AZ

Tramp iqlim dəyişikliyi ilə mübarizədən imtina etdi

BAKI,TurkicWorld, Orxan Qədirzadə

ABŞ-ın Paris İqlim Sazişindən çıxmaqla bağlı qərarı 27 yanvar tarixindən etibarən rəsmi qüvvəyə minib.

TurkicWorld xəbər verir ki, Birləşmiş Ştatların Paris İqlim Sazişindən çıxışı barədə qərar BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi tərəfindən təsdiqlənib. Qərar ABŞ-ın BMT-yə rəsmi bildiriş təqdim etməsindən bir il sonra qüvvəyə minib. Prezident Donald Tramp müvafiq sərəncamı 2025-ci ilin yanvarında – andiçmə günündə imzalayıb.

Paris İqlim Sazişi qlobal istiləşmənin məhdudlaşdırılması və iqlim dəyişikliyinin ən dağıdıcı nəticələrinin qarşısının alınmasını hədəfləyir. ABŞ-ın sazişdən çıxması ölkənin istixana qazı emissiyalarının azaldılması üzrə öhdəliklərdən imtinası anlamına gəlir. Bununla yanaşı, ABŞ nümayəndə heyəti beynəlxalq iqlim konfranslarında iştirakını dayandırır.

Qərarın nəticəsi olaraq iqlim dəyişikliklərinə uyğunlaşma sahəsində ən yoxsul ölkələrə göstərilən maliyyə yardımının kəskin azalacağı bildirilir. Hazırda ABŞ Çindən sonra dünyada istixana qazlarının ikinci ən böyük mənbəyi hesab olunur. BMT-nin qiymətləndirmələrinə görə, mövcud iqlim siyasəti davam edərsə, əsrin sonuna qədər Yer kürəsində orta temperatur sənaye öncəsi dövrlə müqayisədə 2,8 dərəcə yüksələcək. ABŞ-ın sazişdən çıxması bu göstəricini əlavə olaraq təxminən 0,1 dərəcə artıra bilər.

Tramp administrasiyasının qərarı ekoloji təşkilatlar tərəfindən sərt tənqid olunub. “Greenpeace Deutschland” təşkilatının rəhbəri Martin Kayzer bu addımı beynəlxalq hüquqi nizam üçün “geosiyasi yanğın” adlandırıb və ABŞ-ın iqlim siyasətinin neft-qaz sənayesinin maraqlarına xidmət etdiyini bildirib. Onun sözlərinə görə, Avropa iqlim siyasətini davam etdirmək üçün yeni ittifaqlar formalaşdırmalıdır.

Qeyd edək ki, bu, Donald Trampın prezidentliyi dövründə ABŞ-ın Paris İqlim Sazişindən ikinci çıxışıdır. Trampın ilk prezidentlik müddətində də ABŞ sazişi tərk etmiş, sonradan Cozef Bayden administrasiyası ölkəni yenidən razılaşmaya qaytarmışdı. Bundan əlavə, Tramp administrasiyası BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasından və Hökumətlərarası İqlim Dəyişikliyi üzrə Ekspertlər Qrupundan çıxmaq niyyətini də açıqlayıb.

Seçilən
42
turkic.world

1Mənbələr