AZ

Koxlear implant istifadəçiləri üçün icbari tibbi sığorta çərçivəsində yeni imkanlar yaradıldı » AzadMedia.az


İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə koxlear implantdan istifadə edən şəxslərlə bağlı yeni tibbi xidmətlər daxil edilib. Müvafiq dəyişikliklər Nazirlər Kabinetinin qərarı əsasında həyata keçirilib.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.
Yeni qərara əsasən, anadangəlmə ağır eşitmə məhdudiyyəti olan şəxslərin tibbi təminatının gücləndirilməsi məqsədilə koxlear implantın nitq prosessoru ilə bağlı üç istiqamət üzrə xidmət icbari tibbi sığorta hesabına qarşılanacaq. Sözügedən xidmətlər nitq prosessorunun tənzimlənməsi, texnoloji baxımdan yenilənməsi və zərurət yarandıqda əvəzlənməsini əhatə edir.
Belə ki, implantdan istifadənin bir ili tamam olduqdan sonra nitq prosessorunun ildə dörd dəfə tənzimlənməsi icbari tibbi sığorta çərçivəsində təmin ediləcək. Bu, cihazın istifadəçiyə uyğunlaşdırılmasına və eşitmə qabiliyyətinin daha effektiv bərpasına xidmət edəcək.
Bununla yanaşı, azı beş il istifadə olunmuş nitq prosessorlarının daha müasir texnologiyalara malik yeni modellərlə əvəz edilməsi də sığorta təminatına daxil edilib. Həmçinin zəmanət müddəti başa çatmış və texniki nasazlıq yaranmış prosessorların eyni modelin yenisi ilə dəyişdirilməsi mümkün olacaq.
Qəbul edilən dəyişikliklərin koxlear implant istifadəçilərinin davamlı tibbi dəstəklə təmin olunmasına və onların sosial həyata inteqrasiyasının gücləndirilməsinə töhfə verəcəyi bildirilir.
Seçilən
10
1
azadmedia.az

2Mənbələr