AZ

ABŞ-da soyuq hava can almağa davam edir

ABŞ-da “tarixi” kimi xarakterizə edilən güclü qar yağışı və kəskin soyuqlar təsirini davam etdirir.

Bəzi bölgələrdə qarın qalınlığı 30 santimetri keçib, intensiv qar yağışı və buzlanma səbəbindən nəqliyyat demək olar ki, dayanıb, çox sayda məktəb tətil edilib.

ABŞ Milli Meteorologiya Xidməti Pensilvaniya ştatının şimalında qar qalınlığının bəzi ərazilərdə 50 santimetrə çatdığını, hiss edilən temperaturun isə mənfi 31 dərəcəyədək endiyini açıqlayıb.

Missisipi ştatında 1994-cü ildən bəri müşahidə edilən ən güclü qar fırtınasından sonra “isinmə mərkəzləri” yaradılıb. Ştat üzrə evlərə, iş yerlərinə və yollara ciddi ziyan dəyib.

Rəsmilər yol-nəqliyyat hadisələri, qar təmizləyən texnika ilə baş verən qəzalar və kəskin soyuğa məruz qalma səbəbilə həyatını itirənlərin sayının 30-a yüksəldiyini bildirib. Eyni zamanda ölkənin üçdə ikisini əhatə edən soyuq hava dalğasının yaxın günlərdə də davam edəcəyi qeyd olunub.

Onlayn elektrik kəsintilərini izləyən “PowerOutage” saytının məlumatına görə, hazırda 554 mindən çox insan elektriksiz qalıb. Uçuş izləmə məlumatları isə ölkə üzrə 12 mindən çox reysin ləğv edildiyini və ya təxirə salındığını göstərir.

ABŞ Milli Meteorologiya Xidməti daha əvvəl ölkədə 200 milyondan çox insanın cənub ştatlarında təhlükəli buzlanma, şimal-şərq ştatlarında isə güclü qar fırtınası ilə üz-üzə qaldığını açıqlamışdı.

Seçilən
3
aznews.az

1Mənbələr