AZ

“Hindistanla Azərbaycan arasında dərin mədəni əlaqələr mövcuddur” - SƏFİR

Yazını böyüt
Yazını kiçilt

Bu gün Hindistanın 77-ci Respublika Günü münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub. Azərbaycan rəsmilərinin, diplomatik korpusun və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə öncə Azərbaycan və Hindistanın dövlət himnləri səsləndirilib.

Hafta.az yazır ki, çxış edən Hindistanın ölkəmizdəki səfiri Sridharan Madhusudhanan bildirib ki, qeyd edilən bu mühüm tarix Hindistanın demokratik institutlarının davamlı gücünü bir daha nümayiş etdirir.

“Bu gün Hindistan vətəndaşları üçün Konstitusiyamızın əsas idealları olan - ədalət, azadlıq, bərabərlik və qardaşlıq - üzərində düşünmək və bu prinsiplərə sadiqliyi bir daha təsdiqləmək üçün milli əhəmiyyət daşıyan bir gündür. Hindistan qlobal ticarət gərginlikləri, tariflər, davam edən inflyasiya və geosiyasi qeyri-müəyyənliklər kimi çağırışlara baxmayaraq, cari maliyyə ilində 7,4 faiz ÜDM artımı ilə dünyanın ən sürətlə inkişaf edən əsas iqtisadiyyatlarından biri olaraq qalmaqdadır. Siyasi sabitlik, güclü daxili tələbat, vaxtında həyata keçirilən islahatlar, eləcə də xidmət və istehsal sektorlarının aparıcı rolu Hindistanı yüksək artım yolunda irəlilətməkdədir. Bu, təkcə bugünkü gücümüzü deyil, həm də inklüziv inkişaf vizyonumuzu simvolizə edir”, - diplomat deyib.

Səfir qeyd edib ki, Hindistanla Azərbaycan arasında dərin sivilizasiya və mədəni əlaqələr mövcuddur və bu əlaqələr 2025-ci ildə baş tutmuş bir sıra yüksək səviyyəli qarşılıqlı səfərlər vasitəsilə daha da möhkəmlənib.

“Hindistanın Baş Nəzarətçi və Auditoru İdarəsinin (CAG) nümayəndə heyəti 17–18 iyul 2025-ci il tarixlərində Asiya Ali Audit Qurumları Təşkilatının (ASOSAI) 62-ci İdarə Heyəti iclasında və ASOSAI–AROABOSAI (Ərəb Ali Audit Qurumları Təşkilatı) ilə ilk birgə iclasında iştirak etmək üçün Azərbaycana səfər edib. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sədri qismində Azərbaycan, AQEM-in Beyin Mərkəzləri Forumunun üzvü olan Hindistan Beynəlxalq Münasibətlər Şurasını 2026–2027-ci illər üçün AQEM-in Beyin Mərkəzləri Forumunun sədri təyin edib” deyən səfir Sridharan Madhusudhanan bildirib ki, Hindistan il ərzində Azərbaycan tərəfindən ev sahibliyi edilən AQEM çərçivəsində müxtəlif tədbirlərdə iştirak edib. Bunlara fevralda Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası, may ayında Biznes Şurasının Plenar Sessiyası və AQEM Biznes Forumu, sentyabrda Beyin Mərkəzləri Forumu və Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası, noyabrda isə AQEM Gənclər Şurası və əlaqədar tədbirlər daxildir.

Səfir xatırladıb ki, ötən ilin noyabrında, Hindistanın Rabitə və Kənd Təsərrüfatının İnkişafı üzrə Dövlət Nazirinin rəhbərlik etdiyi Hindistan nümayəndə heyəti Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransında (WTDC-25) iştirak edib.

“İqtisadi tərəfdaşlığımız sabit kursu qoruyur. 2025-ci ildə ikitərəfli ticarət dövriyyəsi 400 milyon dolları keçib. Davamlı maliyyə əlaqələri Hindistanın aparıcı neft və qaz şirkəti olan ONGC Videsh Ltd-nin (OVL) “Azəri–Çıraq–Günəşli” (AÇG) neft-qaz yatağında və Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri şirkətində uzunmüddətli investisiyaları ilə daha da möhkəmlənib. Hindistanla Azərbaycan arasında mədəni əlaqələr inkişaf etməkdə davam edir. Hind musiqisi, rəqsi və digər incəsənət növləri Azərbaycanda populyar olaraq qalır. Hindistan icma təşkilatlarının dəstəyi ilə biz orta hesabla ayda bir dəfə olmaqla çoxsaylı mədəni tədbirlər təşkil edirik və bu tədbirlərə yüzlərlə iştirakçı qatılır”, - səfir deyib.

Cənab Madhusudhanan qeyd edib ki, xalqlararası əlaqələr Hindistanla Azərbaycan arasında birbaşa aviaəlaqələrin genişlənməsi sayəsində güclənib: qısa müddət ərzində reyslərin sayı 2023-cü ildə həftədə 3-dən 2024-cü ildə həftədə 14-ə yüksəlib. Hazırda isə tərəflər uçuşların sayının həftədə 42-yə çatdırılması barədə razılığa gəlib. Eyni zamanda, artan aviaəlaqələr ticarət münasibətlərimizin genişlənməsinə və xalqlararası təmasların güclənməsinə mühüm stimul verib.

Səfir bildirib ki, Hindistan-Azərbaycan münasibətləri təhsil sahəsində mübadilələr vasitəsilə də möhkəmlənməkdədir. Hazırda Azərbaycanda təhsil alan təxminən 400 hindistanlı tələbə var. Bu cür mübadilələr gələcək əməkdaşlıq və qarşılıqlı inkişaf üçün böyük imkanlar yaradır.

“Hindistanlılar hara gedirsə, biz harada yaşayırıqsa, müxtəlifliyə hörmət edirik. Biz yerli mədəniyyət və ənənələrə uyğunlaşırıq. Azərbaycandakı fəal Hindistan icması iki ölkə xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində mühüm rol oynayan, birgəyaşayış və əməkdaşlığın canlı nümunəsidir”, - diplomat çıxışını tamamlayıb.

Daha sonra tədbir oynaq hind rəqslərinin müşayiəti ilə davam edib.

Seçilən
37
1
hafta.az

2Mənbələr