AZ

“Bizi həmişə təzim pozasında görmək istəyənlər olub...”

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

BİRİNCİ MƏQALƏ

GİRİŞ

Bu məqalə ənənəvi tamaşaçıdan alternativ tamaşaçıya keçid dövrü haqqındadır.

Biz burada televiziyanı sadəcə əyləncə, sadəcə informasiya vasitəsitək təmsil etmirik və etməyəcəyik. Televiziyanın bir qınaq hədəfinə çevrilməsinin, ənənəvi olmayan, amma nisbətən oxşar vasitələrlə təhdid edilməsinin əsl səbəblərini araşdıracağıq. Bu, heç də yeniliklə köhnəliyin təbii mübarizəsi deyil.

Bir daha əmin olacağıq ki, televiziya indi olduğundan dəfələrlə artıq əhəmiyyətə malikdır:

- Birincisi: televiziya müstəqil dövlətin əsas dayaqlarından biridir.

- İkincisi: televiziyanın timsalında ilk növbədə ailə institutu özünə etibarlı müttəfiq tapıb.

- Üçüncüsü: televiziya bütövlüyünü bir vətəndaş olaraq qorumalı olduğumuz milli-coğrafi, mənəvi ərazidir.TELEVİZOR: MÜSTƏQİL DÖVLƏT - MÖHKƏM AİLƏ MODELİ ÜÇÜN

Televiziyanı sadəcə bir məlumat kitabçası, kinoteatr, konsert salonu, idman arenası və s. kimi təqdim etmək yanlış olardı. Xüsusilə indi. Ənənəvi televiziya enerjisini, spesifik alternativ enerjinin-bərpa olunan yayım platformalarının qarabaqara izlədiyi bir zamanda. Və biz bu gün televiziyadan yox, daha çox televizordan bəhs edəcəyik. Ona görə ki, televizor evi, yəni dövlət modelini tərk etməyə qoymur, bizi mənzilə çəkir. Ailəyə çəkir. Ailə bu unikal varlığın ətrafına bir süfrə başına yığışan kimi toplaşır. Televizora rəqib olan bütün kiçik cihazlar isə - burada planşetlər, notbuklar, göstərmək, yaymaq və dinlətmək imkanına malik olan mobil telefonlar sizi, bizi harasa daşıyır, getməyə, aparılmağa sövq edir.

