AZ

İcbari tibbi sığortanın Xidmətlər Zərfinə koxlear implantasiya ilə bağlı 3 yeni tibbi xidmət əlavə edilib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 27 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilən “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilib. Qəbul olunan dəyişikliyə əsasən, anadangəlmə ağır dərəcəli eşitmə məhdudiyyətli şəxslərin tibbi təminatının gücləndirilməsi məqsədilə koxlear implantdan istifadə edən şəxslər üçün 3 yeni tibbi xidmət Xidmətlər Zərfinə daxil edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev 2025-ci ilin yekunları və gələcək hədəflər ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

O deyib ki, bu xidmətlər koxlear implantın nitq prosessorunun tənzimlənməsi, yenilənməsi və əvəzlənməsini əhatə edir. “Belə ki, koxlear implantın istifadəsindən bir il keçdikdən sonra nitq prosessorunun 4 dəfə tənzimlənməsi xidməti icbari tibbi sığorta hesabına təmin olunacaq. Sözügedən xidmət cihazın istifadəçiyə uyğunlaşdırılmasına, eşitmə performansının optimallaşdırılmasına və reabilitasiya prosesinin daha effektiv aparılmasına imkan verəcək. Eyni zamanda, ən azı 5 il müddətində istifadə edilmiş köhnə nitq prosessorlarının daha müasir texnoloji imkanlara malik yeni model nitq prosessorları ilə əvəz olunması da icbari tibbi sığorta təminatına daxil edilib. Bu dəyişiklik eşitmə keyfiyyətinin və gündəlik kommunikasiya imkanlarının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına şərait yaradacaq. Bundan əlavə, müvafiq qaydalar çərçivəsində zəmanət müddəti bitmiş və texniki cəhətdən yararsız hala düşmüş nitq prosessorlarının eyni modelin yenisi ilə əvəzlənməsi xidməti də Xidmətlər Zərfi təminatına alınıb. Qəbul olunan qərarların koxlear implantdan istifadə edən şəxslərin uzunmüddətli və davamlı tibbi dəstəklə təmin olunmasına, onların sosial həyata daha fəal inteqrasiyasına xidmət edir”, - deyə Zaur Əliyev vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
15
azertag.az

10Mənbələr