AZ

Final matçındakı qalmaqal araşdırılır - mərakeşlilər AFK və FİFA-dan şikayət edəcəklər

Afrika Millətlər Kuboku başa çatsa da, turnirin həyəcanı davam edir. Amma burda söhbət heç də idman planında yaşanan həyəcandan getmir.

"Football-plus.az" xəbər verir ki, Afrika Futbol Konfederasiyası (AFK) finalda yaşanan qalmaqalla bağlı rəsmi bəyanat yayıb. Turnirin Seneqal və Mərakeş yığmalarının qarşılaşdıqları həlledici oyununun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Amma əsas vaxt sona çatmamış meydanda ard-arda maraqlı hadisələr yaşanıb. Hakim Jan Jak Ndala Nqambo əvvəlcə Seneqalın vurduğu qolu qeydə almayıb, az sonra isə bu komandanın qapısına mübahisəli penalti təyin edib. Buna etiraz olaraq Seneqalın baş məşqçisi Pap Tiav futbolçuları meydandan çıxarıb, bu yığmanın azarkeşləri isə meydana daxil olmağa cəhd ediblər. Bir neçə dəqiqə sonra oyun bərpa olunub, mərakeşli Braim Dias penaltini dəqiq yerinə yetirə bilməyib. Seneqal yığması əlavə vaxtda vurduğu qolla qələbə qazanaraq turnirin qalibi olub.

AFK-nın finalda baş verən qalmaqalla bağlı rəsmi bəyanatında belə bildirilib:
“Konfederasiya Mərakeş və Seneqal komandaları arasında keçirilən Afrika Millətlər Kubokunun finalında bəzi futbolçuların və rəsmi şəxslərin yol verdiyi qəbuledilməz davranışları qətiyyətlə pisləyir. Xüsusilə hakimlər briqadasına və ya matçın təşkilatçılarına qarşı yönəlmiş hər cür uyğun olmayan hərəkətlər yolverilməzdi. Bütün videomateriallar nəzərdən keçirilir və məsələ müvafiq orqanlara göndəriləcək. Günahkar şəxslərlə bağlı lazımi tədbirlər görüləcək”.
Finalda yaşanan gərginlik və Seneqal yığmasının məlum etirazı FİFA rəhbərliyinin də diqqətindən yayınmayıb. Ali futbol qurumunun prezidenti Canni İnfantino matçda başverənləri, xüsusilə futbolçuların və azarkeşlərin davranışını kəskin tənqid edib:
“Seneqallı futbolçuların meydanı tərk edib paltardəyişmə otağına yollanmasını qətiyyətlə pisləyirik. Bu, qəbuledilməz davranışdı. Şahidi olduğumuz o dəhşətli səhnələr qınanmalı və bir daha təkrarlanmamalıdı”.

FİFA-nın rəhbəri idmanda zorakılığa yer olmadığını vurğulayıb:
“Meydanı bu şəkildə tərk etmək yolverilməzdi. İdmanımızda zorakılığa dözmək olmaz, bu, sadəcə qəbuledilməzdi. Biz həm meydanda, həm də ondan kənarda hakimlərin qərarlarına hər zaman hörmət etməliyik. Komandalar oyun qaydalarına riayət etməlidilər, çünki istənilən başqa davranış futbolun mahiyyətini təhlükə altına atır”.

Turnirin təşkilatçı ölkəsi olan Mərakeş Futbol Federasiyası da sərt addımlar atmağa hazırlaşır. Qurum AFK və FİFA-ya qarşı məhkəmə iddiası qaldırmağı planlaşdırır. Federasiyanın X hesabında yayılan bəyanatında deyilir:
“Mərakeş Futbol Federasiyası Seneqal yığmasının final matçında iştirakdan imtina cəhdi və hakimin penalti qərarından sonra baş verən hadisələrlə əlaqədar AFK ilə FİFA-nı məhkəməyə verməyə hazırlaşır. Halbuki ekspertlər hakimin məlum qərarını doğru hesab ediblər. Yaşananlar matçın gedişinə və futbolçuların oyununa ciddi təsir göstərib”.

Federasiya bununla yanaşı, azarkeşlərə də müraciət edib:
“Federasiya milli komandaya sadiq qalan və bütün oyunlarda nümunəvi dəstək nümayiş etdirən mərakeşli azarkeşlərə səmimi təşəkkürünü bildirir. Həmçinin bu qitə turnirinin uğurla keçirilməsinə töhfə verən hər kəsə minnətdarlığımızı çatdırırıq”.

Dünya mediasının son xəbərlərinə əsasən, Seneqal komandası finalda baş verən hadisələrə görə ciddi intizam tədbirləri ilə üzləşə bilər. Baş məşqçi Tiavın və milli komandanın bir neçə oyunçusunun uzunmüddətli diskvalifikasiya edilmək təhlükəsi var. Mümkün sanksiyaların iyunda qüvvəyə minəcəyi, bu yay keçiriləcək dünya çempionatının oyunlarına şamil edilə biləcəyi də vurğulanır.
Seçilən
17
1
football-plus.az

2Mənbələr