AZ

Ortaq maraqlara əsaslanan əməkdaşlıq

Azərbaycan və İsrail arasında siyasi, iqtisadi və hərbi sahələrdə ardıcıl şəkildə inkişaf edən münasibətlər son illər Yaxın Şərq–Cənubi Qafqaz xəttində formalaşan yeni geosiyasi reallıqlar fonunda xüsusi əhəmiyyət kəsb edir. İki ölkə qarşılıqlı münasibətlərini praqmatik yanaşma, suverenliyə hörmət və milli maraqların uzlaşdırılması prinsipləri üzərində qurur. Əməkdaşlığı təkcə ikitərəfli çərçivədə deyil, daha geniş regional və qlobal kontekstlərdə də dərinləşdirməyə çalışılır.

İki ölkə arasında siyasi dialoqun intensivliyi münasibətlərin institusional xarakter aldığını göstərir. İsrailin xarici işlər naziri Gideon Saarın rəhbərlik etdiyi nümayəndə heyətinin Bakı səfəri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Görüş çərçivəsində iki ölkə arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari, enerji, turizm və digər sahələrdə uğurlu inkişafı vurğulandı. Həmçinin kənd təsərrüfatı, su resurslarının idarə olunması, yüksək texnologiyalar, süni intellekt sahələrində əməkdaşlıq məsələləri qeyd edildi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığın dərinləşdirilməsi işinə verdiyi töhfəyə toxunuldu. Digər tərəfdən, səfər çərçivəsində keçirilən Azərbaycan–İsrail biznes-forumunun ölkələr arasında iqtisadi-ticari əlaqələrin inkişafına təkan verəcəyi qeyd edildi. İsrail XİN başçısı sonda Azərbaycanda yəhudi icmasına dövlət səviyyəsində göstərilən qayğıya görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Son dövrlər iki ölkə arasında yüksək səviyyəli görüşlərin intensivləşməsi əlaqələrin getdikcə dərinləşdiyini deməyə əsas verir. Ötən həftə Azərbaycan və İsrail liderləri– İlham Əliyev və İsxak Hersoq Davos İqtisadi Forumu çərçivəsində keçirilən görüşü ikitərəfli münasibətlərin qlobal gündəmlə uzlaşdırılması baxımından mühüm siyasi mesaj kimi dəyərləndirilə bilər. Davos kimi qlobal platformada aparılan müzakirələr göstərdi ki, Bakı və Təl-Əviv münasibətləri təkcə regional maraqlar prizmasından deyil, beynəlxalq enerji təhlükəsizliyi, texnoloji transformasiya və geosiyasi sabitlik kontekstində də nəzərdən keçirir. Bu görüşlər həm də Azərbaycanın artan beynəlxalq nüfuzunun və İsrailin Cənubi Qafqaz siyasətində Bakıya verdiyi xüsusi önəmin göstəricisidir. Davosda aparılan dialoq tərəflərin qlobal iqtisadi və siyasi çağırışlara oxşar praqmatik yanaşma sərgilədiyini bir daha təsdiqlədi.

Bakı–Tel-Əviv əlaqələrinin əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, bu münasibətlər konkret maraqlara, real təhlükəsizlik çağırışlarına və qarşılıqlı faydaya əsaslanır. Enerji təhlükəsizliyi, müdafiə qabiliyyətinin gücləndirilməsi, texnoloji modernləşmə və iqtisadi şaxələndirmə kimi sahələr iki ölkənin strateji gündəliyində üst-üstə düşür. Təkcə onu demək kifayət edər ki, bu gün Azərbaycan 124 İsrail şirkəti ilə əməkdaşlıq edir.

Azərbaycan–İsrail münasibətlərinin həssas, eyni zamanda, strateji istiqamətlərindən biri hərbi-texniki əməkdaşlıqdır. 1990-cı illərdə əsası qoyulan əməkdaşlıq bu gün inkişaf edərək milyardlarla dollarlıq silah müqavilələrini, enerji asılılığını və yüksək texnologiyalar üzrə birgə layihələri əhatə edir. 2016–2021-ci illərdə Azərbaycanın silah idxalının 69 faizi İsrailin payına düşüb. Xüsusilə 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın istifadə etdiyi İsrail istehsalı kamikadze pilotsuz uçuş aparatları və kəşfiyyat dronları döyüş əməliyyatlarının gedişində həlledici rol oynayıb. Hazırda əməkdaşlıq əsasən hava hücumundan müdafiə və radioelektron mübarizə, pilotsuz uçuş aparatları, peyk kəşfiyyatı və birgə istehsal istiqamətləri üzrə inkişaf edir.