Bu baxımdan yalnız televizor unitardır. Məsələn, siz telefonlarla, planşetlərlə, notbuklarla paylanaraq parçalanır, harasa gedərkən klassik birlikdən, vəhdətdən aralanırsınız. Bu, əlbəttə sizin baxdığınız vasitələri xırdalayır, ona bir fəst-fud məzmunu verir. Necə deyərlər, əlinizdəki dürmək, yaxmac kimi: götürüb gedirsiniz. Siz bir anda milyonlarla tamaşaçıya malik olan bir qurğunu-televizoru “20 min baxıb, 200 min baxış olub” kimi kiçilməyə təhrik edən alətə dəyişirsiniz. Miqyas etibarilə isə hətta bir küçə boyda, prospekt boyda belə olmursunuz. Televizorun aşıladığı qaydalar, vərdişlər, adətləşmiş detallar bizi bir yerə yığır, birləşdirir. Dövlət başçısının müraciətləri, Yeni il mavi işıqları, hərbi paradın translyasiyası, telemarafonlar, burada nümayiş etdirilən filmlər, ailə üçün nəzərdə tutulan layihələr məhz ona xidmət edir ki, hamı birləşsin. Ailə modelinə uyğun olaraq. Göstərmək imkanına malik olan, amma heç bir halda tamhüquqlu televizor olmayan və heç vaxt da olmayacaq cib cihazları isə ailə dayaqlarından fraqmentləri, parçaları daşıyaraq aparır, xəfif-xəfif zədələyir, laxladır, hər birimizin, o cümlədən övladımızın- (oğul, ya qız: fərqi yoxdur...), oğrun şəkildə ailə dairəsindən kənara çəkilərək separatcasına özünə qurşanmasına xidmət edir. Evində televizorun önünü tərk edən tamaşaçılar yeni qaçqın tipi yaradaraq planşetə, mobil telefona və ya bu sinifdən olan başqa daşıyıcılara, çadırlara köçürlər. Televizor-unitarlıqdır. Alternativ və bərpa olunan Kiçik Göstərənlər isə onu federallaşdırır, bütöv tamaşaçını parçalayır. Daha sonra tamaşaçı artıq özünün fərdi informasiya vasitəsinə malik olmağadək kiçilir. O vasitənin öz səhifəsi, öz tamaşaçısı, öz dinləyicisi olur. Bu isə artıq Kütləvi İnformasiya Vasitəsi deyil, Fərdi İnformasiya Vasitəsi deməkdir. Məqalənin əvvəlində qeyd etdiyim keçid dövrü də elə budur. Kütləvi informasiya vasitələrinin fərdi informasiya vasitələrinə çevrilməsi. Bütün dünyada milli özünəməxsusluğu, müstəqil vətəndaşlığı, müstəqil dövlət anlayışını əridib üyütmək, ətçəkən maşından keçirmək istəyənlərə də elə bu lazımdır. Bütün belə icadlar, ixtiraların ana niyyəti kimi.TELEVİZOR - QLOBAL ƏTÇƏKƏNLƏRİN RƏQİBİQlobal ətçəkənlərin istədiyi də məhz elə budur ki, televizor ya sıradan çıxsın, ya da necə deyərlər, taleyi ilə barışmış, qəribə səslənsə də, “ev qızı” kimi bir küncdə qalsın: başıaşağı... Ekranın üstünə örpək, ağzına yaşmaq vurulsun və.. Hansısa yüngül qurğu-mobil göstərən onu əvəz etsin. İdarə edilməsi asan, ixtiyarı başqa əllərdə olan Mobil Göstərən. Minlərlə kilometr uzaqdan düyməni basırlar, sönürsən və ya əksinə. Vəssəlam! Televizor yalnız hansısa aparıcının, hansısa jurnalistin başını çıxarıb-saldığı yuva deyil. Televizor dövlətin hər bir vətəndaşının qorumağa borclu olduğu sərhəddir. Televizor-Dövlətin dilidir. Dilin müdafiə zonasıdır. “Televizora baxmıram!” demək- vətəndaş üçün ciddi ayıb olmalıdır. “Əl-üzümü yumuram”, “əsnəyəndə ağzımı tutmuram”, “hərbi xidmətə getmirəm”, “vergi ödəmirəm” kimi. Çünki televizor nə ütü, nə paltaryuyan, nə soyuducu, nə tozsorandır. Televizorun strateji əhəmiyyəti-dövlətin öz vətəndaşının mənzilində fövqəladə və səlahiyyətli nümayəndəsi tək mövcud olmasında, ailənin xalq kimi özünü dərketmə funksiyasını icra etməsindədir. Mənzildə televizor daşınmaz əmlakdır. Amma yalnız bu da deyil. O, həm də və daha çox hamını öz ətrafında birləşdirməyə qabil əsas istinad nöqtəsidir. Bir az başqa rakursdan yanaşaq.TELEVİZOR: ƏRAZİ BÜTÖVLÜYÜ, YOXSA MİLLİ MÜQƏDDƏRATINI TƏYİN ETMƏ?Televizor və Mobil Göstərən münasibətləri Ərazi bütövlüyü və Milli Müqəddərat paralelinin başqa müstəvidəki əksidir. Birində birləşdirməyin, birliyin, digərində isə ayırıcılğın, parçalanmağın rəmzi və təşviqi var. İndiki halda televizor bizim hər birimizin evimizdəki ərazi bütövlüyümüzdür. Mobil göstərənlər isə daşınan informasiya, əyləncə, musiqi qabları, futlyarları (qılafları) isə öz müqəddəratını təyin etmək vasitəsi. Müstəqil Dövlət İdeyasının daşıyıcılarından ötrü əsas olan Ərazi Bütövlüyüdür. Və inanın ki, bütün bunları mənə dedizdirən heç də bir televiziya əməkdaşının eqoizmi deyil. Televiziya təmsilçisi olaraq çox rahatam və onu da yaxşı bilirəm ki, ənənəvi televiziya bir institut olaraq Azərbaycan dövlətinin müstəqilliyinin ən mühüm atributlarından, ən vacib tanıtım komponentlərindən, dövlət suverenliyinin bariz göstəricilərindən biridir. Həmişə də belə olmalıdır. Mən sadəcə olaraq faktları sadalayıram. Televizorun bir avadanlıq, bir cihaz olaraq qorunmasının həm də milli-mənəvi dəyərini, əhəmiyyətini izah etməyə çalışıram. Vətənpərvərliklə virtual məkanpərvərlik məhz bu kontekstdə qarşı-qarşıya gəlir. Vətəni müdafiə etmək kimi özünü yaşatmaq, qorumaq missiyası məhz mobil informasiya müstəvilərinin sayəsində bir anlayış olaraq deqradasiyaya uğramaqda, sıradan çıxarılmaqdadır. Televizor həm Dövlət Başçısının xalqı bir yerə yığaraq üz tutmaq tribunasıdır, həm muğam, həm xalça, həm xınayaxdı, həm Novruz tonqalıdır, həm də böyük-kiçik yeri bilməkdir, ədəb-ərkan kimi dəyərlərin, bütün sağlam milli-mənəvi keyfiyyətlərin toplandığı xəzinədir. Onu süni surətdə arxa plana atmaq, televizora guya heç kimin baxmadığını iddia edənlərin təhlükəli təhkiyəsinə qoşulmaq da elə o xəzinəni yoxa çıxarmaq, dövlətin əsas ideoloji gümbəzini vurub sıradan çıxarmağa cəhd edənlərlə eyni mövqeyi bölüşməkdir. Biz televizoru mənzilimizin Hərbi Dəmir Günbəzə bərabər qoruyucusu bilməliyik! Üzərimizə gələn bütün hücumları, təhdidləri layiqincə dəf etmək qurğusu! Başqa bir müqayisə də ola bilər. Və bu müqayisədə də televizora müharibə elan etmişlərin məramı aydın görünür.TELEVİZOR - ƏN ETİBARLI NƏQLİYYAT VASİTƏSİ 

