AZ

İnnovasiya yarışı: Ali təhsilin rəqəmsallaşmasına Azərbaycan baxışı - TƏHLİL

Ali təhsil hər zaman cəmiyyətin ehtiyaclarını əks etdirib. Texnoloji tərəqqi dövründə universitetlər artıq bilik iqtisadiyyatının tərkib hissəsi və rəqəmsal transformasiyanın real iştirakçılarıdır.

Texnologiyaların sürətli inkişafı ali təhsilin mahiyyətini dəyişir. Müasir tələbələr universitetləri təkcə məlumat əldə etdikləri məkan kimi deyil, eyni zamanda yaradıcılıq, sınaq və tətbiq mühiti kimi görürlər.

Onlar startaplar yaratmaq, süni intellekt alətləri ilə eksperiment aparmaq, real problemlərin həlli üçün fənlərarası əməkdaşlıq imkanları əldə etmək istəyirlər. Bu tələbləri qarşılamaq üçün universitetlər yaradıcılıq və problemlərin həlli üçün inkubator rolunu üzərinə götürməlidir. Nəticə etibarilə, innovasiyalara liderlik edə biləcək mütəxəssislərin hazırlanması ali təhsil müəssisələrinə də rəqabət üstünlüyü qazandırır.

Dünya təcrübəsində universitetlərdə innovasiyaların tətbiqi ilə tədqiqatları inkişaf etdirmək, sahibkarlığı dəstəkləməklə ideyaların kampus divarlarından kənara - real iqtisadiyyata çıxmasını təmin etmək məqsədilə innovasiya mərkəzləri yaradılır. Bu mərkəzlər yalnız binalar və laboratoriyalar deyil, ideyaların formalaşdığı, biliklərin paylaşıldığı və innovasiya mədəniyyətinin inkişaf etdiyi ekosistemlərdir.

Texnologiya ali təhsili necə yeniləyir

Rəqəmsal transformasiya bu gün iqtisadiyyatın diversifikasiyasına, rəqabətqabiliyyətliliyinə və beynəlxalq mövqeyinə birbaşa təsir göstərir. Qeyri-neft sektorunun inkişafını əsas prioritetlərdən biri kimi müəyyən edən Azərbaycanda yeni ideyaların təşviqi, texnoloji icmaların formalaşdırılması, startap ekosisteminin inkişafı, xüsusilə dövlət-universitet-sənaye əməkdaşlığının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə Naxçıvan Dövlət Universitetində (NDU), Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) və Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) innovasiya mərkəzlərinin yaradılması bu yanaşmanın praktik nümunəsidir.

Bu mərkəzlər prototipləşdirmə, aparat təminatının dizaynı və tədqiqatlar üçün müasir texniki avadanlıqlarla təchiz olunub. Burada tələbələr, proqram iştirakçıları və mərkəzdən istifadə edən digər şəxslər üçün kompüter laboratoriyaları, eləcə də kovörkinq, görüş, təqdimat, təlim və öyrənmə məqsədli məkanlar yaradılıb.

Konkret olaraq, NDU-da fəaliyyət göstərəcək mərkəzdə müasir texnoloji həllərin hazırlanması və sınaqdan keçirilməsi üçün Aparat və Proqram Təminatı Laboratoriyası, ideyaların prototiplərə və praktik layihələrə çevrilməsi üçün isə Texnologiya və Mühəndislik Laboratoriyası fəaliyyət göstərəcək.

ADAU-da yaradılan mərkəzin məqsədi Gəncə və ətraf bölgələrdən olan innovatorları bir araya gətirərək startap quruculuğunu təşviq etmək, startapların bazarlara və maliyyələşmə mexanizmlərinə çıxışını asanlaşdırmaq, innovasiya sahəsində mentorluq və insan kapitalının inkişafına töhfə verməkdir. Bununla yanaşı, digər universitetlərlə birgə elmi layihələrin icrası, şirkətlərlə texnologiya transferi, startaplar üçün inkubasiya və akselerasiya proqramları, dövlət qurumları ilə STEM təşəbbüsləri və beynəlxalq qrant proqramlarına çıxış da mərkəzin əsas fəaliyyət istiqamətlərinə daxildir.

