AZ

Nazir müavinlərinin sayı 4-ə çatdırıldı – “böyümə” hansı zərurətdən yarandı?



Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”yə dəyişiklik edilib. Bununla bağlı Prezident İlham Əliyev tərəfindən yeni Fərman imzalanıb. Dəyişikliyə əsasən, Kənd Təsərrüfatı nazirinin müavinlərinin sayı üçdən dördə artırılıb. Qərarın nazirliyin fəaliyyət istiqamətlərinin genişlənməsi və idarəetmənin daha çevik təşkili məqsədi daşıdığı bildirilir.

Məsələ ilə bağlı hazırda iqtisadçı ixtisasına malik olan kənd təsərrüfatı naziri Məcnun Məmmədovun mövcud üç müavininin təhsili və peşə fəaliyyəti diqqət çəkir. Nazirin müavinləri müxtəlif sahələr üzrə ixtisaslaşmış kadrlar olaraq nazirliyin fərqli istiqamətlərinə cavabdehlik daşıyırlar.

Nazir müavini İlhamə Qədimova peşəkar hüquqşünasdır. O, uzun illər hüquq sahəsində fəaliyyət göstərib, vəkillik və hüquqi ekspertiza istiqamətləri üzrə geniş təcrübə qazanıb. Hüquq təhsili və praktiki bilikləri ona kənd təsərrüfatı sahəsində normativ-hüquqi məsələlərin tənzimlənməsi və hüquqi nəzarətin həyata keçirilməsində mühüm rol oynamağa imkan verir.

Digər nazir müavini Elçin Zeynalovun təhsili daha çox texniki və iqtisadi sahələri əhatə edir. O, Azərbaycan Dövlət Neft Akademiyasında istehsal proseslərinin avtomatlaşdırılması üzrə ali təhsil alıb. Daha sonra iqtisadiyyat və beynəlxalq iqtisadi münasibətlər sahəsində əlavə ali təhsilini davam etdirib. Elmi fəaliyyəti nəticəsində fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. Onun bu çoxşaxəli təhsili kənd təsərrüfatında innovasiyaların və texnologiyaların tətbiqi, eləcə də iqtisadi planlaşdırma baxımından əhəmiyyətli hesab olunur.

Nazir müavini Sarvan Cəfərov isə politologiya və idarəetmə sahəsində təhsil alıb. O, Bakıda politologiya üzrə bakalavr pilləsini bitirib, daha sonra milli təhlükəsizlik və siyasi strategiya üzrə magistr dərəcəsi əldə edib. Bundan əlavə, biznesin idarə olunması üzrə MBA magistr proqramını da başa vurub. Onun idarəetmə və strateji planlaşdırma sahəsindəki bilikləri nazirliyin institusional inkişafına və idarəçilik proseslərinə töhfə verir.

Nazir müavinlərinin sayının artırılması ilə bağlı qərardan sonra dördüncü müavin vəzifəsinə kimin təyin ediləcəyi ictimai maraq doğursa da, bu barədə hələlik rəsmi açıqlama verilməyib. Gözlənilir ki, yeni təyinat kənd təsərrüfatı sahəsinin prioritet istiqamətlərindən birinin gücləndirilməsinə xidmət edəcək.

Baki-xeber.com saytının bununla bağlı sualını cavablandıran deputat Azər Badamov bildirib ki, bu məsələni Kənd Təsərrüfatı Nazirliyindən soruşmaq lazımdır, çünki ən dolğun məlumat onlardadır.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov isə qeyd edib ki, Prezidentin fərmanlarını şərh etmirlər.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, hazırda aqrar sahədə vəziyyət olduqca acınacaqlıdır. Onun sözlərinə görə, ola bilsin ki, bu sahədə fəaliyyəti genişləndirmək, sektoru gücləndirmək istiqamətində yeni layihələr nəzərdə tutulur və buna görə də hökumət işçi heyətinin genişləndirilməsi barədə qərar qəbul edib.

Dəniz NƏSİRLİ

Seçilən
10
baki-xeber.com

1Mənbələr