Məsələn, televizor və radio ictimai nəqliyyat vasitəsidir. Amma adam özünü şəxsi nəqliyyat və ya indiki halda şəxsi məlumat, mobil telequrğularla təmin edəndən sonra ictimaidən imtina, öz şəxsi avtomobili və ya mobil avtosu ilə televizoru əvəz edir. Əgər ictimai olmaq “biryerdəlik”, “hamı ilə bir olmaq” vərdişlərinin formalaşdırıldığı məkanı bölüşməkdirsə, mənzildə televizor hamının istifadə etdiyi ictimai nəqliyyatdırsa, deməli mobil qurğularla muxtar, özbaşına yayım yapanlar da o zaman ictimai nəqliyyatdan öz fərdi avtomobili olduğuna görə imtina edənlərdir. O yayımçı-tamaşaçı öz  telefonundadır: ya tik-tokdadır, ya feysbukda, ya instaqramda, ya bir başqa səyyar mobil nəqliyyat vasitəsində, hansısa internet TV-nin xidmətində. Televizora bu gün hətta öz həyatını bir daşıyıcı- artıq nəqliyyat vasitəsi olaraq bitirməkdə olan kitablar da rəqib çıxır. Kitab satışını təbliğ edənlər, cəmiyyətə əslində köhnəni, unudulmaqda olan bir daşıyıcılıq mədəniyyətini təlqin etməklə antitelevizor mühitinin formalaşmasına öz töhfəsini verirlər. Fikir verirsiniz? Bilərəkdən, ya bilməyərəkdən müstəqil dövlətin əsas ideoloji-mənəvi platforması olan televizor, radioqəbuledici vurulur, zədələnir, əvəzində hətta arxaik informasiya daşıyıcıları belə qədir-qiymətə mindirilir. Bu tendensiya isə Azərbaycanın bir dövlət kimi əsas ideoloji divarına-televizora, birlik aşılayan dəyərə, kollektivlik düşüncəsi istehsal edən dəzgaha qarşıdır.TELEVİZOR: ÇUBUQLARIN DƏSTƏSİTelevizoru sıradan çıxarmağa çalışanlar, onun sənədli filmləri ilə, 100-lərlə insanın cəlb edildiyi batal tok-şouları ilə, elmi, etnoqrafik məzmunlu, araşdırma xarakterli məhsulları kimi unikal keyfiyyətləri ilə də mübarizə aparırlar. Televizora alternativ cihazlar yalnız bir və ya bir neçə danışan kəllə civarında monitor vəd edir. Onlar televizorun sadaladığımız məhsulları ilə birlikdə inkişafında maraqlı deyillər. Faydalı, yaşının icazə verdiyi animasiya filmlərinə baxan cocuq yoxa çıxır. Bəs o cocuq o filmə harada baxırdı? Televizorda. Onun öz vaxtı var idi. Nənənin, babanın, atanın, ananın da eləcə öz ekran vaxtı var idi. Televizorun məruz qaldığı zərbələr o insanları ekran köçkününə çevirir. Bir məşhur hədis var: Ata öz övladlarına birlikdə olmağın faydasını izah etmək məqsədilə nazik heyva çubuqlarından toplanmış dəstə verir ki, sındırsınlar. Ən kiçik və cüssəcə ən zəif övlad bu dəstənin çubuqlarını tək-tək və asanlıqla sındırır. Ata sonra bütün çubuqları dəstə şəklində sındırmağı əmr edir. Amma buna heç kimin gücü çatmır. Bu mənada ayrı-ayrı yayım qurğuları, kiçik efir çubuqları ilə tamaşaçı, dinləyici, vətəndaş təklənib. Onları sındırmaq asanlaşıb. Televizor isə məhz o dəstədir. O, birlikdir. Hamılıqdır. İnsan azadlıqları, söz azadlıqları, demokratiya, sərbəst toplaşmaq azadlıqları barədə bizə təlqin edilənlərə gəlin indi mənim bütün bu dediklərimdən sonra baxaq. İraq olsun, hesab edək ki, televizoru sıradan çıxarmağa müvəffəq olublar. Yəni zənn edək ki, televizor