AZ

Münhen Texniki Universiteti BANM ilə əməkdaşlığa maraq göstərir

Bakı, 27 yanvar, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) Almaniyanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Münhen Texniki Universitetinin Beynəlxalq ofisinin İcraçı direktoru Friederike Hettinger və Strategiya və inkişaf üzrə rəhbəri Georgeta Auktor ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a BANM-dən bildirilib.

Görüşdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqlara BANM-in yaranma tarixi, tədris modeli, beynəlxalq standartlara uyğun təhsil sistemi, eləcə də Ali Məktəbin üstünlükləri və nailiyyətləri barədə məlumat verib. Rektor qeyd edib ki, BANM məzunlarından bir neçəsi Münhen Texniki Universitetində magistratura təhsillərini uğurla başa vurublar. Elmar Qasımov Münhen Texniki Universiteti ilə əməkdaşlıq niyyətini ifadə edib və bu əməkdaşlığın faydalı olacağına əminliyini bildirib.

Münhen Texniki Universitetinin nümayəndələri Bakı Ali Neft Məktəbində yaradılmış müasir tədris mühiti, infrastruktur və tələbələr üçün təmin olunan şəraiti yüksək qiymətləndiriblər. Qonaqlar BANM ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

Görüşdə perspektiv əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
36
3
azertag.az

4Mənbələr