AZ

Valideyn övladdan aliment tələb edə bilər?

Valideynlərin övladlarından aliment tələb edib-edə bilməməsi cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardandır.

Bəs bu məsələ qanunda necə müəyyən edilir?

Vəkil Fariz Namazlı metbuat.az-a açıqlamasında bildirib ki, ailə qanunvericiliyinə görə, müəyyən şərtlərlə valideynlərin öz övladlarından aliment tələb etmək hüququ var:

"Birincisi, övlad yetkinlik yaşına çatmış və əmək qabiliyyətli olmalıdır, ikincisi, valideyn maddi yardıma ehtiyacı olan və əmək qabiliyyəti olmayan şəxs olmalıdır. Əgər valideyn əmək qabiliyyətlidirsə və ya maddi yardıma ehtiyacı yoxdursa, bu halda övladından aliment tələb edə bilmir. Məsələn, valideyn pensiya alır və pensiyası yüksəkdirsə, bu halda aliment tələb edə bilmir. Bu da uşaqlara valideyn tərəfindən ödənilən aliment qaydalarından fərqlənir. Valideyn hər bir halda, hətta valideynlik hüquqlarından məhrum edilibsə belə, maddi imkanı zəif olsa belə, yetkinlik yaşına çatmayan övladını saxlamalıdır. Lakin valideynlərə övladları tərəfindən aliment ödənilməsi şərtləri yuxarıda göstərilən qaydadadır".

F.Namazlının sözlərinə görə, valideyn valideynlik hüquqlarından məhrum edilibsə, övlad ona aliment ödəməkdən azad edilir. Həmçinin valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər:

"Əgər tərəflər arasında qarşılıqlı razılaşma yoxdursa, aliment məhkəmə qaydasında tutulur. Məhkəmə valideynlər üçün aliment təyin edərkən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində aliment təyin edir".

Vəkil qeyd edib ki, yetkinlik yaşına çatmış övladlar əlavə xərclərin çəkilməsinə də cəlb edilə bilər:

"Əgər valideynlər ağır xəstəliyə tutulubsa, əlilliyi varsa, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəlirsə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər".

Seçilən
18
1
sportinfo.az

2Mənbələr