Ali təhsildə yeni texnoloji dalğa

Rəqəmsal transformasiya prosesində universitetlərin qarşısında duran əsas çağırışlardan biri məlumatların pərakəndə olmasıdır. Belə ki, qəbul komissiyası bir sistemdə, dekanat başqa bir sistemdə, dəstək xidməti isə üçüncü bir platformada fəaliyyət göstərir. Bir çox hallarda universitetlər köhnəlmiş proqram təminatına və əl ilə idarə olunan proseslərə güvənməyə davam edirlər. Buraya məlumatların idarə edilməsi üçün elektron cədvəllərdən, yazışmalar üçün ayrı-ayrı proqramlardan və qeydlərin aparılması üçün kağız daşıyıcılardan istifadə daxildir.

Bu yanaşma səmərəsizliyə, məlumatların parçalanmasına və vahid idarəetmə strategiyasının formalaşmamasına səbəb olur. Tapşırıqların əl ilə icrası isə səhv ehtimalını artırır və daha strateji işlərə yönəldilə biləcək vaxtın itirilməsi ilə nəticələnir.

Əməliyyatların bir neçə saniyə ərzində icra olunduğu rəqəmsal dövrdə yaşayan tələbələrin universitetlərdən gözləntiləri də dəyişib. Onlar sürətli, fərdiləşdirilmiş və artıq bürokratik maneələrdən azad xidmətlər tələb edirlər. İlk müraciətdən məzunluğa qədər olan bütün proses aydın, sadə və intuitiv olmalıdır. Müasir tələbə universitetlə ilk klikdən etibarən rəqəmsal qarşılıqlı əlaqə gözləyir.

Bu gözləntiləri qarşılamaq üçün dünyanın aparıcı universitetlərinin əksəriyyəti artıq CRM sistemlərinə (müştərilərlə qarşılıqlı münasibətlərin idarə edilməsi) keçid edir. Bu sistemlər "rəqəmsal beyin" rolunu oynayaraq ali təhsil müəssisələrinin ayrı-ayrı struktur bölmələr toplusundan vahid ekosistemə transformasiyasını təmin edir.

CRM platformalarında abituriyentlər, tələbələr, məzunlar, donorlar və tərəfdaşlarla bütün qarşılıqlı əlaqələr qeydə alınır. Sistem tələbənin kimliyini, hansı mərhələdə olduğunu, hansı məlumatları oxuduğunu, hansı sənədləri təqdim etdiyini və harada çətinlik yaşadığını müəyyənləşdirə bilir. Rutin əməliyyatların avtomatlaşdırılması isə işçi heyətinə strateji təşəbbüslərə fokuslanmağa, risk qrupundakı tələbələrə vaxtında dəstək göstərməyə və ümumi akademik nəticələri yaxşılaşdırmağa imkan yaradır.

Kiber təhdidlərə qarşı mübarizə üsulları

Rəqəmsallaşma səviyyəsi artdıqca virtual məkanda təhlükəsizlik məsələləri də kəskinləşir. Universitetlər üçün kibertəhlükəsizlik xüsusilə həssas sahədir. Çünki akademik mühit tarixən açıqlıq, məlumat mübadiləsi və şəffaflıq prinsiplərinə əsaslanıb. Bu yanaşma universitet şəbəkələrinə də sirayət edib. Təsadüfi deyil ki, internet ilk dəfə məhz universitetlərarası məlumat mübadiləsi şəbəkəsi kimi formalaşıb.