İki ölkə arasında əməkdaşlıq süni intellekt sahəsində də getdikcə genişlənir və bu, artıq təkcə təhlükəsizlik gündəliyi ilə məhdudlaşmır. İsrailin startap ekosistemi və rəqəmsal innovasiyalar üzrə qabaqcıl təcrübəsi Azərbaycanın rəqəmsal iqtisadiyyatın qurulması və texnoloji inkişaf strategiyası ilə uzlaşır. Cari il yanvarın 8-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszla keçirilən görüş iki ölkə arasında bu sahədə əməkdaşlığın dərinləşdiyini göstərir. Görüşdə Birgə Komissiyanın son iclasında razılaşdırılmış məsələlər üzrə görülən işlər, İsrailin “Technion” İnstitutu ilə birgə yaradılan Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyəti, eləcə də İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərkosmos və IAI-nin əməkdaşlığı ilə təsis edilmiş “Vistar” Mükəmməllik Mərkəzinin rolu müzakirə olunub. Tərəflər şəhər mobilliyi, nəqliyyatın rəqəmsallaşdırılması, süni intellekt, startap ekosisteminin inkişafı, kibertəhlükəsizlik və rəqəmsal bacarıqlara malik insan kapitalının formalaşdırılması kimi prioritet istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi perspektivlərini dəyərləndiriblər. Bu isə o deməkdir ki, Azərbaycan–İsrail tərəfdaşlığı texnologiya və innovasiya əsaslı, uzunmüddətli iqtisadi və institusional müstəvidə də kifayət qədər sürətlə inkişaf edir.

Ümumilikdə, Azərbaycan–İsrail münasibətləri klassik diplomatik əməkdaşlıq modelindən çıxaraq strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Bu münasibətlərin gücü tərəflərin bir-birinə ideoloji deyil, rasional və maraqlara əsaslanan yanaşmasından qaynaqlanır. Məhz bu praqmatizm əlaqələrin regional təlatümlərə baxmayaraq davamlı və dayanıqlı olmasını təmin edir. Mövcud geosiyasi şəraitdə Azərbaycan–İsrail əməkdaşlığı həm regional sabitliyə, həm də qlobal enerji və təhlükəsizlik arxitekturasına töhfə verən mühüm amil kimi çıxış edir. Bu baxımdan, iki ölkə arasında inkişaf edən əlaqələr yalnız bu günün deyil, uzunmüddətli strateji gələcəyin mühüm sütunlarından biri hesab edilə bilər.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı,
Azərbaycan–İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, politoloq

Mənim də üzvü olduğum Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun Gideon Saar və digər şəxslərlə Milli Məclisdə görüşümüz kifayət qədər məhsuldar oldu. İsrailin XİN başçısı və nümayəndə heyəti Azərbaycan–İsrail münasibətlərini olduqca yüksək qiymətləndirdi və bu mövqe Azərbaycanın yanaşması ilə üst-üstə düşür.

Bizim energetika, hərbi sənaye, su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı, kibertəhlükəsizlik və səhiyyə sahələrində son dərəcə uğurlu və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığımız mövcuddur və hesab edirəm ki, bu əməkdaşlıq gələcəkdə də qorunub saxlanılacaq. Bununla yanaşı, qeyd etmək istərdim ki, Azərbaycanın neft şirkəti SOCAR İsrailin enerji resurslarının istismarında iştirak edir və bu iştirakın genişləndirilməsi planlaşdırılır. Bu isə, düşünürəm ki, iki ölkə arasında qarşılıqlı investisiyaların artması üçün yeni imkanlar açacaq.

Parlamentlərarası əlaqələrimiz yüksək səviyyədədir. Demək olar ki, hər il bir neçə dəfə nümayəndə heyətimiz İsraildə, Knessetdə səfərdə olur. Eyni zamanda, Knessetdən gələn nümayəndələr Milli Məclisdə olur, görüşlər keçiririk. Əlaqələrimiz həm bu səfərlər çərçivəsində, həm də onlayn formatda davam edir.

Səfirliklər vasitəsilə də sıx əməkdaşlıq mövcuddur və dostluq qrupları arasında ən fəal qurumlardan biri məhz Azərbaycan–İsrail, Milli Məclis–Knesset işçi qrupudur. Şəxsən mən özüm bu xətt üzrə üç-dörd dəfə İsraildə olmuşam, Knessetdə həmkarlarımızla görüşlər keçirmişəm. Qeyd etmək istərdim ki, İsraildə parlament qrupları və siyasi partiyalar arasında kifayət qədər sərt mübarizə mövcud olsa da, Azərbaycanla münasibət məsələsində, demək olar ki, bütün tərəflər eyni mövqedən çıxış edirlər. Azərbaycan–İsrail dostluq qrupunda bütün siyasi partiyaların nümayəndələri təmsil olunur və onlar bu münasibətlərin qorunub saxlanılmasının və inkişaf etdirilməsinin tərəfdarıdırlar.

Məhz buna görə hesab edirəm ki, cənab Saarın və onu müşayiət edən böyük biznes və işgüzar dairələrin nümayəndələrinin Azərbaycana səfəri faydalı oldu. Mənim fikrimcə, ikitərəfli münasibətlərin genişlənmə perspektivləri hər iki tərəf üçün faydalı olacaq.

Tacir SADIQOV
XQ

Seçilən
29
1
xalqqazeti.az

2Mənbələr