AZ

Ramiz Mehdiyevin adı keçən 18 illik uşaq oğurluğu dosyesi yenidən açılır – DTX-dən cavab

Ramiz Mehdiyevin adı keçən 18 illik uşaq oğurluğu dosyesi yenidən açılır – DTX-dən cavab

“Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə ünvanladığım məktubun cavabı gəlib. Yazıblar ki, müraciətimi alıblar. Ümidliyik ki, bu dəfə cinayət tam və hərtərəfli şəkildə araşdırılacaq”.

AFN.az xəbər verir ki, bu sözləri Musavat.com-a Şabran rayonunun Dağbilici kənd sakini Zamir Məcidov deyib.

Onun sözlərinə görə, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Ramiz Mehdiyev istintaqa cəlb edildikdən sonra 2007-ci ilin avqustunda qızları Nailə və Reyhanənin oğurlanması və izlərinin itirilməsi cinayətinin üstünün açılacağına inamları yaranıb.

Zamir Məcidovun Musavat.com-a dediklərindən sitat:

“Övladlarım – 15 yaşlı Nailə və 8 yaşlı Reyhanə Məcidovalar oğurlandıqdan sonra baş verən hadisələr bu cinayətin Ramiz Mehdiyevlə əlaqəli olduğunu açıq şəkildə ortaya qoyur. Qızlarımı sifarişlə oğurlayan Təvəkkül İsmayılov məhkəmədə açıq dedi ki, uşaqları rəisin müavini Məmmədmusaya təhvil verib. Lakin Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyev Məmmədmusanı sona qədər müdafiə etdi və onunla bağlı araşdırma aparılmasına imkan vermədi.

Sonradan bizi sakitləşdirmək, cinayətin izlərini ört-basdır etmək üçün qapımıza bir meyit gətirdilər. Orta yaşlı bir qadının meyiti idi. Biz meyitə baxış keçirdik və bildirdik ki, bu, bizim övladımızın meyiti deyil. Meyiti özləri aparıb dəfn etdilər. Meyitin ekspertizasının guya Rusiyada keçirildiyini dedilər.

Ekspertiza rəyində Rusiyadakı ekspertiza bürosunun telefon nömrəsi göstərilmişdi. Həmin nömrəyə zəng etdim, dedilər ki, belə bir rəy verməyiblər. Bundan sonra Rusiyada yaşayan qohumumu həmin ekspertiza bürosuna göndərdim. Ona bildiriblər ki, meyitdən nümunələr götürüb ekspertiza apara bilərlər, bunun üçün isə 3 min dollar tələb olunur.

Mən ekshumasiya üçün vəsatət qaldırdım, lakin təmin edilmədi. Bütün bunlar cinayətin izlərinin məqsədli şəkildə ört-basdır edilməsi idi.

Bu addımları o dövrdə kim ata bilərdi? Ramiz Mehdiyev və onun kürəkəni İlhamın Şabran rayonunun Kilvar kəndindəki imarətlərinə düz bizim kəndin ortasından gedib-gəlirdilər. Qızlarım oğurlandıqdan sonra hər ikisinin Şabran Rayon VVAQ şöbəsindəki sənədləri də yerli-dibli yoxa çıxıb. Bunu kim edə bilərdi?”

Zamir Məcidov bildirib ki, qızlarının oğurlanması və izlərinin itirilməsi faktlarının Ramiz Mehdiyevin cinayət işi çərçivəsində araşdırılması üçün Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə rəsmi müraciət edib.

Onun fikrincə, bu cinayətlərin arxasında güclü və toxunulmaz bir şəbəkə dayanır. Zamir Məcidovun sözlərinə görə, qızlarının oğurlanması Ramiz Mehdiyevin nəvəsinin səhhətində yaranmış ciddi problemlərlə eyni dövrə təsadüf edib və bunun təsadüf olmadığı qənaətindədir.

Burada söhbət qorunan, hifz olunan mütəşəkkil cinayətkar qruplaşmanın fəaliyyətindən gedir. Bu qruplaşma izlərin itirilməsi məqsədilə son dərəcə ciddi addımlar atıb.

Dağbilici kəndindən oğurlanan bir qadın və iki azyaşlı qızla bağlı cinayət işinin izlərinin məqsədli şəkildə itirilməsinə dəlalət edən kifayət qədər fakt mövcuddur.

Zamir Məcidovun bu məsələdə Ramiz Mehdiyevin adını çəkməsi təsadüfi deyil. 2000–2015-ci illər Azərbaycan idarəetmə tarixində xüsusi bir mərhələ idi. Ramiz Mehdiyevə yaxın şəxslər rayonlara icra başçısı və yüksək vəzifələrə təyin olunurdu.

Maraqlıdır ki, Şabranda polis rəisi olmuş Nizami Sadıqov da bu “kadr siyasəti”ndən kənarda qalmadı. O, 2009-cu ildə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edildi və 2014-cü ilədək bu vəzifədə saxlanıldı.

Sual açıq qalır – polis rəisliyindən birbaşa icra başçısı postuna göndərilmə təsadüf idimi?

Zamir Məcidov bu gün də iki azyaşlı qızının oğurlanması cinayətinin açılmasını tələb edir və açıq şəkildə bildirir ki, bu cinayət birbaşa Ramiz Mehdiyevin adı ilə bağlıdır.

Seçilən
1
6
afn.az

7Mənbələr