Digər tərəfdən, ali təhsil müəssisələrində tələbələrə aid böyük həcmdə şəxsi məlumatlar, tədqiqat nəticələri və maliyyə informasiyaları saxlanılır. Buna baxmayaraq, universitetlər kibertəhlükəsizlik sahəsində həm maliyyə, həm də ixtisaslı kadr çatışmazlığı ilə üzləşir. Fakültə, laboratoriya, kitabxana və yataqxanaların müxtəlif şəbəkələrdə, fərqli təhlükəsizlik standartları ilə fəaliyyət göstərməsi, köhnəlmiş avadanlıq və proqram təminatının geniş yayılması, eləcə də açıq giriş prinsipinə sadiqlik universitetləri kiber cinayətkarlar üçün cəlbedici hədəfə çevirir.

Xüsusilə ötən il ali təhsil müəssisələri üçün kibertəhlükəsizlik baxımından dönüş nöqtəsi olub. 2025-ci ilin birinci yarısında dünya üzrə kollec və universitetlərə qarşı "ransomware" (fidyə proqramları) hücumlarının sayı təxminən 25 % artıb. Bu tip hücumlar təkcə kompüterlərin sıradan çıxması ilə kifayətlənmir, eyni zamanda LMS (Learning Management System - Öyrənmə İdarəetmə Sistemi) sistemlərini, maliyyə yardımı portallarını, mühasibatlığı və tədqiqat platformalarını bloklayır. Nəticədə kampusun fəaliyyəti faktiki olaraq dayanır: tələbələr tapşırıqları təqdim edə bilmir, tədqiqatçılar layihələrə çıxışını itirir, mühasibatlıq isə maaş hesablamalarını əl ilə aparmağa məcbur qalır. Bərpa prosesinin həftələrlə davam etməsi isə universitetlər üçün təkcə maliyyə deyil, həm də ciddi reputasiya itkisi deməkdir.

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti və Xəzər Universitetinin İT departamentinin rəhbəri Fərid Musayev "Report"a bildirib ki, klassik müdafiə vasitələri - antivirus proqramları və konfiqurasiya olunmuş "firewall"lar süni intellekt əsaslı kiber təhdidlərə qarşı artıq effektiv deyil:

"Bu tip təhdidlər yalnız süni intellekt əsaslı müdafiə mexanizmləri ilə neytrallaşdırıla bilər. Lakin ali təhsil müəssisələrinin mövcud maddi-texniki bazası əksər hallarda bu cür hücumların qarşısını effektiv şəkildə almağa imkan vermir".

Onun sözlərinə görə, universitetlərdə xüsusi proqram təminatı, mürəkkəb alqoritmlərlə işləyən tətbiqlər və ixtisaslı mütəxəssis çatışmazlığı müşahidə olunur: "Halbuki bu müəssisələr böyük həcmdə, o cümlədən şəxsi məlumatların saxlanıldığı və davamlı dövriyyədə olduğu obyektlərdir. Azərbaycanda universitetlərin APT tipli kiber təhdidlərin hədəfində olduğunu nəzərə alsaq, ali təhsil müəssisələrində məlumatların təhlükəsiz saxlanılması strateji əhəmiyyət daşıyır. Bu baxımdan onların kritik informasiya infrastrukturu obyektləri siyahısına daxil edilməsi zəruri görünür".

Ekspert təhlükəsizlik boşluqlarının vaxtında aşkarlanmasının əhəmiyyətini də vurğulayıb. Onun sözlərinə görə, zəifliklərin erkən müəyyən edilməsi kritik məlumat itkisini minimuma endirməyə və ya lokalizasiya etməyə imkan verir.

"Kiber risklərin qarşısının alınması məqsədilə universitetlərdə təhlükəsizlik sistemlərinin mütəmadi zəiflik testlərindən keçirilməsi vacibdir. Əgər bu prosesləri idarə edəcək daxili resurslar yoxdursa, SOC sistemləri vasitəsilə daimi monitorinq həyata keçirilə bilər.

Digər mühüm məsələ ehtiyat nüsxələrin saxlanılması ilə bağlıdır. Çünki kiber hücumlar əksər hallarda əsas serverlərdəki məlumatların oğurlanmasına və ya məhv edilməsinə yönəlir. Ehtiyat nüsxələrin eyni serverdə saxlanılması isə onların da məhv edilməsi və ya şifrələnməsi riskini artırır. Bu səbəbdən ehtiyat nüsxələrin (qaynar "backup", server "backup"ları və s.) fiziki və ya məntiqi olaraq fərqli mühitlərdə saxlanılması tövsiyə olunur", - F.Musayev qeyd edir.

