Azərbaycanın aparıcı telekommunikasiya şirkətlərindən biri olan "Azercell Telekom" MMC-nin baş mütəxəssisi İsmayıl Eyyub kibertəhlükəsizlik sahəsində beynəlxalq nüfuza malik "Offensive Security" (OffSec) tərəfindən xüsusi olaraq tanınıb.
Belə ki, "OffSec"in 2026-cı ilin yanvar ayı üzrə həyata keçirdiyi “Try Harder” aylıq seriyası çərçivəsində İsmayıl Eyyub "OffSec"in ən çətin və qabaqcıl sertifikatlarından biri hesab edilən OSWE (Offensive Security Web Expert) sertifikatını cəmi iki ay ərzində uğurla əldə etdiyinə görə təqdim olunub.
OSWE sertifikatı veb tətbiqlərin təhlükəsizliyi, mürəkkəb zəifliklərin aşkarlanması və istismarı, eləcə də yüksək səviyyəli praktiki texniki bilik və analitik bacarıqlar tələb edən beynəlxalq ixtisas göstəricisi kimi tanınır. Bu nailiyyət "Azercell"in baş mütəxəssisi İsmayıl Eyyubun kibertəhlükəsizlik sahəsində peşəkar hazırlıq səviyyəsini və davamlı inkişaf istiqamətində nümayiş etdirdiyi əzmkarlığı bir daha təsdiq edir.
Qeyd edək ki, "OffSec"in #TryHarder təşəbbüsü dünya üzrə kibertəhlükəsizlik mütəxəssislərinin uğur hekayələrinin paylaşılmasını və sahədə peşəkar inkişafın təşviq edilməsini hədəfləyir.