2025-ci ilin əvvəlinə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 60 031,4 milyon ABŞ dolları (102 053,3 milyon manat ) təşkil edib, 2025-ci il dekabr ayının 31-nə isə, ilin əvvəli ilə müqayisədə 22,5% artaraq 73 541,5 milyon ABŞ dollarına (125 020,5 milyon manata) çatıb.
Teleqraf xəbər verir ki, 2025-ci ilin yanvar–dekabr ayları ərzində ARDNF-nin ümumi gəlirləri 37 594,4 milyon manat təşkil edib. Sözügedən dövrdə Fondun büdcə gəlirləri 17 160,4 milyon manat, valyuta məzənnələrinin və qızıl qiymətinin dəyişməsindən yaranan fərq ilə bağlı büdcədənkənar gəlirləri isə 20 434,0 milyon manat olmuşdur. Büdcə xərcləri isə hesabat dövrü üzrə 14 627,2 milyon manat təşkil etmişdir.
2025-ci ilin yanvar-dekabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 10 266,3 milyon manat olmuşdur, o cümlədən:
mənfəət neftinin və qazın satışından 9 497,0 milyon manat,
bonus ödənişləri və tranzit gəlirləri 765,7 milyon manat,
akrhesabı ödənişlər 3,6 milyon manat.
Qeyd edək ki, sözügedən dövr ərzində ARDNF-yə AÇG yatağından 8 292,9 milyon manat, Şahdəniz yatağından (qaz və kondensat) isə 958,8 milyon manat məbləğində vəsait daxil olub.
Fondun vəsaitlərinin idarə olunması üzrə gəlirlilik 6.2% təşkil etmiş, nəticədə 6 894,1 milyon manat həcmində gəlir əldə edilmişdir.