AZ

Deputat: "Kənd təsərrüfatında sistemli və struktur çatışmazlıqları formalaşıb"...



Milli Məclisin deputatı Cavanşır Paşazadə kənd təsərrüfatında mövcud problemlərlə bağlı çıxışlarında konkret bir şəxsi və ya qurumu birbaşa günahlandırmır. Onun fikrincə, əsas problem subsidiyaların verilmə mexanizminin səmərəsizliyində və bazar sisteminin düzgün qurulmamasındadır. Deputat hesab edir ki, bölgələrdə emal müəssisələrinin azlığı və mövcud azsaylı emalçıların bazarda üstün mövqeyə malik olması fermerlərin məhsullarını ucuz qiymətə satmağa məcbur qalmasına səbəb olur.

Eyni zamanda, subsidiyaların real investisiyaya çevrilməməsi və fermerlərin bazara çıxış imkanlarının yaradılmaması da mövcud vəziyyətin əsas səbəbləri kimi göstərilir. Paşazadənin mövqeyinə görə, problem ayrı-ayrı şəxslərdən deyil, kənd təsərrüfatında formalaşmış sistemli və struktur çatışmazlıqlardan qaynaqlanır.

Deputat bizimlə söhbətində bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən parlamentə təqdim olunan qanun layihələri Milli Məclisdə kifayət qədər həssaslıqla müzakirə olunur və qəbul edilir. Lakin buna baxmayaraq, əldə olunan nəticələr göstərir ki, bu sahədə mövcud sistem effektiv deyil. Onun sözlərinə görə, qanunvericilikdə kiçik pay torpaqlarının könüllü əsaslarla birləşdirilməsi üçün şəraitin yaradılması nəzərdə tutulsa da, bu mexanizm praktikada işləmir. Deputat vurğulayıb ki, kiçik pay torpaqlarında rentabelli məhsul istehsalı mümkün deyil. Elə fermerlər var ki, onlara yarım hektar pay torpağı düşür və bu torpaqda yol, texnikanın hərəkəti üçün manevr sahəsi və su arxı ayrıldıqdan sonra sahənin təxminən 20 faizi itkiyə gedir. Halbuki pay torpaqları birləşdirilsə və kooperativlər formalaşsa, minlərlə hektar əkinəyararlı sahədə istehsal aparmaq, məhsuldarlığı artırmaq daha asan olar. Belə kooperativlərə dövlət tərəfindən milyonlarla manat investisiya qoymaq da mümkündür. Deputatın sözlərinə görə, aidiyyəti qurumlar hələ də bu imkanlardan lazımi səviyyədə istifadə edə bilmir.

Cavanşır Paşazadə Kənd Təsərrüfatı Nazirliyində mütəxəssis çatışmazlığının olması fikri ilə də razılaşmadığını bildirib. Onun sözlərinə görə, nazirlikdə kifayət qədər peşəkar mütəxəssis mövcuddur, lakin nazirliyin rayonlardakı Dövlət Aqrar İnkişaf Mərkəzləri fəaliyyətini günün tələbləri səviyyəsində qura bilmir. Deputat hesab edir ki, DAİM-lər birbaşa fermerlərə işləməli, onların problemlərini yerində öyrənməli, səbəbləri araşdırmalı və həlli yollarını təklif etməlidir. Bu halda mövcud model çərçivəsində belə müəyyən uğurlar əldə etmək mümkün olar.

Hazırkı subsidiya modelini də tənqid edən deputat bildirib ki, subsidiyalar fermerlərə vaxtında çatdırılmalı və onların bazar seçimi imkanları genişləndirilməlidir. Onun fikrincə, fermerlərə subsidiyanın tam məbləğini nağdlaşdırmaq imkanı verilməlidir. Deputat qeyd edib ki, fermer payızda torpağı şumlamalı olduğu halda, şuma görə subsidiya növbəti ilin yazında və ya yayında verilirsə, fermer məcburən borc və ya kredit hesabına iş aparır. Bu isə əlavə maliyyə itkisi ilə nəticələnir.

Eyni zamanda subsidiya vəsaitinin 75 faizinin nağdlaşdırıla bilməməsi fermerləri müəyyən tədarükçü şirkətlərdən asılı vəziyyətə salır. Deputatın sözlərinə görə, bu cür “təhkimçilik” halları bəzi şirkətlərin sui-istifadəsinə şərait yaradır və onlar fermerlərə toxum, gübrə, herbisid və pestisid kimi vasitələri baha qiymətə və aşağı keyfiyyətdə satırlar. Keyfiyyətsiz toxum və gübrə ilə yüksək məhsuldarlıq əldə etməyin mümkün olmadığını vurğulayan Paşazadə bildirib ki, bu yanaşma fermerləri daha da ziyana salır.

Deputat bölgələrdə emal müəssisələrinin azlığını da fermerlər üçün ciddi maneə kimi qiymətləndirir. Onun sözlərinə görə, emal müəssisələrinin sayı az, fermerlərin sayı isə çoxdur və bu müəssisələr istehsal olunan məhsulu kütləvi şəkildə emal etmək gücündə deyil. Nəticədə fermerlərin böyük zəhmətlə istehsal etdiyi məhsul çox ucuz qiymətə satılır və fermer yenidən ziyana düşür. Paşazadə hesab edir ki, bu proses davam edərsə, bir neçə ildən sonra kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlərin sayı kəskin azalacaq və insanlar torpaqdan üz döndərəcək.

Akif NƏSİRLİ

Seçilən
10
baki-xeber.com

1Mənbələr