dövlətin və xalqın əsas mədəniyyət, ənənəvi mənəviyyat süfrəsi tək ortadan yığışdırılıb. Allah göstərməsin, tutaq ki, televiziya, televizor nə qədər ağır səslənsə də zərərsizləşdirilib. İnsanların azadlığını, iradələrini idarə etmək onların əlindəki mobil cihazların ümidinə buraxılıb. Dövlət hər bir vətəndaşı ilə onun beyninin məhdud həcmi və ya informasiya skuteri ilə hesablaşmalıdır. Fantaziyanıza azadlıq verin, görün bu hadisə bizi hansı aqibətə aparıb çıxarardı?! Belə bəd aqibət nümunələri dünyada artıq kifayət qədərdir. İndi isə bir az da irəli gedək: Gəlin bunu düşünək ki, Azərbaycan kimi dövlətlərin gerçək azadlıqlarını niyə hansısa şübhəli azadlıq indeksləri ilə təhrif edirlər? Axı əslində onların tərtib etdiyi azadlıq indeksləri Gerçək Azadlığı yox Gerçək Asılılığı, Əsl Müstəmləkəliyi nümayiş etdirir. Televiziya, radio: ənənəvi daşıyıcı olan televizor, radioqəbuledici milli dayaqların, o cümlədən ədəbiyyatın, incəsənətin mənzərəsini bütün üfüqləri, hüdudları ilə göstərirsə, mobil və ya cib yayımı epik, batal efir ənginliyini qəbul etmək iqtidarında olmadığından hər şeyi kiçildərək, çeynəyərək öz boğazının deşiyi səviyyəsinə salmalı olur. Belə edir ki, boğazdan asan keçsin. Biz öz televizorumuzu, öz radioqəbuledicimizi söndürəndən sonra  arxayın oluruq ki, onu keçirmişik. Amma ənənəviyə qarşı çıxarılan yayıcılar, vasitələr söndürüləndən sonra da işləməkdə davam edir. Hər kəsin cibində, ya da başının altında. Yaxud qulağının dibində.TELEVİZOR - MİLLİ SƏRVƏTBütün bunları deməkdə məqsədim odur ki, televizoru ailə institutunu qoruyub saxlayan əsas media aləti kimi, ətrafına bütün ailə üzvlərinin cəm olduğu süfrətək qəbul edək, başına yığışaq və onu həm də dövlətimizin əsas atributlarından biri kimi qoruyaq. Bayraq, himn, gerbtək. Milli sərvət kimi. Nə planşet, nə mobil telefon, nə ipod, nə notebook milli sərvət ola bilər. Amma mənzildə televizor milli sərvətdir. Ona görə də televizor evdə ən hörmətli yerdə olmalıdır. Hədəf olduğumuz bütün hücumlara birlikdə müqavimət göstərməliyik. Süni zəkanın, ağıllı texnologiyaların, yaşıl enerjinin, kibertəhlükənin, süni intellektin mövcud olduğu, onların doğurduğu yeni çağırışların hər gün həndəsi silsilə ilə artdığı mühitdə bu, getdikcə nazilən, amma heç vaxt üzülməyən telehəqiqəti-televizoru dövlətin özü qədər əhəmiyyətli varlığı qorumalıyıq. Artıq biz olan hadisənin xəbərini verən yox, özünün uydurduğunu xəbər kimi verənin, yalanı qablaşdıraraq yayanın, Allahın yaratdığı ilə süni xilqətin, qondarılmış məxluqun-süni intellektin yaratdıqlarının mübarizəsində Həqiqətin gözdən salınmasının şahidləriyik. Baxmayaraq ki, süni intellekt həm də müsbət xidmətlər imkanıdır. Amma ağıllı başların əlində. Hüdudsuz sosial-virtual okeanda müdriklər, aqillər çox azdır. Xəbərin dəqiqliyini yenə də metrika ilə- yəni qəzetlə və təbii ki, televizorla dəqiqləşdirmək lazımdır. Bu halda xəbərin əks göstəricisi olmayacaq. Bu funksiya həm də televizorun məsuliyyət hissini qoruyacaq. 

