AZ

Zəngəzur dəhlizi ilə bağlı əsas yük ABŞ-ın üzərinə düşəcək - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Ümid edirik ki, Vens-in səfəri bölgəmiz, eləcə də Azərbaycan və Ermənistan üçün mühüm əhəmiyyət daşıyan qərarların qəbul olunması və real addımların atılması ilə yadda qalacaq”.

Bunu Hafta.az-a siyasi şərhçi Abutalıb Səmədov ABS vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycan və Ermənistana gözlənilən səfərini şərh edərkən qeyd edib.

A.Səmədov ABŞ-ın vitse-prezidenti Vensin Azərbaycan və Ermənistana səfəri barədə Prezident Donald Trampın məlumat verdiyini və səfərin fevral ayında baş tutacağını deyib:

“Tramp Azərbaycana səfərlə bağlı qeyd edib ki, danışıqlar zamanı digər məsələlərlə yanaşı ticarət də müzakirə olunacaq və ABŞ-dan Azərbaycana yarımkeçiricilərin, hərbi texnikanın satılması gündəmdə olacaq. Eyni zamanda Azərbaycan ilə ABŞ arasında hazırlanmaqda olan strateji tərəfdaşlıq haqqında memorandum da müzakirə ediləcək”.

A.Səmədov Ermənistanla bağlı gündəlikdə kifayət qədər mövzu olsa da, əsas məsələnin Zəngəzur dəhlizinin qurulmasına yönəldiyini deyib. Onun sözlərinə görə, rəsmi sənədlərdə bu marşrut bəzən “Tramp marşrutu” kimi də qeyd olunur və artıq dəhlizin işə salınması istiqamətində fəaliyyətin sürətləndirilməsinə ehtiyac yaranıb:

“Ermənistanın baş naziri Zəngəzur dəhlizi ilə bağlı işlərin bu ilin ortalarından başlayacağını bildirmişdi. Görünən odur ki, buna qədər ciddi hazırlıq işləri aparılmalıdır. Çünki Zəngəzur dəhlizinin işə salınmasının əsas yükü ABŞ-ın üzərinə düşəcək. Ermənistanla birgə şirkət yaradılması məsələsi gündəmdə olsa da, əsas investisiya və icra işlərinin Amerika şirkətlərinin üzərinə düşəcəyi gözlənilir”.

A.Səmədov Naxçıvan, Türkiyə sərhədinə qədər dəmir yolunun bərpasının Rusiya tərəfindən həyata keçirilməli olması məqaməna diqqət çəkib. Çünki “Rusiya Dəmir Yolları” Ermənistan dəmir yollarını 2008-ci ildən etibarən 30 il müddətinə konsessiya müqaviləsi əsasında icarəyə götürüb və bu işləri görmək onun öhdəliyinə daxildir.

“Ermənistanın baş naziri Nikol Paşinyan daha əvvəl bu məsələ ilə bağlı Rusiyaya xəbərdarlıq etmişdi ki, vaxt itirmədən bu işlərə başlasınlar. Əgər Rusiya bunu bacarmırsa, Ermənistan özü prosesə qoşula bilər. Lakin bunun üçün müəyyən addımların atılmasına ehtiyac var. Yəni Rusiya öz öhdəliklərini yerinə yetirmədiyi halda, konsessiya müqaviləsinin yenidən nəzərdən keçirilməsi zərurəti yaranır.

Ən əsası isə Ermənistana səfər zamanı müzakirə ediləcək mühüm məsələlərdən biri də parlament seçkiləri olacaq. Çünki parlament seçkilərində Nikol Paşinyanın məğlubiyyəti bütün bu layihələri, ilk növbədə Zəngəzur dəhlizinin tikintisini ciddi problemə çevirə bilər. Paşinyanın əsas rəqibləri Rusiya yönümlü qüvvələrdir. Onlar – Ermənistan kilsəsi ətrafında birləşən qruplar, Daşnaksütyun və Köçəryanın rəhbərlik etdiyi partiya – artıq bir blok halında çıxış edirlər. Digər partiyaların da bu bloka qoşulması ilə böyük bir siyasi qüvvə formalaşa bilər. Belə şəraitdə nəzərə almaq lazımdır ki, son aylarda Paşinyanın nüfuzu azalmaqdadır. Bununla belə, hazırda Ermənistanda ən nüfuzlu siyasətçi yenə də Paşinyan olaraq qalır. Bu baxımdan ABŞ və bütövlükdə Qərb ölkələri tərəfindən ona ciddi dəstək göstərilməsinə ehtiyac var. Yalnız bu halda Zəngəzur dəhlizinin işə salınması istiqamətində nəzərdə tutulan işlər başlaya bilər. Əks halda Rusiya yenidən 2020-ci il 10 noyabr bəyanatını gündəmə gətirə bilər ki, həmin sənəddə Zəngəzur dəhlizinə rus sərhədçilərinin nəzarət etməsi açıq şəkildə qeyd olunub”-ekspert deyib.

Tahirə Qafarlı

Seçilən
18
22
hafta.az

10Mənbələr