AZ

Evə sərxoş vəziyyətdə gələrək arvadını döyən şəxs: “Atmacalı sözlər işlətdi...”

Şəmkir Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Tahir Əsədovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


İttihama əsasən, hadisə 22 dekabr 2025-ci il tarixdə, saat 17:30 radələrində Şəmkir rayonu ərazisində qeydə alınıb.


Belə ki, Tahir Əsədov yaşadığı evdə keçmiş arvadı, zərərçəkmiş Pərixanım Məmmədova (adı, soyadı şərtidir) ilə aralarında yaranmış mübahisə zamanı qadının baş nahiyəsinə yumruqla bir neçə dəfə zərbə endirib, həmçinin saçından dartaraq ona xəsarət yetirib. Nəticədə zərərçəkmiş şəxsin başın tüklü hissəsinin sol gicgah nahiyəsində dərialtı hematoma yaranıb və bu da sağlamlığın qısa müddətə pozulması ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirilib.


Məhkəmə istintaqı zamanı Tahir Əsədov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində deyib ki, Pərixanım onun keçmiş arvadıdır. Onlar rəsmi olaraq ayrılsalar da, eyni evdə yaşamağa davam ediblər. Hadisə günü evə sərxoş vəziyyətdə gəldiyini, zərərçəkmiş şəxsin onun bu halını görərək atmacalı sözlər işlətdiyini və bu səbəbdən aralarında mübahisə yarandığını deyib. Mübahisə zamanı əli ilə zərərçəkmiş şəxsin başından itələdiyini, bunun nəticəsində xəsarət almış ola biləcəyini bildirib.


Təqsirləndirilən şəxs sonradan əməlindən peşman olduğunu, Pərixanımdan üzr istədiyini, ona dəymiş maddi və mənəvi ziyanı ödədiyini, tərəflərin barışdığını qeyd edib. O, bir daha cinayət törətməyəcəyinə söz verərək, məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib.


Məhkəmədə Pərixanım Məmmədova da ifadəsində təqsirləndirilən şəxsin keçmiş əri olduğunu, ayrılsalar da Şəmkir rayonunda eyni evdə yaşadıqlarını təsdiqləyib. O bildirib ki, Tahir spirtli içki qəbul etdikdən sonra evdə aqressiv davranır. Hadisə günü təqsirləndirilən şəxsin sərxoş vəziyyətdə evə gəldiyini, onu evdən çıxarmaq istədiyini və bu səbəbdən mübahisə yarandığını deyib. Mübahisə zamanı Tahir yumruqla onun baş nahiyəsinə bir neçə dəfə vurduğunu və saçından dartaraq xəsarət yetirdiyini qeyd edib.


Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxsi bağışladığını, tərəflər arasında barışıq əldə olunduğunu, ona qarşı şikayət və tələbinin olmadığını söyləyərək, məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib.


Kamal Məmmədov 

Tarix: 27 Yanvar 2026, 08:35   
Seçilən
13
pravda.az

1Mənbələr