AZ

Müəllimlər summativ qiymətləndirmənin təşkilində laqeydlik edir Ekspertdən AÇIQLAMA

ain.az, Avtosfer saytına istinadən bildirir.

Son illər orta ümumtəhsil məktəblərində summativ qiymətləndirmələrin sayı və rolu artsa da, bu qiymətləndirmələrin şagirdlərin real bilik və bacarıqlarını nə dərəcədə əks etdirməsi cəmiyyətdə müzakirə mövzusuna çevrilib. Rəsmi olaraq summativ qiymətləndirmələr şagirdin rüb ərzində keçdiyi mövzular üzrə ümumi bilik səviyyəsini ölçməli və obyektiv qiymət formalaşdırmalıdır. Lakin valideynlərin, müəllimlərin və təhsil mütəxəssislərinin müşahidələri göstərir ki, bu proses hər zaman eyni səviyyədə və eyni ciddiliklə həyata keçirilmir.

Avtosfer.az xəbər verir ki, bəzi məktəblərdə summativ qiymətləndirmələr şagirdin bilik və bacarıqlarını real şəkildə üzə çıxardığı halda, bəzi hallarda bu imtahanlar formal xarakter daşıyır, nəticələr isə reallığı əks etdirmir. Nəticədə yaxşı oxuyan şagirdlə zəif oxuyan şagird arasında fərq azalır, qiymətləndirmənin stimullaşdırıcı rolu zəifləyir və summativlər sadəcə “rəqəm xatirinə rəqəm”ə çevrilir.

Bu vəziyyət bir sual doğurur. Summativ qiymətləndirmələr doğrudan da şagirdin bilik səviyyəsini ölçür, yoxsa mövcud sistem sadəcə kağız üzərində işləyir?

Suallara aydınlıq gətirmək üçün təhsil eksperti Ramin Nurəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, summativ qiymətləndirmələr orta təhsil məktəblərində önəmlidir, amma təəssüf ki, ciddi nəzarət altında keçirilmir:

"Şagirdin rüb ərzində keçilən mövzular üzrə bilik və bacarıqları summativ qiymətləndirmənin nəticəsində üzə çıxarılır və ümumi qiymət formalaşdırılır. Çünki orta ümumtəhsil məktəblərində qiymətləndirmə əsasən summativ imtahanın nəticələrinə əsaslanır. Məhz buna görə də şagirdin hər hansı bir fənn üzrə bilik və bacarıqlarını əks etdirən əsas qiymətləndirmə meyarı summativ qiymətləndirmə hesab olunur. Bəs bu summativ qiymətləndirmə şagirdin nəticələrini ortaya çıxarmaq üçün kifayət edirmi? Mən hesab edirəm ki, əslində, bəli, kifayət edir. Çünki əgər hər hansı bir fənn üzrə rüb ərzində keçirilən mövzuların ümumi qiymətləndirilməsi aparılırsa, bu, şagirdin bilik səviyyəsini ölçmək üçün yetərli ola bilər. Amma burada əsas məsələ summativ imtahanın hansı formada keçirilməsidir. Bəzi orta ümumtəhsil məktəblərində summativ qiymətləndirmələr həqiqətən də ciddi və obyektiv şəkildə təşkil olunur. Təəssüf ki, bəzi məktəblərdə isə bu proses kifayət qədər ciddi aparılmır və summativ qiymətləndirmə formal xarakter daşıyır. Belə hallarda imtahan sanki yola verilir və şagirdlərin asanlıqla növbəti sinfə keçməsinə şərait yaradılır. Bu isə ümumi nəticələrə birbaşa təsir göstərir. Məsələn, yaxşı oxuyan şagirdlə zəif oxuyan şagird arasında summativ qiymətləndirmə zamanı ciddi fərq müşahidə olunmur. Hətta bəzən iki və ya üç qiyməti almalı olan şagirdlərin dörd və ya beş qiymətlərinə yaxın nəticələr əldə etdiyi hallara rast gəlinir. Bu da imtahanın keçirilmə prosesinin kifayət qədər ciddi olmadığını göstərir. Bəzi hallarda istər məktəb rəhbərliyi, istərsə də fənn müəllimi tərəfindən summativ qiymətləndirmənin təşkilində laqeydlik müşahidə olunur. Nəticədə şagirdlərdə bu imtahana qarşı məsuliyyət hissi formalaşmır. Şagird düşünür ki, bu onsuz da summativ qiymətləndirmədir və hazırlıqsız olsa belə, imtahandan keçəcək".

Ekspertin sözlərinə görə, summativ qiymətləndirmələr əslində lazımlıdır və düzgün tətbiq edildikdə çox faydalıdır:

"Çünki bu imtahanlar şagirdin həmin fənn üzrə rüb ərzində əldə etdiyi ümumi bilik və bacarıqları ölçən və qiymətləndirən mühüm vasitədir. Lakin bu, yalnız summativ qiymətləndirmə obyektiv, keyfiyyətli və ciddi nəzarət altında keçirildiyi halda mümkündür. Əks təqdirdə isə bu qiymətləndirmənin heç bir real faydası olmur. Nəticə etibarilə, demək olar ki, orta ümumtəhsil məktəblərində summativ qiymətləndirmələrin keçirilməsi məktəbdən məktəbə fərqlənir. Bəzi məktəblərdə bu proses həqiqətən də ciddi şəkildə aparılır. Təəssüf ki, bəzi məktəblərdə isə summativ qiymətləndirmə formal xarakter daşıyır, tələb olunan səviyyədə təşkil edilmir və nəticədə onun dəyəri aşağı düşür".

Nurcan Babək

Oxunub 40

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
avtosfer.az

1Mənbələr