AZ

Terrorçu 30–40 dəqiqə ərzində tərksilah edilmədi: Üç il öncə baş verən olayın pərdəarxası məqamları

“Bu gün Azərbaycanın İran İslam Respublikasının paytaxtı Tehran şəhərindəki səfirliyinə terror hücumunun üçüncü ildönümüdür. 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində səfirliyimizə öncədən planlaşdırılmış və məqsədli şəkildə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu maneəsiz keçərək mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Tehrandakı səfirliyimizə silahlı hücum Azərbaycan diplomatik nümayəndəliyinə qarşı təşkil olunmuş məqsədli terror aktı idi”.

Bu sözləri NOCOMMENT.az-a politoloq Bakir Həsənbəyli deyib.

Onun sözlərinə görə, terrorçu 30–40 dəqiqə ərzində tərksilah edilməyib, polis maşınları, təhlükəsizlik xidmətinin əməkdaşları gəlib-gediblər, amma onlar terrorçuya iki dəfə səfirliyin binasına daxil olmağa, səfirliyin mühafizə əməkdaşlarından birini qətlə yetirməyə, ikisini isə yaralamağa imkan veriblər:

“Terrorçunu əlyalın tərksilah etmiş mühafizə əməkdaşlarından birinin cəsarəti, ola bilsin ki, onlarla azərbaycanlının həyatını xilas etdi. Çünki diplomatlarımızın ailələri, o cümlədən uşaqları həmin binada yaşayırdılar. Azərbaycan səfirliyinə qarşı terror aktı ilə bağlı dövlətimiz dərhal və şəffaf istintaqın aparılmasını tələb etdi. Bu terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İrandakı məlum çevrələrdən biri tərəfindən göndərildiyinin sübutu idi. Digər qəribə məqam isə o idi ki, iki gün sonra o, əqli çatışmazlığı olan şəxs kimi elan edildi.

Bu ekspertizanı onlar dərhal necə keçirə bildilər? Bu, onu ədalət mühakiməsindən yayındırmaq üçün atılmış addım idi. İran hökuməti şəffaf istintaq aparmadı. İran rəsmiləri hadisə ilə bağlı bəyanatlarında hücumun siyasi motivli olduğuna dair əlamətin olmadığını qeyd edərək, onun məişət zəminində baş verdiyini iddia etdilər. Terror hücumu ilə əlaqədar Azərbaycan tərəfində kifayət qədər tutarlı sübutların olmasına baxmayaraq, İran tərəfi mövqeyində israr etdi”.

Bakir Həsənbəyli

Politoloq bildirib ki, əslində Tehran hakimiyyəti bu məsələdə siyasi maraq güdürdü:

“Azərbaycan səfirliyinə hücumun arxasında İrandakı hakim rejimin dayandığı şübhəsizdir. Səfirliyə hücumu rejim istəməsəydi, bu hadisə baş verməzdi. Bu olay İranın rəsmi Bakıya qarşı düşmən münasibətini səciyyələndirən hadisə kimi tarixə düşdü. Təkrar edirəm, İran hakimiyyətinin xəbəri olmadan bu hadisə baş verə bilməzdi. Həmin dövrlərdə İran mətbuatında davamlı olaraq Azərbaycan əleyhinə kampaniya aparılırdı.

Hücumu törədən şəxs polis köşkündə oturan İran polis əməkdaşına əl yelləyərək binaya daxil olur. Tehran rejimi səfirliyin təhlükəsizliyini təmin etməyə borclu idi. Səfirliyə terror hücumuna Tehran hakimiyyətinin laqeyd yanaşması İranda diplomatik missiyaların təhlükəsizliyinin hər zaman təhdid altında olduğunu təsdiqləyir. İran istənilən ölkəyə qarşı nifrətini səfirliklərə hücumla hər an “göstərə” bilər. Bu vəziyyət İranda 47 il əvvəl ABŞ səfirliyinə hücum ənənəsindən qaynaqlanır”.

Atilla Rzasoy

Seçilən
49
1
nocomment.az

2Mənbələr