AZ

Qalın səs, sərt baxış, uzun cümlələr hesabına aktyor olan Nurəddin Mehdixanlı Orxan Saffari yazır...

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yaxşı xatırlayıram, Laçında xidmətdə olarkən bir dəfə döyüş əmrini gözləyirdik.

44 günlük müharibədə iştirak edən, məndən iki yaş balaca və eyni zamanda dostum olan maxe gəldi ki, Saffari, bəs sənə bir xatirə danışım. Deməli, müharibədə yaralananda bir neçə gün xəstəxanada yatdım. Bir çox məşhurlar gəlirdi yanımıza. Mənim yanıma da Nurəddin Mehdixanlı gəldi. Söhbətləşdik, axırda da nömrəsini verdi ki, müharibə bitəndə zəng elə, görüşək. Əl atıb pulqabısından da nömrəsini çıxartdı. Gördüm ki, Allahın maxesi dostum bunu sevincək deyir. Çox pis xətrimə dəydi.

Dedim, əvvəla, bu nömrəyə zəng çatmır. Sonra da sən niyə sevinirsən ki? Bu cür bir sevincə görə döyüşüb yaralandın? Sənin niyə belə xatirən var? Bu dəfə də dedi ki, Nurəddin Mehdixanlı böyük sənətkardır. Bax orda dedim ki, indi döyüş əmrini gözləyirik, versinlər, səni döyüşə qalxacağımız Sarıbaba dağında özüm şəhid edəcəm. Bəsdir ordumuzu ləkələdin, yoldaş maxe!

İndi tanış maxem özü bilər, ancaq mən bir dəfə də mən özüm Nurəddin Mehdixanlının böyük sənətkar olduğunu görməmişəm.

Bəlkə, mən Laçında dağlarda olanda, set kəsiləndə böyük sənətkar olub, xəbərim yoxdur? Hansı yaxşı roluna görə? Necə oldu ki, bu fani dünyada olanlar azmış kimi Nurəddin Mehdixanlı da böyük sənətkar oldu?

Əgər Nurəddin Mehdixanlının bir qram sənətkarlığı varsa, şəxsən mənim təpəmə dəysin. Heç olmasa, məndə 2 qram olsun.

Nurəddin Mehdixanlını tədbirlərdə tez-tez görürəm. Hər dəfə də elə bilirəm, bu dəqiqə qışqırıb şeir deyəcək. Özü də elə bilirəm, şeirə ohoohooo deyib başlayacaq. Ümumiyyətlə, həmişə onun qışqırmağından qorxmuşam. Üstəlik, adam Nurəddin Mehdixanlının yanında da beş-on dəqiqə dayanandan kimi qışqırıb şeir demək istəyir. Onun qışqırığın təsirinə düşməmək mümkün deyil.

Nurəddin Mehdixanlı həmyaşıdları, sənət dostları ilə də bir qıraqda dayanıb söhbət edən kimi tez zövqümü də götürüb oradan uzaqlaşıram. Çünki heç bir qüvvə məni onun sənətkar filan olduğuna inandıra bilməz.

Görəsən, ortababdan aşağı rollarla məgər xalq artisti olmaq olurmu?

Nurəddin Mehdixanlının rol aldığı fimlərin hamısına baxsam da, heç biri yadımda qalmır. Baş rolda özü olanda da adamın gözünə epizodik görsənir. Elə bilirsən, filmdə hansısa bir hadisə zamanı arxadan gəlib keçən adamdır.

Yenə digər aktyorların pis-yaxşı bir rolu olub, adamın yadında qalıb. Nurəddin Mehdixanlı da heç o da yoxdur. Hətta nömrəsi onda olduğu üçün maxe dostuma da sual vermişdim ki, düzünü de, hansı rolu daha çox xoşuna gəlib? Demişdi, televizorda görmüşəm, məşhur adam olduğunu bilirəm. Heç maxe dostum sonradan oturub rol aldığı filmlərə baxmağa da ehtiyac duymamışdı. Odur ki, yaşasın ordumuz.

Deyim ki, Vidadi Həsənovun siqaret çəkə-çəkə məsləhət verməyi daha çox sənətdir, kadrdır, nəinki Nurəddin Mehdixanlının rolları.

Onun rollarının pafosunun iyi adamı yüz metrdən vurur. Özü də, daha çox romantik pafos. Digər pafoslara birtəhər dözmək olursa, romantikanın pafosuna heç olmur. Ancaq Nurəddin müəllim heç nəyə baxmayaraq heç vaxt pafoslu olmaqdan yorulmayıb.

Nurəddin Mehdixanlının pafosu səsdən sürətlidir.

Ona baxanda adama elə gəlir ki, səsi qalın olan hamıya sənətkar demək lazımdır. Ancaq əslində, bir adam qışqıra-qışqıra boş da danışa bilər.

Məncə, onun taleyi belə gətirib. Əvvəlcə Nurəddin Mehdixanlıya deyiblər ki, narahat olma, sən aktyorsan, yaxşı olacaq, rollar da verəcəyik. Nurəddin müəllim aktyor elan olunub, amma oynamağa rol tapmayıb. Təzə-təzə aldadıblar, heç rol vermirmişlər. Sonradan verdikləri də göz önündədir deyəcəm, ancaq heç belə də deyil.

Böyük sənətkar dediyin adam obrazı ilə səni tutmalıdır. Səni inandırmalıdır ki, bu adam indi ağrıyır, indi qorxur, indi tərəddüd edir.

Nurəddin Mehdixanlının rollarında isə qəti şəkildə tərəddüd yoxdur.

Hər şey əvvəldən məlumdur: səs qalxacaq, baxış sərtləşəcək, cümlə uzadılacaq.

Beləcə, bütün bunlar da Nurəddin Mehdixanlının aktyor elan etməyə əsas verəcək.

Təəssüf.

Orxan Saffari

Gununsesi.info 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
icma.az

1Mənbələr