Yanvarın 27-də Milli Kitabxanada görkəmli ədib, böyük maarifçi İsmayıl bəy Qutqaşınlının anadan olmasının 220 illik yubileyi münasibətilə “İsmayıl bəy Qutqaşınlı - 220” və Azərbaycanın görkəmli tarixçisi, Əməkdar elm xadimi Sara xanım Aşurbəylinin anadan olmasının 120 illik yubileyi münasibətilə “Əməkdar elm xadimi Sara Aşurbəyli – 120” adlı kitab sərgiləri istifadəçilərə təqdim olunub.
“İsmayıl bəy Qutqaşınlı - 220” adlı kitab sərgisində ədibin əsərləri, həyatı, ictimai fəaliyyəti və ədəbi irsi, xatirə ev-muzeyi haqqında ədəbiyyatlar sərgilənir.
İsmayıl bəy Nəsrulla Sultan oğlu Qutqaşınlı 1806-cı il (bəzi mənbələrdə 1809) yanvar ayının 27-də (bəzi mənbələrdə 14 iyul) keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olub. Dini təhsil almış, ərəb, fars dillərini öyrənmiş, klassik Azərbaycan və Şərq ədəbiyyatı ilə yaxından tanış olub.
İsmayıl bəy Qutqaşınlı 1822-ci ildə rus ordusunda xidmətə başlayıb. Peterburqda dörd il kadet məktəbində oxuyub. 1822-ci ildə bu məktəbi bitirib, Əlahiddə Qafqaz Korpusu tərkibindəki Gürcüstan qrenadyor alayında sıravi əsgər kimi hərbi xidmətə başlayıb. O, uşaqlıq və gənclik illərində dini təhsil alıb, ərəb, fars dillərini öyrənib, klassik Azərbaycan və Şərq ədəbiyyatı ilə yaxından tanış olub. Xidməti illərində rus və Qərbi Avropa mədəniyyətlərinin nailiyyətlərinə yiyələnib, dövrünün ən savadlı Azərbaycan ziyalılarından biri olub.
İsmayıl bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatına müasir nəsr, hekayə janrını gətirən yazıçıdır. Yaradıcılığının şah əsəri “Rəşid bəy və Səadət xanım” əsəridir.
“Əməkdar elm xadimi Sara Aşurbəyli – 120” adlı kitab sərgisində alimin əsərləri, fundamental elmi tədqiqatları, həyat və yaradıcılığı haqqında ədəbiyyatlar sərgilənir.
Azərbaycanın görkəmli tarixçisi, Əməkdar elm xadimi Sara Balabəy qızı Aşurbəyli 1906-cı il yanvar ayının 27-də Bakıda, neft sənayeçisi Bala bəy Aşurbəyovun ailəsində anadan olub. 1913-cü ildə “Müqəddəs Nina” Bakı qız tədris müəssisəsinin aşağı hazırlıq sinfinə qəbul olunmuş, lakin 1917-1920-ci il inqilabi hadisələri təhsilini bitirməyə mane olub. 1925-ci ildə İstanbulda Müqəddəs Janna d-Ark adına kolleci bitirib. 1925-1930-cu illərdə ADU-nun şərqşünaslıq fakültəsinin tarix şöbəsində təhsil alıb.
1949-cu ildə tarix elmləri namizədi, 1965-ci ildə tarix elmləri doktoru elmi dərəcəsini alıb. Sara Aşurbəylinin 8 monoqrafiyası və 100-dən çox elmi məqaləsi nəşr edilib. Eləcə də bir neçə məşhur əsəri rus dilinə tərcümə edib.
Sara Aşurbəyli Azərbaycan Rəssamlar İttifaqının üzvü idi. Dəfələrlə müxtəlif sərgilərdə iştirak edıb.
Azərbaycan tarixşünaslığındakı fundamental və akademik fəaliyyətinə görə alim müxtəlif fəxri adlar, orden və medallarla təltif edilib.
XQ