Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ-nın Ukraynaya təhlükəsizlik zəmanəti verməsi Kiyevin sülh sazişinə razılığından asılıdır. Ehtimal olunur ki, mümkün sülh razılaşmasında Donbas bölgəsinin Rusiyaya verilməsi tələbi də yer alacaq.
Reyting.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti danışıqlarla tanış olan səkkiz mənbəyə istinadla məlumat yayıb.
Qəzetin iddiasına görə, ABŞ prezidenti Donald Tramp administrasiyası bu tələbi Ukrayna tərəfinin diqqətinə çatdırıb.
Məlumata əsasən, Vaşinqton bildirib ki, Kiyev hazırda nəzarətində olan şərq bölgələrinin bir hissəsindən qoşunlarını çıxarmağa razılıq verərsə, sülh dövründə Ukrayna ordusunun gücləndirilməsi üçün daha çox silah təklif edilə bilər.
“Reuters” agentliyi bu iddiaları dərhal yoxlaya və ya təsdiqləyə bilmədiyini qeyd edib.
Xatırladaq ki, prezident Vladimir Zelenski daha əvvəl ABŞ-nın Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə dair sənədinin “100 faiz hazır olduğunu” və Kiyevin onun imzalanması üçün vaxt və yer barədə razılaşmanı gözlədiyini bildirmişdi. Zelenski ardıcıl olaraq vurğulayıb ki, Ukraynanın ərazi bütövlüyü istənilən sülh razılaşmasında qorunmalıdır.
Lakin Ukraynada Vaşinqtonun təhlükəsizlik zəmanətlərinə sadiq qalacağına dair şübhələr getdikcə artır. Ukraynanın yüksək vəzifəli rəsmisinin sözlərinə görə, ABŞ “hər dəfə zəmanətlərin imzalanması mərhələsi çatdıqda geri çəkilir”.
Məlumata görə, Kiyev hər hansı ərazi güzəştinə getməzdən əvvəl təhlükəsizlik zəmanətlərinin rəsmən təsdiqlənməsini tələb edir. ABŞ isə hesab edir ki, Ukrayna müharibəyə son qoymaq üçün Donbasdan imtina etməlidir və bu tələbdən vaz keçməsi üçün Rusiya prezidenti Vladimir Putinə təzyiq göstərmir.
Ağ evin mətbuat katibinin müavini Anna Kelli isə bildirib: “Bu, qətiyyən doğru deyil. ABŞ-nın sülh prosesindəki yeganə rolu tərəfləri bir araya gətirmək və razılaşmaya nail olmaqdır”.
ABŞ-nın mövqeyi ilə tanış olan başqa bir mənbə də Vaşinqtonun “Ukraynanı ərazi güzəştlərinə məcbur etməyə çalışmadığını” deyib. Onun sözlərinə görə, təhlükəsizlik zəmanətləri yalnız hər iki tərəfin sülh razılaşmasına razılıq verməsindən sonra mümkün ola bilər.
E. KAMAL
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.