AZ

Yanacaq qiymətlərinin artması avtomobil seçimini dəyişməlidirmi? Ekspertdən AÇIQLAMA

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son dövrlər benzin və dizel qiymətlərində baş verən artımlar sürücülər arasında yenidən “hansı avtomobil daha sərfəlidir?” sualını gündəmə gətirib. Xüsusilə yanacağın bir neçə qəpik bahalaşması fonunda hibrid, plug-in hibrid və elektrik avtomobillərinə marağın artdığı müşahidə olunur. Lakin mütəxəssislər hesab edir ki, bu cür qərarlar panika yox, real hesablamalar üzərində qurulmalıdır.

Avtosfer.az xəbər verir ki, avtomobil eksperti Şahin Göyləroğlu yanacaq qiymətlərinin artması ilə bağlı “maşını dəyişmək lazımdırmı?” sualına münasibət bildirib. Onun sözlərinə görə, bir çox hallarda sürücülər real iqtisadi fərqi düzgün hesablamadan emosional qərar verirlər.

Yasamaldakı bu yola işıqfor quraşdırıldı - FOTO

Ekspert qeyd edib ki, orta statistik sürücü ay ərzində təxminən 1000 kilometr yol qət edir:

“Avtomobil 100 kilometrə 10 litr yanacaq sərf edirsə, bu, ayda 100 litr deməkdir. Benzinin qiyməti 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə qalxırsa, fərq cəmi 5 manat edir. Bu, böyük panika yaradacaq rəqəm deyil”.

Şahin Göyləroğlu bildirib ki, məsafə artdıqca bu fərq bir qədər yüksələ bilər, lakin yenə də avtomobili satıb yenisini almaqla müqayisədə ciddi üstünlük yaratmır:

“İllik hesabla bu fərq 400–500 manat ola bilər. Amma sual budur: siz mövcud avtomobili satanda nə qədər itirirsiniz? Yeni və ya hibrid avtomobil alanda üzərinə nə qədər pul qoyursunuz? Kim zəmanət verə bilər ki, aldığınız işlənmiş hibrid avtomobilə əlavə 500–1000 manat xərc çıxmayacaq?”

Ekspert vurğulayıb ki, avtomobil seçimi sürücünün real ehtiyacına uyğun olmalıdır:

“Əgər kimsə ayda 6–7 min kilometr sürür və avtomobili 100 kilometrə 18–20 litr yanacaq sərf edirsə, bəli, bu halda alternativlər barədə düşünmək olar. Amma az məsafə qət edən sürücünün sırf yanacaq qiymətinə görə avtomobil dəyişməsi iqtisadi baxımdan əsaslı deyil”.

Şahin Göyləroğlunun fikrincə, hibrid və ya elektrik avtomobil seçimi yanacağın bahalaşmasına reaksiya yox, əvvəlcədən planlaşdırılmış qərar olmalıdır:

“Yanacağın qiyməti qalxdı deyə, avtomobil dəyişmək iqtisadiyyat deyil. Əgər insanın büdcəsi var və o, əvvəldən yeni həyatını hibrid, plug-in hibrid və ya elektrik avtomobillə qurmaq istəyirsə, bu, başqa məsələdir. Amma 5–10 manatlıq aylıq fərqə görə maşın dəyişmək rasional deyil”.

Ekspert sonda sürücülərə tövsiyə edib ki, emosional qərarlar vermək əvəzinə, öz sürmə vərdişlərini, illik yürüşlərini və mövcud avtomobilin texniki vəziyyətini nəzərə alaraq hesablamalar aparsınlar. Onun sözlərinə görə, əks halda “iqtisadiyyat” adı altında edilən dəyişikliklər daha böyük xərclərə yol aça bilər.

Eltac Zülfüqaroğlu

Oxunub 80

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
avtosfer.az

1Mənbələr