keçir. Körpüdən geri dönəndə hiss edirsən ki, Pirallahı şəhərin içində sakit qalmağı bacaran nadir məkanlardan biridir.
Heç ayrılmaq istəməsəm də, yavaş-yavaş səs-küylü, tıxaclı Bakıya tərəf gəlməyə məcbur oluram...
Aydan Hacı






Telegram kanalımız