 

TELEVİZOR - EV SAHİBİ  

Amma onu da unutmayaq ki, yeni televizor da bir cihaz olaraq yalnız televizor deyil. Modern televizor həm də yutub və digər qohum resurslara açıqdır. Tamaşaçının bizim qabda başqa xörəklərə, başqa qidalara da əl uzatmaq imkanı var. Rəqibimiz həm də özümüzük. Ancaq heç nəyə baxmayaraq, televizor bizimdir. Bizim mülkiyyətdir. Bizim əmlakdır. Televizora daxil olanlar kirayənişin ola bilərlər, icarəçi ola bilərlər, heç bir halda mülkiyyətçi deyillər. Ola da bilməzlər. Bizik əsas ev sahibi! Tamaşaçını, radio dinləyicisini ənənəvi yerindən, mənzilindən götürüb cibinə, planşetinə, smartfonuna soxanlar, onu ailədən-dövlətdən ayıraraq məchulluğa itələyərək didərgin salanlar elə düşünürlər ki, televizorun artıq boşaldılmış məkanında məskunlaşa bilərlər. Buna yol verməməliyik. Öz məhsullarımızla. Keyfiyyətli məhsullarımızla. Biz televizoru qorumalıyıq. Onun tamaşaçılarını qorumalıyıq. Hara gediriksə, hara baxırıqsa, harada vaxt itiririksə qayıtmalı, televizorumuzun önünə geri gəlməliyik. Birləşmək üçün. Binamızda, mənzilimizdə, analarımızın, atalarımızın, balalarımızın yanında olmaq üçün. Həm də televizorumuzun yanında olmaq üçün. Çünki o, sadəcə cihaz, o, sadəcə qurğu, o, sadəcə bir əşya deyil. O, dövlətçiliyin, ailəçiliyin ən mühüm elementlərindən biridir. Unutmayaq. Bizi həmişə qarşılarında təzim pozasında görmək istəyən dövlətlər olub, var və olacaq. Çünki bu poza kötək üçün də, yüklənmək üçün də ən əlverişli vəziyyətdir. Hamını ətçəkən maşından keçirib qlobal farş halına salmaq istəyirlər. Televizor isə bizim səngər olmalıdır, vətəndaşımıza müstəqil dövlətimzdən asılı olmaq azadlığı aşılamalıdır. Başqa divarların altında qalmayaq deyə. Məsələn, əvvəl evliliyə hazırlaşan cütlük evi necə dolandıracağı, çörəyi necə qazanacağı, ailənin möhkəmliyini necə qoruyacağı barədə düşünür, dövlətin kiçik şəklinin içində idarəçiliyi öyrənirdi. Müəllim yanına gedərək rəqs etməyi yox. Baxın: birinci cümlə daşınmaz əmlakın-televizorun, ikinci cümlə isə daşınan əmlakın-mobil göstərənlərin xidmətidir. Televizor millətin mənəviyyatını qoruyan divar olmalıdır! Ərazi bütövlüyü, yoxsa öz müqəddəratını təyin etmə? Mən Ərazi bütövlüyünü-TELEVİZORU seçirəm! Bəs Siz? Gəlin müzakirə edək!BİRİNCİ MƏQALƏNİN SONU

“Real TV”nin baş direktoru Mirşahin Ağayev

Xüsusi olaraq “Qafqazinfo” üçün

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
1
qafqazinfo.az

2Mənbələr