AZ

Azərbaycan dili ən mühüm milli sərvətlərdən biridir

Bakı, 27 yanvar, AZƏRTAC

Ana dili hər bir xalqın milli kimliyini, tarixi yaddaşını, mədəni və mənəvi dəyərlərini yaşadan əsas amildir. Azərbaycan dili xalqımızın əsrlər boyu formalaşmış dünyagörüşünü, düşüncə tərzini və milli varlığını özündə ehtiva edən ən mühüm milli sərvətlərdən biridir. Dövlət müstəqilliyimizin əsas atributlarından olan ana dilimizin qorunması və inkişafı bu gün xüsusi aktuallıq kəsb edir.

Bu barədə AZƏRTAC-a açıqlamasında filologiya üzrə fəlsəfə doktoru, dosent Dürdanə Rəhimzadə məlumat verib.

Bildirib ki, müasir qloballaşma şəraitində informasiya axınının sürətlənməsi, elm və texnologiyanın sürətli inkişafı, sosial şəbəkələrin geniş yayılması dilimizə həm yeni imkanlar, həm də ciddi çağırışlar yaradır. Xüsusilə gənc nəslin dil mühitində xarici dillərin təsirinin artması, varvarizmlərin nəzarətsiz şəkildə yayılması və dil normalarına biganə münasibət Azərbaycan dilinin saflığının qorunması məsələsini ön plana çıxarır : “Mövcud vəziyyət göstərir ki, problemin yaranmasında həm obyektiv, həm də subyektiv amillər rol oynayır. Obyektiv səbəblər sırasında müasir terminlərin vaxtında lüğətlərdə əksini tapmaması, izahlı və etimoloji lüğətlərin məhdud həcmi, elmi və tədris resurslarının əsasən xarici dillərdə mövcudluğu xüsusi qeyd edilməlidir. Bu amillər gənclərin elmi və peşəkar fəaliyyətdə xarici dillərə yönəlməsini qaçılmaz edir. Subyektiv səbəblər isə media, sosial şəbəkələr və audiovizual məhsullarda dil normalarının pozulması, keyfiyyətsiz məzmunun geniş auditoriya qazanması və reytinq naminə düzgün nitqdən uzaqlaşma ilə bağlıdır. Bu cür tendensiyalar tədricən dil daşıyıcılarının zövq səviyyəsini aşağı salır və düzgün dil mühitinin formalaşmasına mane olur. Bu baxımdan Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində kompleks və ardıcıl tədbirlərin həyata keçirilməsi zəruridir”.

D.Rəhimzadə vurğulayıb ki, ilk növbədə, müasir dil proseslərini əhatə edən çoxcildli izahlı lüğətlərin hazırlanması və terminoloji bazanın operativ şəkildə yenilənməsi təmin edilməlidir. Orfoqrafiya lüğətləri ilə paralel olaraq, yeni daxil olan sözlərin mənalarını əks etdirən izahlı lüğətlərin də vaxtında nəşri vacibdir. Eyni zamanda, süni intellekt və avtomatik tərcümə sistemlərinin Azərbaycan dilinin orfoqrafik və qrammatik normalarına uyğunlaşdırılması, bu sahədə elmi nəzarətin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Elmi və tədris mühitində Azərbaycan dilinin mövqeyinin möhkəmləndirilməsi, ali təhsil müəssisələrində ana dilində keyfiyyətli dərslik və resursların hazırlanması prioritet istiqamətlərdən biri olmalıdır. Media məkanında, kinoteatrlarda, televiziya və internet resurslarında dil normalarına əməl olunmasına nəzarət gücləndirilməlidir. Bununla yanaşı, gənclərin maraqlarına cavab verən, dil baxımından düzgün və keyfiyyətli film, serial və digər audiovizual məhsulların istehsalı stimullaşdırılmalıdır. Orta ümumtəhsil müəssisələrində yazı mədəniyyətinə və qrammatik biliklərə diqqətin artırılması da mühüm vəzifələrdəndir.

“Ana dilinin qorunması yalnız dilçi alimlərin və ya müvafiq qurumların deyil, hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir. Azərbaycan dilinə hörmət milli kimliyimizə hörmətin göstəricisidir. Bu istiqamətdə atılacaq hər bir addım gələcək nəsillərə ötürüləcək milli-mənəvi irsimizin qorunmasına xidmət edəcəkdir”,-deyə alim bildirib.

Seçilən
36
2
azertag.az

3Mənbələr