Bakı, 27 yanvar, AZƏRTAC
Türkiyənin beynəlxalq ali təhsil sahəsində əsas təqaüd brendi olan Türkiyə təqaüdləri (Türkiye Bursları) beynəlxalq tələbə mobilliyindəki mövqeyini ildən-ilə daha da möhkəmləndirir. 2025-ci ildə dünyanın 171 ölkəsindən 125 min 668 nəfərin müraciət etməsi bu proqramın qlobal miqyasda artan nüfuzunun göstəricisidir.
AZƏRTAC xəbər verir ki, Türkiyə təqaüdləri beynəlxalq səviyyəli təhsil imkanları ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən olan tələbələrə qardaş ölkənin ən nüfuzlu universitetlərində tam təqaüdlə təhsil almaq imkanı yaradır. Proqram universitet və fakültələrdə yerləşdirmə, aylıq təqaüd, təhsil haqqının ödənilməsi, tibbi sığorta, yataqxana təminatı, pulsuz peşə və akademik proqramlar, eləcə də gediş-dönüş aviabilet imkanları ilə dünyanın ən əhatəli təqaüd proqramlarından biri hesab olunur.
2026-cı il üzrə Türkiyə təqaüdlərinə müraciətlər fevralın 20-dək qəbul ediləcək. Müraciətlər yalnız bir dövr ərzində aparılacaq və bütün ölkələrdən olan namizədlər üçün açıq olacaq.
Təqaüd proqramları subbakalavr (assosiativ), bakalavr, magistr və doktorantura səviyyələrində təhsil almaq istəyən namizədləri əhatə edir. Bununla yanaşı, tədqiqat təqaüdləri, uğur qazananlar üçün nəzərdə tutulan xüsusi proqramlar və KATİP kimi digər təqaüd növləri üzrə müraciət tarixləri fərqlidir. Bu proqramlarla bağlı ətraflı məlumat rəsmi veb sayt və sosial media hesabları vasitəsilə elan olunur.
Türkiyə təqaüdlərinə müraciət etmək istəyən namizədlər www.turkiyeburslari.gov.tr internet saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.