Körfəz ölkələri Vaşinqtonun mümkün hərbi planlarından uzaq durmaq niyyətində olduqlarını açıqlayıb...
Poliqon xəbər verir ki, Səudiyyə Ərəbistanı və Qətər ABŞ-nin öz ərazilərində yerləşən hərbi bazalarından istifadə etməklə İrana qarşı hər hansı hücum həyata keçirməsinə icazə verməyəcəklərini bəyan ediblər. Bu mövqe Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin kəskinləşdiyi və ABŞ–İran qarşıdurmasının yeni mərhələyə keçdiyi bir vaxtda açıqlanıb.
Məlumata görə, Riyad və Doha regionda genişmiqyaslı hərbi eskalasiyanın qarşısını almağa çalışır və belə bir ssenarinin Körfəz ölkələrinin təhlükəsizliyinə, enerji infrastrukturlarına və iqtisadi sabitliyinə ciddi risklər yaradacağından narahatdır.
İran mənbələrinin bildirdiyinə görə, son günlər Tehran Fars körfəzi ölkələrinə son dərəcə ciddi və açıq xəbərdarlıq mesajları ötürüb. Bu siqnalların mahiyyəti ondan ibarətdir ki, ABŞ-nin İrana qarşı mümkün hücumu regionda nəzarətdən çıxan gərginliyə səbəb ola bilər.
İran tərəfi xüsusilə vurğulayıb ki, əgər ABŞ-nin hərbi əməliyyatları Körfəz ölkələrinin ərazilərindən həyata keçirilərsə, bu halda Dubay və Doha kimi strateji əhəmiyyətli şəhərlərin təhlükəsizliyinə zəmanət verilə bilməz. Bu xəbərdarlıq region paytaxtlarında ciddi narahatlıq doğurub.
Analitiklərin fikrincə, Səudiyyə Ərəbistanı və Qətərin bu mövqeyi ABŞ-nin regiondakı hərbi manevr imkanlarını məhdudlaşdıra bilər. Körfəz ölkələri birbaşa münaqişəyə cəlb olunmaqdan yayınmağa və mümkün cavab zərbələrinin hədəfinə çevrilməməyə çalışırlar.
Ekspertlər hesab edirlər ki, mövcud vəziyyət Yaxın Şərqdə yeni diplomatik balans axtarışlarının başlanğıcı ola bilər. Körfəz ölkələri bir tərəfdən ABŞ ilə strateji tərəfdaşlığı qorumağa, digər tərəfdən isə İranla açıq qarşıdurmadan uzaq durmağa üstünlük verirlər.
Poliqon.info