Onun sözlərinə görə, məlumat sızmalarının böyük əksəriyyəti insan faktoru ilə bağlıdır:

"Təhlükəsizlik sistemləri nə qədər güclü olsa da, insan amili həmişə zəif həlqə olaraq qalır. Kiber cinayətkarlar bunu yaxşı bildikləri üçün məhz bu zəifliyi hədəf alırlar".

Ekspert vurğulayıb ki, ali təhsil müəssisələrinin əməkdaşlarının rəqəmsal gigiyena vərdişlərinin zəif olması kritik məlumatların sızmasına gətirib çıxarır. Bu baxımdan universitetlərdə kiber savadlığın artırılması məqsədilə mütəmadi treninqlərin, kursların, vebinarların və kiber hücum simulyasiyalarının təşkili xüsusi əhəmiyyət kəsb edir.

Yeni ali təhsil modeli

Aydın görünür ki, universitetlərdə rəqəmsal transformasiya ali təhsil sisteminin bütün səviyyələrinə təsir edən mürəkkəb və çoxşaxəli prosesdir. Bu transformasiyaya texnoloji yenilənmə ilə yanaşı, eyni zamanda idarəetmə modellərinin, infrastrukturun, insan kapitalının və tədris proseslərinin təkmilləşdirilməsini əhatə edən kompleks yanaşma çərçivəsində baxılmalıdır. Süni intellekt, virtual və artırılmış reallıq, hibrid tədris modelləri, rəqəmsal qiymətləndirmə sistemləri və generativ süni intellekt həlləri universitetlərin həm akademik, həm də idarəetmə fəaliyyətlərini keyfiyyətcə yeni mərhələyə çıxarır.

Ali təhsildə rəqəmsal transformasiyanın uğurlu tətbiqi infrastruktur yatırımları ilə yanaşı, məlumatların məxfiliyinin və kiber təhlükəsizliyin təmin edilməsini nəzərdə tutan strateji yanaşma tələb edir. Bu yanaşma ali təhsil müəssisələrinə müasir tələbələrin dəyişən ehtiyaclarına cavab verən daha çevik, inklüziv və innovativ təhsil mühiti formalaşdırmaq imkanı yaradır.

Azərbaycanda innovasiya mərkəzləri vasitəsilə universitetlərin rəqəmsal transformasiyasının sürətləndirilməsinə yönəlmiş strateji yanaşma ali təhsil müəssisələrini innovativ ideyaların yaranması və tətbiqi üçün əsas platformalara çevirmək potensialına malikdir. Sistemli yanaşma və texniki dəstək proqramları transformasiyanın əsas fokusunu təkcə infrastrukturun yenilənməsindən deyil, eyni zamanda insan kapitalının inkişafına və innovativ tədris metodlarının tətbiqinə yönəldir.

Ali təhsilin bütün səviyyələrində yeni texnologiyaların inteqrasiyası, o cümlədən blokçeyn texnologiyası vasitəsilə akademik nailiyyətlərin təhlükəsiz saxlanılması və yoxlanılması, müəllimlərə qiymətləndirmə prosesində, standart sorğuların cavablandırılmasında və kursların təşkilati idarə edilməsində kömək edən süni intellekt əsaslı botların tətbiqi, kampusların enerji istehlakını və tullantıları minimuma endirən Əşyaların İnterneti (IoT) həlləri - rəqəmsal transformasiyanı keyfiyyətcə yeni səviyyəyə yüksəldir.

Nəticə etibarilə, bu proseslər ölkənin rəqəmsal insan kapitalının genişlənməsinə, texnoloji bacarıqların dərinləşməsinə və qlobal texnoloji rəqabətdə daha dayanıqlı mövqe qazanmasına mühüm töhfə verəcək.

Seçilən
1
far.az

1Mənbələr