AZ

Almaniya və Danimarka Baltik dənizində enerji habı yaradacaq

Bornholm adasında ofşor külək enerjisinin ötürülməsi üçün birgə mərkəz qurulması planlaşdırılır...

Poliqon xəbər verir ki, Almaniya və Danimarka Hamburqda keçirilən Şimal dənizi ölkələrinin sammiti çərçivəsində Baltik dənizində enerji habının yaradılması və birgə istismarı barədə razılıq əldə ediblər. DPA agentliyinin məlumatına görə, saziş Almaniyanın iqtisadiyyat və energetika naziri Katerina Rayxe ilə Danimarkanın iqlim, energetika və kommunal xidmətlər naziri Lars Aaqard arasında aparılan danışıqların nəticəsi olaraq imzalanıb.

Razılaşmaya əsasən, Baltik dənizində yerləşən Bornholm adasında enerji qovşağı yaradılacaq. Bu mərkəz dənizdə yerləşən ofşor külək elektrik stansiyalarında istehsal olunan enerjinin Almaniya və Danimarkanın enerji sistemlərinə ötürülməsi üçün nəzərdə tutulur. Tərəflər layihənin reallaşdırılması üçün zəruri infrastrukturun tikintisi və texniki xidmət xərclərini birgə maliyyələşdirmək barədə də razılığa gəliblər.

Məlumata görə, söhbət yalnız ikitərəfli layihədən getmir. DPA-nın qeyd etdiyinə görə, sammit çərçivəsində Belçika, Danimarka, Fransa, İrlandiya, İslandiya, Lüksemburq, Niderland, Norveç və Böyük Britaniyanın energetika nazirləri də regionda külək energetikasının inkişafına yönəlmiş ayrıca saziş imzalayıblar. Gözləntilərə əsasən, 2030-cu ilədək bu sahəyə təxminən 9,5 milyard avro həcmində investisiya yatırılacaq.

Analitiklər hesab edirlər ki, Baltik və Şimal dənizlərində ofşor külək enerjisi üzrə iri layihələr Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə, fosil yanacaqlardan asılılığın azaldılmasına və iqlim hədəflərinə çatmağa mühüm töhfə verə bilər.

Poliqon.info

Seçilən
59
poliqon.info

1Mənbələr