AZ

Azərbaycanın enerjisi, İsrailin texnologiyası

Cənubi Qafqazdan Yaxın Şərqə uzanan iqtisadi körpü

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da İsrailin xarici işlər naziri Gideon Saarı qəbul edib. Xatırladaq ki, qısa zaman öncə Azərbaycan və İsrail prezidentləri Davosda iqtisadi, ticari və enerji sahəsində ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə etmişdi. Dünənki görüşdə də bu əməkdaşlıq gündəliyinə uyğun olaraq bir sıra məsələlərə toxunuldu. Enerji, süni intellekt və kənd təsərrüfatı sahələri üzrə əməkdaşlığın dərinləşdirilməsi qeyd edildi.

Təsadüfi deyil ki, Saarın müşayiətində İsrailin 40-dan çox böyük biznes nümayəndəsi də olub. Onlar su və kənd təsərrüfatı sektorları, kiber təhlükəsizlik, mühəndislik, maliyyə və səhiyyə sahələrində fəaliyyət göstərən nəhəng şirkətləri təmsil edirlər. Digər tərəfdən, ölkəmizdə keçiriləcək Azərbaycan–İsrail biznes-forumuna da vurğu var idi. Bu forum ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verəcək. Bu sammitlər və forumlar gələcək əməkdaşlıq üçün zəmin yaradaraq qarşılıqlı investisiyaların artırılmasını hədəfləyir.

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və israilli həmkarı Gideon Saar ilə keçirilən brifinq də iqtisadi perspektivlər baxımından olduqca zəngin idi. Nəzərə alsaq ki, hazırda Azərbaycanda İsrail investisiyalı 130 kommersiya qurumu fəaliyyət göstərir və qarşılıqlı investisiyaların dəyəri təxminən 600 milyon dollardır. Cari ildə Azərbaycan ilə İsrail arasında ticarət dövriyyəsi isə 78 milyon dollardır. Yanvar-noyabr aylarında Azərbaycanın İsrailə qeyri-neft ixracı 27 faiz artaraq 2024-cü ilin eyni dövründəki 16 milyon dollardan təxminən 20,3 milyon dollaradək artıb.

İsrail xarici işlər nazirinin ölkəmizə səfəri Azərbaycan-İsrail biznes forumunun keçirilməsi çərçivəsində də olduqca əlamətdardır. Qeyd edək ki, forumda Azərbaycanın Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə İsrail İstehsalçılar Assosiasiyası (MAI) arasında Anlaşma Memorandumu imzalandı. Memorandumda iki ölkə arasında biznes missiyalarının səfərlərinin təşkili, qarşılıqlı investisiyaların yatırılması ilə bağlı araşdırmalar, B2B görüşlərin keçirilməsi, özəl sektor arasında əməkdaşlıq imkanlarının inkişafı və təcrübə mübadiləsinin həyata keçirilməsi və sair əməkdaşlıq istiqamətləri nəzərdə tutulur.

Münasibətlərdə, daha çox, enerji sektoru strateji əhəmiyyət kəsb edir. Türkiyə – Gürcüstan – Azərbaycan boru kəməri vasitəsilə Azərbaycan nefti İsrailə tədarük edilir. Azərbaycan Dövlət Neft Şirkəti ötən il İsrailin Aralıq dənizindəki Tamar qaz yatağında 10 faizlik pay alması da buna əyani misaldır. Bu yataq İsrailin elektrik enerjisinin təxminən 60–70 faizini ödəyir. SOCAR artıq BP və İsrailin “NewMed Energy” şirkəti ilə birgə İsrailin Xüsusi İqtisadi Zonasının blokları üzrə qaz kəşfiyyat lisenziyalarına malikdir. Bu addımlar Azərbaycanı Aralıq dənizindəki enerji layihələrinə daxil edir və regionda yeni ixrac yolları üzərində işləməyə imkan yaradır. Həmçinin, BTC kəməri vasitəsilə Azərbaycan nefti mütəmadi olaraq İsrailə nəql edilir. Enerji əməkdaşlığı digər istiqamətlərdə də özünü doğruldur. Məsələn, hər iki tərəf gələcəkdə bərpa olunan enerji (günəş, külək) və dayanıqlı texnologiyalar sahəsində yeni layihələrə üstünlük verməyi planlaşdırır.

Strateji tərəfdaşlıq enerji ilə məhdudlaşmır – yüksək texnologiyalar və startap sahəsində də sıx əlaqələr qurulur. Azərbaycan İnvestisiya Şirkəti ilə İsrailin “OurCrowd” investisiya platforması arasında 15 milyon ABŞ dolları məbləğində əməkdaşlıq sazişi imzalanıb. Bu anlaşma Azərbaycan startaplarına birbaşa investisiya cəlb etmək və onların sürətli inkişafını təmin etmək məqsədi daşıyır. Layihənin hədəf sahələri arasında energetika, səhiyyə texnologiyaları (healthtech), aqrar texnologiyalar (agtech), ərzaq texnologiyaları, təhsil texnologiyaları və kibertəhlükəsizlik var. Bu platforma vasitəsilə Azərbaycanın innovativ gənc şirkətləri İsrailin təcrübəli investorlarından mentorluq və maliyyə dəstəyi alacaq, ölkəmizin iqtisadiyyatında texnologiya transferini artıracaq.

