AZ

BMT-nin Baş katibi:İslahat zəruridir

Dünyada qanunun aliliyi getdikcə cəngəllik qanunları ilə əvəz olunur.

“İki sahil” xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quterreş Təhlükəsizlik Şurasının beynəlxalq hüququn aliliyinə həsr olunmuş açıq debatında çıxışı zamanı deyib.

Baş katib son illərdə qlobal hüquq sisteminin zəifləməsi ilə bağlı ciddi xəbərdarlıq edib. O bildirib ki, qanunun aliliyi qlobal sülh və təhlükəsizliyin təməl daşıdır.

Quterreş xatırladıb ki, son 80 ildə formalaşmış beynəlxalq hüquq sistemi bəşəriyyətin böyük fəlakətdən qorunmasına kömək edib: "Bu sistem bəşəriyyətə Üçüncü Dünya müharibəsindən yayınmağa kömək edib".

Onun sözlərinə görə, mövcud qaydalar güc tətbiqini qadağan edir və bütün dövlətləri eyni hüquqi çərçivəyə bağlayır.

Təşkilat rəhbəri əlavə edib ki, beynəlxalq hüquq xüsusilə zəif ölkələr üçün həyati əhəmiyyət daşıyır: "Beynəlxalq hüquq zəif və az güclü ölkələr üçün bərabərlik, suverenlik və ədalət vəd edən həyat xəttidir".

Baş katibin fikrincə, hazırda dünyada təhlükəli tendensiya müşahidə olunur: "Dünyada qanunun aliliyi getdikcə cəngəllik qanunları ilə əvəz olunur".

A.Quterreş qeyd edib ki, qanunsuz güc tətbiqi, mülki infrastrukturun hədəfə alınması və humanitar yardımın əngəllənməsi təhlükəli presedentlər yaradır. Bu proseslərin nəticəsi olaraq isə dövlətlər arasında etimadsızlıq və parçalanma yaranır.

Baş katib Təhlükəsizlik Şurasının rolunu xüsusi vurğulayıb: "Sülh və təhlükəsizlik məsələlərində bütün üzv dövlətlər adından qərar qəbul etmək səlahiyyətinə malik yeganə orqan Təhlükəsizlik Şurasıdır. Məhz buna görə islahat zəruridir".

BMT rəsmisi dövlətlərə açıq çağırış edib: "BMT Nizamnaməsinin məqsəd və prinsipləri seçimlik deyil. Mübahisələr sülh yolu ilə həll edilməli, insan hüquqları qorunmalı və beynəlxalq hüquqa riayət olunmalıdır. Davamlı sülh yalnız beynəlxalq hüquqa əsaslandıqda mümkündür və münaqişələrin səbəbləri aradan qaldırılmadan real sabitliyə nail olmaq mümkün deyil".

Seçilən
43
3
ikisahil.az

4Mənbələr