Sənaye və texnologiya sahəsində digər mühüm addımlardan biri də İnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə İsrail Kosmik Sənayesi arasında imzalanan anlaşmadır. Bu memorandum çərçivəsində Azərbaycanda Yüksək Texnologiyalar Mərkəzi yaradılacaq, süni intellekt, kvant texnologiyaları, davamlı kosmik və enerji texnologiyaları üzrə birgə layihələr icra olunacaq. Bu kimi təşəbbüslər Azərbaycanı sənaye 4.0, “ağıllı şəhər” və kibertəhlükəsizlik sahələrində öncü hesab edilən İsrailin bilik və texnologiyaları ilə təmin edir.

İqtisadi əlaqələrin daha bir dayağı da şübhəsiz, turizmlə bağlıdır. 2025-ci ildə ötən illə müqayisədə Azərbaycana İsraildən gələn turistlərin sayı 2 dəfədən çox artıb. Birbaşa uçuş marşrutlarının çoxalması və vizaların sadələşdirilməsi bu artıma şərait yaradan amillərdəndir. İsrailli turistlər Azərbaycanı yeni və cəlbedici istiqamət kimi kəşf edirlər. Onlar Bakı şəhərinin tarixi məkanlarını, ölkəmizin bölgələrini və xüsusilə Quba rayonundakı dağ yəhudilərinin yaşayış məntəqəsi olan Qırmızı Qəsəbəni maraqla ziyarət edirlər. Eyni zamanda, azərbaycanlı turistlərin də İsrailin Tel-Əviv, Hayfa kimi şəhərlərinə səfərləri artmaqdadır. Turizm mübadiləsinin güclənməsi xalqlar arasında dostluq və qarşılıqlı anlayışı dərinləndirməklə yanaşı, iqtisadi fayda da gətirir.

Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı

Azərbaycan və İsrail arasında uzunmüddətli və davamlı bir tərəfdaşlıq formalaşıb. Nəzərə alsaq ki, iki ölkə arasındakı əlaqələr möhkəm təməllərə əsaslanır, bu əməkdaşlıq həm iqtisadiyyat, həm enerji, həm də bir sıra digər sahələri əhatə edərək getdikcə daha da gücləndirilir.

Ən vacib istiqamətlərdən biri, şübhəsiz ki, iqtisadi və enerji sahəsindəki əməkdaşlıqdır. Enerji sahəsində kifayət qədər ciddi əməkdaşlıq imkanları mövcuddur. Cənab Prezidentin Davos İqtisadi Forumundakı çıxışında da qeyd etdiyi kimi, Azərbaycan “ikinci neft bumunu” yaşaya bilər. Söhbət neft hasilatının artırılmasından gedir və təbii ki, İsrailin də bu sahədə, xüsusən də Azərbaycan neftinə olan tələbatı mövcuddur.

Bu baxımdan, ölkələr arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsi və Azərbaycan enerji məhsullarının İsrailə daha geniş şəkildə ixrac edilməsi üçün real imkanlar var. İqtisadi sahədə də potensial kifayət qədər böyükdür. Bir tərəfdən, kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və İsrailin qabaqcıl təcrübəsindən daha fəal istifadə edilməsi vacibdir. Digər tərəfdən, İsrail texnologiya və innovasiyanın transferi baxımından vacib tərəfdaşlardan biridir. Xüsusilə nəzərə alsaq ki, İsrail bu sahədə dünyada seçilən ölkələrdən biridir.

Bu xüsusda, sənayeləşmə prosesində İsrail texnologiyalarının transferindən daha geniş istifadə imkanları mövcuddur. Bütün bu amillər ölkələr arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə səbəb olur. Eyni zamanda, İsrail Azərbaycanın bir sıra məhsullarını ixrac etmək baxımından da əhəmiyyətli bazarlardan birinə çevrilə bilər.

İki ölkə arasında iqtisadi və ümumilikdə əməkdaşlığın gücləndirilməsi potensialı kifayət qədər böyükdür. Mövcud gedişat onu göstərir ki, qarşılıqlı səfərlər, aparılan müzakirələr, əldə edilən razılaşmalar və imzalanan sənədlər Azərbaycan–İsrail iqtisadi münasibətlərinin daha da dərinləşməsinə xidmət edəcək.

Nurlan ABDALOV
XQ

Seçilən
14
xalqqazeti.az

1Mənbələr